Logo

Xocalı soyqırımının ildönümü münasibəti ilə ADPU rektorunun müraciəti

26.02.2021 15:23 758 baxış
IMG

Xocalı soyqırımının 29-cu ildönümü münasibəti ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərovun nitqi

 

Hörmətli həmkarlar! Əziz tələbələr!

 

Bu gün xalqımızın və dövlətimizin tarixində olduqca ağır hadisələrdən biri, əsrin faciəsi adlandırılan Xocalı soyqırımının törədilməsindən 29 il ötür. Azərbaycan xalqının azadlıq yaddaşına qanla yazılan və silinməz izlər qoyan bu misilsiz faciə insanlıq adına yaxılmış qara ləkə kimi əsrlər keçsə də, tarixdən silinməyəcəkdir.

 

XX əsrin sonlarında keçmiş sovetlər məkanında baş verən çalxalanmaları fürsət bilən ermənilər yenidən öz məkrli planlarının icrasına başlayaraq Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) ərazi iddiaları ilə çıxış edərək Azərbaycan xalqı və dövlətinə qarşı təxribatçı hərəkətlərə başladılar. Getdikcə daha da şiddətlənən iddialar fonunda Azərbaycan xalqına qarşı alovlandırılan bu haqsız münaqişənin nəticəsində Azərbaycan ərazilərinin 20 %-i işğal olundu, 1 milyona yaxın soydaşımız öz dədə-baba yurdlarından didərgin düşdü.

 

Erməni xislətinin ən dəhşətli təzahürlərindən biri də heç şübhəsiz Xocalıda yaşandı. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə torpaqlarımıza göz dikmiş mənfur erməni qəsbkarları müdafiəsiz qalan Xocalıya üç tərəfdən hücuma keçərək şəhəri ağır artilleriyadan gülləbarana tutdular. Nəticədə xalqımızın mərd övladları tərəfindən son nəfəslərinədək müdafiə olunsa da, o gecə Xocalıda əsl soyqırımı yaşandı. 613 günahsız sakin vəhşicəsinə qətlə yetirildi. Onlardan 106-sı qadın, 70-i qoca, 63-ü uşaq idi. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb, 150 nəfərinsə taleyi hələ də məlum deyil.

 

Lakin bütün bu ağrı-acılara baxmayaraq, xalqın ağır günündə müdrik Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevi siyasi hakimiyyətə gətirdi. Nəticədə 1993-cü ildən etibarən yenidən ayağa qalxan, öz şanlı dövlətçilik əsaslarını yenidən möhkəmləndirən Azərbaycan böyük inkişaf yolu keçdi. Ötən 30 ilə yaxın müddətdə Azərbaycan dövləti ulu öndər Heydər Əliyev və möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ictimai-sosial, siyasi-iqtisadi həyatın bütün sferalarında əzmlə irəliləməklə yanaşı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması da xarici siyasətimizin dönməz xətlərindən biri oldu. Bunun nəticəsidir ki, 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə müntəzəm aparılan “Xocalıya Ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində Xocalı soyqırımının təbliği istiqamətində xeyli əməli addımlar atıldı.

 

Nəhayət, cənab Prezident, müzəffər Ali Baş Komandanın uzunmüddətli siyasətinin məntiqi və strateji yekunu kimi, 2020-ci ilin sentyabr ayının 27-də düşmənin növbəti təxribatlarına cavab olaraq başlanan əks-həmlə əməliyyatı ilə bünövrəsi qoyulan Vətən müharibəsində qüdrətli Azərbaycan ordusu, yenilməz Azərbaycan xalqı və uzaqgörən Azərbaycan diplomatiyası parlaq zəfər çaldı, tarixi ədalət bərpa olundu. 44 günlük Vətən müharibəsinin yekununda Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, igid oğullarımız öz qanları bahasına Xocalı soyqırımı və ermənilər tərəfindən xalqımızn başına gətirilən digər müsibətlərin öcünü aldılar!

 

Əziz müəllim və tələbələr!

 

Bu tarixi zəfər eyni anda onu da göstərdi ki, bu müddətdə Azərbaycan müəllimi öz öhdəsinə düşən vəzifələri şərəflə icra edib. Bu gün bizlərin, müəllim və tələbələrin də əsas öhdəliyi şəhidlərimizin qanı-canı bahasına bərpa olunan ərazi bütövlüyümüzü, Azərbaycan dövləti və xalqının maraqlarını göz bəbəyi kimi qorumaq, yetişən balalarımızı daha da vətənpərvər ruhda və sağlam əqidədə tərbiyə etməkdir.

Xəbər lenti