AMEA-nın Şəki Regional Elmi Mərkəzinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Heydər Əliyev ideyalarının zəfər yürüşü” adlı elmi-praktiki konfrans keçirilib.
AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, tədbiri giriş sözü ilə ADPU-nun Şəki filialının direktoru, riyaziyyat üzrə elmlər doktoru, dosent Rafiq Rəsulov açaraq Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə respublikamızda siyasi, sosial-iqtisadi və mədəni sahələrdə həyata keçirilən islahatlardan, dahi rəhbərin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və inkişafındakı əvəzsiz xidmətlərindən bəhs edib. Bildirib ki, Ümummilli Liderin həyat yolu, siyasi fəaliyyəti, dövlət idarəçiliyindəki zəngin təcrübəsi yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir.
Sonra çıxış edən Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü “Heydər Əliyev İli” çərçivəsində Elmi Mərkəz tərəfindən xüsusi tədbirlər planının hazırlandığını və silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Konfransda universitet filialının baş müəllimi Tahir Məhərrəmovun, filialın müəllimi Kəmalə Ramazanovanın, baş müəllim Rasimə Bəkirovanın, Şəki Regional Elmi Mərkəzinin elmi işçisi Tural Adışirinovun, Mərkəzin əməkdaşları Murad Qəhrəmanovun və Elvin Qarayevin Ulu Öndərə həsr olunan məruzələri dinlənilib.
Çıxış edənlər Heydər Əliyevin mənalı ömür yolundan, görkəmli şəxsiyyətin Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, tariximizin yetirdiyi ən böyük şəxsiyyətlərdən olan Ümummilli Liderin tariximizdə oynadığı rol illər keçdikcə daha dərindən dərk edilir, əsl qiymətini alır.