Logo

Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib

28.02.2023 15:08 343 baxış
IMG

Fevralın 9-da elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib. Elan üzrə 13 dövlət orqanında mövcud olan 41 vakant vəzifə daxili müsahibəyə çıxarılıb.

Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 66 namizədlə 67 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsabiqə müraciəti Maliyyə Nazirliyi, Ağsu Rayonu üzrə Maliyyə Şöbəsi, Gəlirlərin və xərclərin proqnozlaşdırılması sektoru (1 vakant yer üzrə 11 namizəd) üzrə qeydə alınıb.

Müsahibələrin martın 6-dan aprelin 5-dək olan dövrdə keçirilməsi planlaşdırılır. Qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibədən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

Namizədlərdən müsahibənin başlanma vaxtından azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Xəbər lenti