Logo

"Kapitanın ustalığı dəniz durğunkən aydın olmaz" - BDU tələbəsi

01.03.2023 09:15 332 baxış
IMG

Həyatımızın müxtəlif dönəmlərində müəyyən çətinliklərlə üzləşirik. Fikrimcə bu çətinlikləri dağın zirvəsinə qalxan alpinistin qarşısına çıxan maneələrə bənzətmək olar. 

Əfsanəvi alpinist Corc Mellorin müsahibə zamanı jurnalistin “Nə üçün Everestə qalxmaq istəyirsiniz?” sualına cavab olaraq “Çünki o var” demişdir. Olduqca lokanik və dərin məna kəsb edən bu cavabdan çox şeyi anlamaq mümkündür. 

İnsanın məqsədləri onu həyata bağlayan başlıca amillərdəndir. Təbii ki, məqsədlərimizə nail olmaq üçün bəzən nələrdənsə imtina etməli oluruq: əyləncəmizdən, bəzən istirahətimizdən, digər tərəfdən də doğmalarımızla vaxt keçirməkdən... 

Bu yolda istəklərimizin həddindən artıq böyük olduğunu və bizim buna nail olacağımıza şübhə ilə yanaşanlar da tapılır. Başqalarının uğurlarını qısqanan paxıl xislətli həmin kəslərin insanı ruhdan salan sözlərinin, bir sözlə şeytani əməllərinin də şahidi oluruq. Lakin düşünürəm ki, bütün bunlar bizi həvəsdən salmamalı, tam əksi məqsədimizə gedən yolda daha qətiyyətli addımlar atmağa sövq etməlidir. 

Uğur asanlıqla qazanılan bir şey olsaydı, onda bunun heç bir mənası qalmazdı. Məşhur yazıçı Samsatlı Lukianosun dediyi kimi: "Kapitanın ustalığı dəniz durğunkən aydın olmaz". Kapitanın tufanlı dənizdə gəmisini məharətlə idarə edərək limana çatması, qarşısında müəyyən məqsədi olan insanın düşdüyü çətin situasiyalardan əzmkarlıq, qətiyyət və zəhmət ilə istəyinə nail olması kimidir.

Bir hadisəni mənfi düşüncələrlə həll etməyə çalışmaq çox vaxt yaxşı nəticə ilə deyil, pis nəticə ilə sona çatır. Bunun üçün də hətta bütün səylərimiz uğursuz nəticə verdiyi zaman belə daim yaxşı düşünməliyik. Kiçik bir uğursuzluğa görə ümidsizliyə qapılmaq arzuolunmazdır. Çünki, bu uğursuzluqlar növbəti addımlarımızı necə atmalı olduğumuzu bizə çatdırır.

Uğur insana bəlkə də çox şey öyrətmir, amma uğursuzluq çox şey öyrədir. Harada səhv etdiyimizi müəyyən edib növbəti dəfə bu səhvi təkrarlamamaq uğurlu nəticəyə nail olmağımıza kömək edir. 

Unutmamaq lazımdır ki, bu dünyada zəhmətinlə nailiyyət qazanmaq, uğurlu olmaq istəyən milyonlarla insan var. Amma onu əldə etmək üçün lazım olan səbr, yüksək iradə, zəhmət hər insanda olmadığı üçün bu hamıya qismət olmur.

Uğur, həvəs itirmədən bir uğursuzluqdan digərinə addımlamaq bacarığıdır.

Nahid Xəlilov, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti