Logo

AZƏRTAC 103 yaşında - FOTO

01.03.2023 12:02 375 baxış
IMG

Bu gün Azərbaycanın ilk milli xəbər agentliyi olan AZƏRTAC-ın yarandığı gündür.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan ilk milli informasiya agentliyi çətin və mürəkkəb, lakin şərəfli bir yol keçib. 1920–ci il martın 1-də fəaliyyətə başlayan agentliyin ilk xəbəri martın 2-də işıq üzü gördü. Onun müstəqil xəbər mənbəyi kimi fəaliyyəti cəmi 58 gün sürdü. Sovet hakimiyyəti dövründə isə Azərbaycan Teleqraf Agentliyi, əslində, SİTA-nın filialına çevrildi, adı yeddi dəfə dəyişdirildi.

1969-cu ildə Heydər Əliyev respublika rəhbərliyinə gəldikdən sonra AZƏRTAC-ın həyatında da yeni dövr başladı. Agentlik müasir texniki avadanlıqla təchiz olundu və çox keçmədən ittifaq miqyasında öncül mövqelərə çıxdı. Ulu öndərimizin şəxsi nüfuzu sayəsində müttəfiq respublikaların informasiya agentlikləri arasında birincilər sırasında kompüterlərlə təchiz edildi. Təfərrüata varmadan yalnız onu demək kifayətdir ki, dövlət müstəqilliyinin bərpasından sonra da üzləşdiyi sınaqlardan üzüağ çıxan AZƏRTAC həm də Azərbaycanın dünyaya açılan pəncərəsi rolunu oynamağa başladı. Bu gün xaricdə 21 müxbir məntəqəsinin fəaliyyət göstərməsi agentliyin geniş potensialının göstəricisi kimi dəyərləndirilə bilər.

AZƏRTAC-ın kollektivi milli jurnalistikamızın nəcib vətənpərvərlik ənənələrini ləyaqətlə davam etdirməklə bərabər, dünya informasiya məkanında layiqli yer tutmaq üçün daha əzmlə çalışmalıdır” - Ulu Öndər Heydər Əliyevin bu tövsiyəsini əldə rəhbər tutan kollektiv həmin hədəfə doğru qətiyyətlə irəliləyib və irəliləməkdədir. Son illərdə 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşıq müqaviləsi imzalanıb, 150-yə yaxın agentliklə informasiya mübadiləsi aparır. Onların arasında bir çox nüfuzlu xəbər yayımçıları var. AZƏRTAC beynəlxalq və regional media təşkilatları çərçivəsində Associated Press, Reuters, Press Association, DPA agentlikləri ilə əməkdaşlıq edir. Dünya Xəbər Agentlikləri Konqresi Şurasının, Avropa Xəbər Agentlikləri Alyansının (EANA), Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) fəal üzvlərindən biridir. 2016-cı ildən 2019-cu ilədək Dünya Xəbər Agentlikləri Konqresinə və OANA-ya sədrlik edib. Dünya Xəbər Agentliklərinin V Konqresi, OANA-nın XVI Baş Assambleyası 2016-cı ildə Bakıda keçirilib. Beləliklə, Azərbaycanın və AZƏRTAC-ın adı dünya mətbuat tarixinə yazılıb.

AZƏRTAC-ın üzv olduğu beynəlxalq və regional media qurumlarının, tərəfdaşlıq etdiyi milli informasiya agentliklərinin saytlarında hər il Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi- mədəni və digər sahələrdə qazandığı uğurlara dair təxminən minlərlə xəbəri, videosu və fotosu yayılır.

Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində AZƏRTAC ən müasir informasiya texnologiyaları ilə təchiz edilib, bir ildən çoxdur ki, hər cür şəraiti olan yeni binada fəaliyyət göstərir. Bu da informasiyanın keyfiyyətini yüksəltməyə, agentliyin rəqabətqabiliyyətliliyini təmin etməyə zəmin yaradır.

AZƏRTAC səkkiz dildə - Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb, Çin və ispan dillərində xəbərlər, eləcə də regionda ilk dəfə olaraq beş dildə videoxəbərlər buraxır.

Vətən müharibəsində tarixi qələbəmizdən sonra həm Azərbaycanın, həm də ölkə mediasının həyatında yeni bir dövr başlayıb. Mətbuatın modernləşdirilməsi, dünya standartları səviyyəsinə yüksəldilməsi istiqamətində əsaslı islahatlar həyata keçirilir. AZƏRTAC da öz işini zamanın daim yenilənən çağırışlarına əzmlə uyğunlaşdırır, müasir xəbər yayımçılığının ümdə prinsiplərindən olan operativliyi və obyektivliyi tam təmin etmək istiqamətində ardıcıl addımlar atır.

Obyektiv və doğru xəbərin dəyişməz ünvanı olan AZƏRTAC dinamik inkişaf edən, dünyada söz və nüfuz sahibinə çevrilən Azərbaycanın, müasir tariximizin salnaməsini yazmaqda davam edir.

"Tehsil.biz" olaraq həmkarlarını təbrik edir və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

Xəbər lenti