Logo

Professor Dilarə Seyidzadə ilə "O, bizimlədir" adlı görüş keçirilib

01.03.2023 14:05 471 baxış
IMG

“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) filologiya fakültəsinin təşkilatçılığı ilə tarix elmləri doktoru, professor Dilarə Seyidzadə ilə "O, bizimlədir" adlı görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya fakültəsinin dekanı professor Mahirə Hüseynova Dilarə Seyidzadənin zəngin həyat və fəaliyyəti barədə danışıb. Qeyd olunub ki, məhşur Seyidzadələr ailəsinin nümayəndəsi olan Dilarə xanımın atası Bağır Seyidzadə tanınmış diplomat, jurnalist və peşəkar tərcüməçi olub:”Professor D.Seyidzadənin milli tarixşünaslığımızda xüsusi yeri var. Cümhuriyyətə gedən yolu ilk dəfə tədqiq edən, Cümhuriyyət quran böyük şəxsiyyətlər haqqında ilk məlumatları elmi dövriyyəyə gətirən məhz professor Dilarə Seyidzadədir. Onun “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” əsəri milli tarixşünaslığımızda Azərbaycan Xalq Cümhuriyyətinə aparan yolu işıqlandıran ilk tədqiqat işidir. Eyni zamanda 1-ci dərəcəli dövlət müşaviri, "Şərəf" və "Şöhrət" ordenli professor Dilarə Seyidzadə Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin köməkçisi - Prezident Katibliyinin rəisi kimi uzun illər fəaliyyət göstərib”.

Professor D.Seyidzadə göstərilən diqqətə və tədbirin təşkilinə görə təşəkkürünü bildirib. O, həmçinin Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Vurğulayıb ki, Ulu Öndərin həyatı daim mübarizələrdə keçib və bu mübarizələrdə qalib gəlib:”Ona görə də böyük siyasi xadimin həyat və fəaliyyəti gənclərimiz üçün nümunədir”.

Ümummilli Lider Heydər Əliyevin böyük dühası haqqında danışan professor onun çox diqqətcil, hər  incəliyə önəm verən bir şəxsiyyət olduğunu bildirib: “Mənə bir dəfə tapşırdı ki, mütləq xəritə olmalıdır. Biz o xəritəni yaratdıq. Hər xarici səfərdə bütün siyasi xadimlərə xəritə üzərində Azərbaycan həqiqətlərini izah edirdi. O, eyni zamanda mədəniyyətə böyük dəyər verirdi, insanların qayğıları ilə yaxından maraqlanırdı. Hamıya mənəvi güc verirdi... Özbəkistanda səfərdə olarkən İslam Kərimov Heydər Əliyevdən soruşdu ki, siz necə olur ki, hər şeyi bilirsiniz? Ulu Öndər bir az utanaraq, “yəqin ki, anamın sayəsində” - dedi. Valideynlərinə, anasına böyük ehtiram bəsləyir, yetişməsində ailəsinin müstəsna rolunu həmişə xüsusi qeyd edirdi.”

Müəllim və tələbələrin çoxsaylı suallarını cavablandıran D.Seyidzadə gənclərin Heydər Əliyevdən öyrənməli olduqları ən böyük dəyərlərin vətəni hədsiz sevmək, məsuliyyətlilik və həyat yolunu doğru müəyyənləşdirmək olduğunu bildirib: “O həyat yolunu necə seçmişdi? Onu təbiət yetişdirmişdi. Qurub-yaratmaq üçün memarlıq oxumuşdu; Vətən təhlükədə olanda təhlükəsizlik orqanlarında işə başladı; vətəninin tarixini dərindən mənimsəmək üçün tarix oxumuşdu; Prezident kimi xalqının mövqeyini dünyaya çatdırır, hər bir imkandan maksimum istifadə edib Qarabağ məsələsinin həllinə çalışırdı.”

Görüşün sonunda rektor professor Cəfər Cəfərov qonağa təşəkkür edib,  D.Seyidzadəni Tarix müəllimliyi ixtisasında təhsil alan tələbələrlə də ustad dərsinə dəvət edib.

Xəbər lenti