Logo

BDU aliminin monoqrafiyası “Springer” nəşriyyatında çap olunub

01.03.2023 16:33 302 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakultəsinin Cəbr və həndəsə kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Arif Səlimovun “Holomorf funksiyaların həndəsədə tətbiqləri” (Applications of Holomorphic Functions in Geometry) adlı monoqrafiyası məşhur “Springer” nəşriyyatının “Frontiers in Mathematics” (Riyaziyyatın Hüdudları) adlı kitap seriyasında çap olunub.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Seriya son illərdə riyaziyyatın müxtəlif sahələrində aparılan ən aktual riyazi araşdırmaların nəticələrini və hüdudlarını geniş riyaziyyat auditoriyasına təqdim edir.

Monoqrafiyada üç istiqamətdə aparılmış araşdırmalar və bu araşdırmalar üzrə alınmış nəticələr öz əksini tapıb. Birinci bölmədə kommutativ cəbrlərdən olan holomorf funksiyalara və bu cür funksiyaların köməyi ilə cəbr üzərində qurulmuş holomorf çoxobrazlılara yer verilib. İkinci bölmə holomorf funksiyaların psevdo-Riman çoxobrazlıların nəzəriyyəsinin tətbiqlərindən bəhs edir. Üçüncü bölmə holomorf funksiyaların laylanma fəzalarındakı lift problemlərinin tətbiqlərinə həsr edilib. Bunun nəticəsi olaraq yeni deformasiya olunmuş lift sinifləri aşkar olunub.

Qeyd edək ki, monoqrafiyada əks olunmuş araşdırmalar professor Arif Səlimovun 2012-ci ildə ABŞ-ın “Nova Science Publisher, New York” nəşriyyatının “Mathematics Research Development” seriyasında çap olunmuş “Tensor Operators and their Applications” adlı monoqrafiyasında yer almış araşdırmaların davamıdır.

Xəbər lenti