Qardaşlıq – dildə gəzən söz deyil, könüllərdə coşan sevgi olmalıdır.
Bu, dəyər və qiymətli məfhum, eyni zamanda hər iki dövləti mənəvi cəhətdən əlaqələndirən ifadə həm də bir millət olduğumuzu, doğmalığımızı əlaqələndirir, istiqamətləndirir...
Hər iki qardaş dövlətin birliyi özünü bütün sahələrdə layiqincə göstərir. Beləki dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri ən ali şəkildə sürətlə inkişaf edir.
Azərbaycan və Türkiyə daim bir-birlərini yüksək səviyyədə dəstəkləyir, milli maraqların qorunmasında qətiyyətli addım nümayiş etdirirlər. Dəqiq desək Türkiyə və Azərbaycan beynəlxalq miqyasda bir-birini daim dəstəkləyən ölkələrdir.
Hər iki dövlət arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir.
Türkiyə və Azərbaycan qardaşlığı və bu saf münasibətdən doğan birlik xalqlarımız üçün əsas yol istiqaməti, sabahın nicat xəritəsidir...
Bunu sübut edən bariz nümunələr dedikdə insanın ağlına 44 günlük Vətən müharibəsi, bununla yanaşı Türkiyədə bu ilin altı fevral tarixində baş vermiş zəlzələ düşür.
Azərbaycan Vətən müharibəsində qardaşlıq nümunəsini Türkiyənin ilk günlərdən haqq işimizə dəstək verməsilə bir daha gördü. Türk qardaşlarımızın əlini çiyinlərimizdə hiss etdik. Qardaş dövlətin mənəvi və siyasi cəhətdən haqqın yanında olması, sülhə, sabitliyə hesablanmış davranışı həm də bütün dünyaya mesaj oldu.
Əlbəttə, müharibə itkisiz, qansız-qadasız olmur. Amma xalqın birliyindən, dövlət və ordunun siyasi və hərbi gücündən qaynaqlanan 44 günlük Vətən savaşı bizim ədalət, azadlıq müharibəmiz oldu.
Düzdür neçə-neçə anaların, ataların gözləri yaşlı qaldı. Fəqət Azərbaycan ordusunun qalibiyyəti, düşməni xar etməsi, qara donlu kafirlərin kapitulyasiyaya imza atmaları şəhid doğmalarına təsəlli oldu.
Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində minlərlə doğmalarımız haqqın dərgahına qovuşdu. Bu məqamda Azərbaycan öz qardaşlığını, mənəvi dəstəyini son dərəcə həssaslıqla göstərdi. Türk dünyasının söz adamı Bəxtiyar Vahabzadənin misraları düşünürəm ki, söylədiklərimi açıq-aydın ifadə edir:
Dinimiz bir , dilimiz bir
Ayımız bir ,ilimiz bir
Eşqimiz bir, yolumuz bir
Azərbaycan-Türkiyə
Misralar şairin qələmində, qəlbində o qədər aydın, təsirli və mənalı ifadə olunub ki, insan bir müddətlik xəyallara dalıb Azərbaycanın, Türkiyənin acılarını unudur. Misra insanı daha da yaşamağa sövq edir.
Zümrüd Abidqızı
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi