Logo

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat aparılır

03.03.2023 12:41 242 baxış
IMG

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə martın 18-də keçiriləcək test imtahanına qeydiyyat aparılır.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib. Qeyd olunub ki, imtahan vermək istəyən dövlət qulluqçularının DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat Mərkəzin saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı DİM-in internet portalında BB qrupu üzrə martın 6-sı saat 11:00-dək, AB, AC, BA qrupları üzrə isə martın 16-sı saat 11:00-a qədər həyata keçirilir. Bu günə olan məlumata görə, AB, AC, BA qrupları üzrə 69, BB qrupu üzrə 141 nəfər qeydiyyatdan keçib.

Xatırladaq ki, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanında aşağıda qeyd edilən kateqoriya üzrə şəxslər iştirak edə bilərlər:

- Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən və dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin həmin sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec olmayaraq;

- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan və daha yüksək inzibati vəzifənin tutulmasına iddia edən dövlət qulluqçuları.

Xəbər lenti