Logo

Gəncə Dövlət Universitetində müəllimlərdən 20 manat niyə yığılır? - FOTO

04.03.2023 12:13 8477 baxış
IMG

Gəncə Dövlət Universitetində (GDU) Türkiyəyə yardım məqsədi ilə müəllimlərdən pul yığılır.

Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Bildirilib ki, universitet tərəfindən yardım üçün əvvəlcə 10 manat, daha sonra yığılan məbləğin az olduğu deyilərək 20 manat ödəniş tələb edilib.

Məsələni aydınlaşdırmaq üçün Gəncə Dövlət Universiteti ilə əlaqə saxladıq. Universitetin verdiyi cavab isə qənaətbəxş olmadı. Belə ki, təhsil müəssisəsinin mətbuat xidmətindən əvvəlcə iddiaların əsassız olduğu bildirilsə də, sonra bu cavabın nəzərə alınmamasını, araşdırıldıqdan sonra ətraflı məlumatın təqdim olunacağı qeyd olundu.

Növbəti gün isə Gəncə Dövlət Universitetinin mətbuat xidmətindən "feysbukda yazılanlar doğru deyil, heç orada iddiaçının adı qeyd olunmayıb. Olmayan nəsə haqda nə deyə bilərik? Sağ olun", - deyə bildirildi, ünvanladığımız suallar isə cavabsız qaldı. Halbuki şikayətçi müəllimin öz narazılığını bildirdiyi feysbuk qrupunun adı və həmin paylaşım tərəfimizdən universitetə göndərilmişdi.

Düzünü desək, şikayətin anonim olmasına baxmayaraq ali təhsil müəssisəsinin və ya müəssisənin bu məsələlərdə məsul şəxslərinin ünvanı bəlli olan paylaşıma şərh verməmələri təəccüb doğurdu. Beləliklə, iddiaların təhsil müəssisəsi daxilində ümumiyyətlə araşdırılıb-araşdırılmadığı, ali məktəbin hansı araşdırmanın nəticələrinə əsasən vətəndaş şikayətinin əsassız olduğu qənaətinə gəldiyi, universitetin mətbuat xidməti tərəfindən media nümayəndəsinin  suallarının cavablandırılmaması universitetin müəllimlərdən pul tələb etməsi mövzusunda haqlı, yoxsa haqsız olmasını sual altında saxlayır.

Bununla bağlı Elm və Təhsil Nazirliyi də məlumatlandırılıb.

Qeyd edək ki, məsələ "Tehsil.biz"in diqqətindədir.

Xəbər lenti