Malayziyanın nüfuzlu “New Straits Times” qəzetində “Azərbaycanın səbrini sınamaq regional sülh üçün səmərəli deyil” sərlövhəli məqalə dərc olunub.
Tehsil.biz "AZƏRTAC"a istinadən xəbər verir ki, ölkəmizin Malayziyadakı səfirliyinin konsulu Elsevər Salmanovun müəllifi olduğu məqalədə Azərbaycanın müxtəlif qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Laçın-Xankəndi yolunda ötən il dekabrın 12-dən davam edən etiraz aksiyalarının səbəblərinə aydınlıq gətirilərək, ölkəmizin sülh təklifləri, xoşməramlı və humanitar xarakterli təşəbbüslərinin cavabsız qoyulması, əksinə, 30 ilə yaxın bir müddət ərzində Azərbaycanın işğal altındakı ərazilərinin qeyri-qanuni istismarının hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərdə də davam etdirilməsi cəhdləri diqqətə çatdırılıb. Məqalədə Azərbaycanın Qarabağ bölgəsində sayı təxminən 20 min olan erməni azlığın kimlərin əlində əsir tutulduğu faktına aydınlıq gətirilib.
Azərbaycan QHT-lərinin Laçın-Xankəndi yolundakı aksiyalarının heç kim üçün qəti surətdə blokada şəraiti yaratmadığı bildirilərək, Ruben Vardanyan və Arayik Arutyunyan kimi cinayətkar şəxslərin qeyri-qanuni hərəkətlərinə qarşı Azərbaycanın səbrinin sonsuz olmadığı qeyd edilib. Bildirilib ki, Azərbaycan Respublikası ərazisində yaşayan erməni azlığın blokadaya salınması iddiası tamamilə yalandır və bu iddia Qarabağ iqtisadi rayonundakı cinayətkar qruplaşmaların öz əməllərinin üzərini örtmək məqsədi daşıyır.
Müəllif məqalədə xüsusi olaraq vurğulayıb ki, Azərbaycan öz ərazisində onun nəzarətindən kənarda qalmış bir regionun yaradılmasına əsla icazə verməyəcək.