Logo

Bu gün Azərbaycanda Milli Teatr Günüdür

10.03.2023 08:59 456 baxış
IMG

10 mart Azərbaycanda Milli Teatr Günüdür.

Tehsil.biz xəbər verir ki, bu gün Azərbaycan peşəkar milli teatrının 150 yaşı tamam olur.

Böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundovun "Lənkəran xanının vəziri" komediyasının tamaşaya hazırlanması Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın təməlini qoyub.

Teatrın böyük ictimai əhəmiyyətini dərk edən Azərbaycan ziyalıları Naxçıvan, Şəki, Şamaxı, Lənkəran, Quba və Şuşa şəhərləri ilə bərabər, Tiflisdə və İrəvanda da teatr tamaşaları təşkil edib.

Azərbaycanda teatr sənəti qədim ənənələrə malikdir. Xalq arasında müxtəlif meydan tamaşaları, kukla teatr tamaşaları ("Maral oyunu", "Kilimarası"), bayram tamaşaları ("Kos-Kosa"), dini səciyyəli tamaşalar ("Şəbih") və s. geniş yayılıb. Hələ XVII əsrin ikinci yarısında Azərbaycanda olmuş fransız səyyahı Şarden, Çuxursəd bəylərbəyisinin İrəvan şəhərindəki iqamətgahında qonaq olarkən burada ona üç hissəli bir tamaşa göstəriblər.

Bu tamaşa Şardenə o qədər xoş təsir bağışlayır ki, onu "Şərqin operası" adlandırır. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat H.Z.Tağıyevin böyük xidməti olub.

O, Bakı şəhərində ilk teatr binasını inşa etdirib. Tezliklə Azərbaycan səhnəsinin Cahangir Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə simaları yetişib. Azərbaycanda teatr sənətinin inkişafında Hacıbəyli qardaşlarının da, böyük əməyi olub.

1918-ci ildə Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra bir çox sahələrdə olduğu kimi teatr sənətimizin inkişafında da mühüm işlər həyata keçirilib. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti pərakəndə fəaliyyət göstərən teatr truppalarını birləşdirərək Dövlət Teatrını yaradıb.

Bu, Azərbaycan peşəkar teatrının dövlət teatrı statusu alması demək idi. Bu teatrın pərdələri ilk dəfə 1918-ci il noyabrın 4-də N. Nərimanovun "Nadir şah" faciəsinin tamaşası ilə açılıb. Sovet hakimiyyəti illərində Azərbaycanda teatr sənəti daha da inkişaf edib.

1919-cu il oktyabrın 24-də Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlət və hökumət rəhbərlərinin iştirakı ilə Dövlət Teatrının rəsmi açılışı olub.

Milli Teatr Gününün rəsmi şəkildə qeyd edilməsi Azərbaycan Respublikasının Prezidenti «Milli Teatr Günü»nün təsis edilməsi haqqında 1 mart 2013-cü il tarixli, 2755 nömrəli Sərəncamı ilə həyata keçib.

Sərəncama uyğun olaraq 10 mart hər il respublikamızda Milli Teatr Günü kimi qeyd olunur.

Xəbər lenti