Logo

Ölkəmizdə parlamentar sistemin inkişafı

10.03.2023 09:35 344 baxış
IMG

Son illərdə ölkəmizdə həyata keçirilən uğurlu islahatlar Azərbaycanın gələcək inkişafını təmin edən mühüm amillərdəndir. 10 mart 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən növbədənkənar seçkilər ölkədə həyata keçirilən islahatları özündə təcəssüm etdirdi.

Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək və vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdən ibarət idi. Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında iştirak etmiş və iclasda geniş nitqlə çıxış etmişdir. Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin altıncı çağırışının ilk iclasında söylədiyi nitqindəmparlamentin gələcək fəaliyyəti ilə bağlı çox mühüm mesajlar verdi. Ölkə başçısı Milli Məclisdə islahatlar, parlamentdə baş verən dəyişikliklərlə bağlı təhlillər apardı. 

Milli Məclis qanunvericilik sahəsində müasir tələblərlə ayaqlaşan, ölkəmizin reallıqlarınam və inkişaf dinamikasına əsaslanan, ölkəmizin quruculuq işlərinin hüquqi bazasının möhkəmləndirilməsinə xidmət edən yeni qanunvericilik təşəbbüsləri ilə çıxış etməsinin vacibliyini qeyd edən cənab Prezident İlham Əliyev bildirmişdir: “Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır”.

Prezident İlham Əliyev yeni seçilmiş deputatlara seçildikləri dairələrdə fəal olmaları, seçicilərlə daim təmasda olmaları barədə tövsiyələr vermişdir. Prezident bu barədə fikrini belə vurğulamışdır: “Siz seçildiyiniz dairələrin problemləri ilə daim maraqlanmalısınız, seçicilərlə görüşməlisiniz, dairələrdə olmalısınız. Mövcud olan problemləri də üzə çıxarmalısınız. Bunları icra orqanlarının qarşısına çıxarmalısınız, mərkəzi icra orqanlarının diqqətinə çatdırmalısınız”.

Milli Məclisin əsas fəaliyyət istiqamətlərindən biri də beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsidir. Ölkəmizə qarşı əsassız yanaşma, qərəzli mövqe tutan beynəlxalq qurum və təşkilatlarla işlər gücləndirilməli, ölkəmizin mövqeyi düzgün təbliğ edilməlidir. Cənab Prezident İlham Əliyevin altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı qanunverici orqan üçün bir fəaliyyət planı hesab edilməlidir. Parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolunun artması,hökumət üzvləri və Parlamentin xalqla daha sıx təmasda olmaları, daimi ünsiyyətin qurulması əsas vəzifələr kimi müəyyənləşdirilmişdir.

Parlament qarşısında bu və digər vəzifələri müəyyənləşdirən cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində bu gün Azərbaycan türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində çox önəmli rol oynayır. Həmçinin, Avropa İttifaqına üzv olan doqquz ölkə ilə strateji tərəfdaşlıq sənədləri mövcuddur. Qonşu dövlətlərlə sağlam, işgüzar və dostluq əsasında qurulmuş münasibətlər bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Ölkə başçısı bu məqamlarıda xüsusi vurğulamışdır: “Azərbaycan müasir, dünyəvi dövlət kimi günü-gündən güclənir və dünyəvilik prinsipləri daha geniş bərqərar olur. Ölkədə radikalizmə qarşı mübarizə daha geniş aparılır və parlamentin rolu burada çox vacibdir. Bu gün Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Ölkədə həm təhlükəsizlik, həm də sabitlik təmin edilir.

Əldə edilən ən böyük uğurlardan biri də siyasi sabitlikdir. Bu siyasi sabitliyin qorunmasında bütün
vətəndaşlar fəal iştirak etməlidirlər”. Bütün bu vəzifələr Prezident İlham Əliyev tərəfindən 2020-ci il mart aynın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışında parlamentə seçilən deputatlar qarşısında qoyulub. 

Şamilov Ülvi
İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbin tarix müəllimi

Xəbər lenti