Gənclər təşkilatlarının kommunikasiya strategiyalarının təkmilləşdirilməsi, media ilə əlaqələrin daha səmərəli qurulması, məlumatlandırma mexanizmlərinin müasir standartlara uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Gənclər Fondu və NAYORA-nın birgə təşkilatçılığı ilə “Gənclər təşkilatlarında media ilə işin effektiv təşkili üzrə bacarıqların artırılması” layihəsinə başlanılıb.
Bu barədə "Tehsil.biz"ə Medianın İnkişafı Agentliyindən bildirilib.
Qeyd olunub ki, layihə çərçivəsində gənclər təşkilatlarında fəaliyyət göstərən PR menecerlər üçün ilk təlim baş tutub. “Uğurlu kommunikasiya strategiyasının qurulması və böhran vəziyyətlərində kommunikasiya” mövzusunda çıxış edən Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva PR menecerin rolu, MPR-ın məqsədləri, jurnalistika və PR, onların ortaq və fərqli cəhətləri, “RACE” modelindən danışıb, dünyadakı uğurlu PR nümunələrinə nəzər salıb. Sual-cavab sessiyasında gənc PR menecerləri maraqlandıran suallar cavablandırılıb, gənclər təşkilatlarının media subyektləri və nümayəndələri ilə effektiv əlaqələrinin qurulması, ictimaiyyəti məlumatlandırma mexanizmlərinin təkmilləşdirilməsindən bəhs edilib.
Qeyd edək ki, layihə çərçivəsində gənclər təşkilatlarında fəaliyyət göstərən PR menecerlər üçün bir sıra təlim-görüşlərin təşkil olunması nəzərdə tutulur.