Kulis.az Luici Pirandellonun “Müharibə” hekayəsini təqdim edir.
Gecə ekspressi ilə Romadan gedən sərnişinlər əsas xətti Sulmona ilə birləşdirən kiçik, köhnə model şəhərətrafı qatarda səyahətlərini davam etdirmək üçün Fabrianonun kiçik stansiyasında səhərə qədər gözləməli oldular.
Sübhçağı beş nəfərin gecələdiyi bu ikinci dərəcəli, alçaq və tüstülü vaqona dərin matəm içində formasız paketə bənzəyən iri bədənli qadın girdi. Arxasınca onu arıq, çəlimsiz, ölü kimi ağ sifəti olan, kiçik və canlı gözləri, narahat baxan, dayanmadan sızıldayan əri izlədi. Nəhayət əyləşə bilən kişi nəzakətlə sərnişinlərə ona kömək etdiklərinə və yer ayırdıqlarına görə təşəkkür etdi, sonra paltosunun yaxasını aşağı çəkməyə çalışan arvadına tərəf çevrilib soruşdu:
– Yaxşısanmı, sevgilim?
Arvadı cavab vermək əvəzinə üzünü gizlətmək üçün paltosunun yaxasını yuxarı doğru çəkdi.
"Mənfur dünya" deyə adam acı bir təbəssümlə mızıldandı. Həm də adam onun səyahət yoldaşlarına, bu müharibənin hər ikisinin bütün ömürlərini həsr etdiyi iyirmi yaşlı uşağı, tək oğullarını əllərindən aldığı üçün əziyyət çəkdiyini, tələbə olan övladlarına cəsarətlə döyüşə könüllü getməyə icazə verdikdən sonra, Sumonadakı evlərini tərk edərək övladlarının dalınca Romaya getdiklərini, ancaq, ən azı altı aydır cəbhəyə göndərilməyən və indi birdən-birə üç gün ərzində burdan getməli olduğunu və onu yola salmağı xahiş edən teleqram aldıqlarını bildirmək məsuliyyətini hiss etdi.
Əyninə böyük paltosunun içində az qala gizlənən, bəzən vəhşi heyvan kimi xırıltılı səslər çıxaran qadın əmin idi ki, bütün bu izahatlar onun qədər çətin vəziyyətdəki insanlarda ona qarşı zərrə qədər də rəğbət hissi yaratmayacaq.
Xüsusi diqqətlə dinləyənlərdən biri dilləndi:
– Tanrıya şükür, oğlunuz hələ indi cəbhəyə gedir. Mənimki müharibənin ilk günündən ordadır. İki dəfə yaralı halda evə qayıtdı və yenidən cəbhəyə göndərildi.
– Bəs mənimki? İki oğlum və qohumlarım cəbhədədir – başqa bir sərnişin dedi.
– Bəli, amma axı o bizim "sevimli oğlumuzdur" – deyə adam cəsarətlə davam etdi.
– Nə fərqi var? Yeganə oğlunuzu həddindən artıq ərköyün öyrədə bilərsiniz, amma başqa övladınız da olsaydı, onu başqalarından çox sevməzdiniz. Ailə sevgisi çörək kimi bir şey deyil ki, onu tikə-tikə doğrayıb uşaqlara bərabər böləsən. Ata övladının hər birinə, istər bir, istərsə də on nəfər olsun, ayrı-ayrılıqda bütün sevgisini verir və əgər mən indi hər iki övladıma görə əziyyət çəkirəmsə, hər ikisi üçün yarı-yarı yox, iki qat artıq əziyyət çəkirəm.
– Haqlısan... haqlısan... – utanmış adam ah çəkdi. Ancaq düşünürəm ki, əlbəttə hamımız ümid edirik ki, bu vəziyyət heç vaxt gerçəkləşməyəcək, bir atanın cəbhədə iki oğlu varsa və birini itirirsə, ona təsəlli verən başqa biri qalır... Bu arada...
– Bəli, geridə bir oğul qalır, amma yeganə oğul atası olanda, o oğul ölərsə, ata da ölə bilər, beləliklə, iztirabına son qoya bilər. Bu iki vəziyyətdən hansı daha pisdir? Mənim vəziyyətimin səninkindən daha pis olduğunu görmürsənmi?
Kişi ağır-ağır nəfəs alırdı. Şişkin gözlərindən arıq bədəninin sanki çətinliklə saxlaya bildiyi idarə olunmayan canlılığın daxili şiddəti alovlanırdı.
– Cəfəngiyat! – deyə adam iki əskik dişini gizlətmək istəyirmiş kimi əli ilə ağzını örtməyə çalışdı. Cəfəngiyatdır! – təkrar etdi. Biz öz xeyrimiz üçün öz övladlarımıza həyat verərik bəyəm?
Digər sərnişinlər əzab içində adama baxırdılar. Oğlu müharibənin ilk günündən cəbhədə olan sərnişin “Düz deyirsən, bizim övladlarımız bizim yox, Vətənindir!” dedi.
– Cəfəngiyatdır! – deyə kök yolçu cavab verdi. Övladlarımıza həyat verəndə vətənimizi düşünürük? Oğullarımız ona görə doğulur ki... Yəni doğulmaq məcburiyyətindədirlər və həyata gələndə həyatımızı da özləri ilə aparırlar. Bu realdır. Biz onlara aidik, amma onlar heç vaxt bizə aid deyillər. Onların 20 yaşı tamam olanda isə bizim onların yaşında olduğumuz kimi olurlar. Valideynlərimiz də var idi, amma başqa şeylər də var idi... Qızlar, siqaretlər, illüziyalar, yeni qalstuklar... və təbii ki, iyirmi yaşımızda bizi səsləyəndə cavab verdiyimiz ölkəmiz, anamız və atamız yox desə də, deməsə də... İndi bizim yaşımızda, bizlərdə vətənpərvərlik hissi hələ də yüksəkdir, təbii ki, övladlarımızın sevgisindən də güclüdür. Bizim aramızda əgər imkanı olsaydı oğlunun cəbhədəki yerini almayacaq olan varmı?
Sükut çökdü, hamı razılaşaraq başını tərpətdi.
– Niyə onda? – kök kişi davam etdi, – iyirmi yaşında olanda uşaqlarımızın hisslərini nəzərə almalıyıq? Onların öz yaşlarında vətən sevgisini bizə olan məhəbbətlərindən üstün görmələri təbii deyilmi? Axı onlar bizi daha yerindən tərpənə bilməyən, evdə oturmağa məcbur olan yaşlı uşaqlar kimi gördükləri üçün bunun baş verməsi təbii deyilmi? Ölkə hamımızın aclıqdan ölməmək üçün yeməli olduğumuz çörək kimi təbii zərurətdirsə, kimsə onu müdafiə etməlidir. Oğullarımızın iyirmi yaşı tamam olanda gedirlər və göz yaşı tökməyimizi istəmirlər, çünki ölsələr, qəzəbli yox, sevinclə ölürlər. Təbii ki, ağıllı oğlanları deyirəm. İndi bir insan həyatın çirkin tərəflərinə, dərdlərinə, alçaqlığına, məyusluğun əzabına tab gətirmədən gənc və xoşbəxt ölürsə, ondan daha nə istəyə bilərik? Hamı ağlamağı dayandırmalı, hamı mənim kimi gülməlidir... Ya da ən azından mənim kimi Tanrıya şükür etməlidirlər, çünki oğlum ölməmişdən əvvəl həyatının arzuladığı kimi xoşbəxt sonlandığına dair mesaj göndərmişdi. Beləliklə, gördüyünüz kimi, mən yas tutmuram...
O, tünd rəngli paltosunu nümayiş etdirmək üçün yellədi, əskik dişlərinin üzərində bənövşəyi dodağı titrəyirdi, gözləri nəmli, sakit idi və o, fikrini tezliklə yüksək səslə hıçqırıqvari gülüşlə bitirdi.
– Olduqca... olduqca... – digər sərnişinlər də ona qoşuldu.
Paltosuna sığınıb, son üç ayda etdiyi kimi yalnız dinləyən qadın, ərinin və dostlarının sözləri ilə daxili kədərini təsəlli edəcək bir şey tapmağa çalışdı. Bir ananın oğlunu ölümə, potensial həyati təhlükəyə göndərməmək üçün, özündən necə imtina edəcəyini göstərə biləcək bir şey. Yenə də deyilənlər arasında istədiyini tapa bilmirdi və heç kimin onun düşündüyü kimi hisslərini bölüşə bilməyəcəyini biləndə kədəri daha da böyüyürdü.
Amma indi sərnişinin sözləri onu heyrətə gətirdi və az qala çaşdırdı. Birdən başa düşdü ki, o, haqsız olan, onu başa düşə bilməyən digərləri ilə eyni səviyyədə deyil, ancaq oğlunun getməsinə deyil, hətta ölümə belə ağlamadan göndərən valideynlərlə eyni səviyyədə deyil.
Qadın başını qaldırdı, küncdə oturdu, oğlunun öz padşahının və ölkəsinin qəhrəmanı olduğunu sevinclə və peşman olmadan dostlarına verdiyi təfərrüatlara sığdıraraq danışan adama böyük diqqətlə qulaq asdı.
O, elə bil, heç xəyalına belə gətirmədiyi, indiyədək naməlum bir dünyaya rast gəldi və övladının ölümü barədə qətiyyətlə danışa bilən bu cəsur atanı təbrik edənlərin hamısını eşitməkdən çox məmnun idi. Sonra birdən heç nə eşitməmiş və yuxudan oyanmış kimi qocaya dönüb soruşdu:
– Onda... oğlunuz həqiqətən öldü?
Hamı ona baxırdı.
Qoca iri, qabarıq, dəhşətli dərəcədə yaşlı açıq boz gözlərini üzünün qırışını hamarlayaraq ona doğru çevirdi. Bir müddət cavab verməyə çalışsa da, sözlər ona çatmadı. Qadına uzun-uzadı baxdı, o axmaq, əsassız suala ... Nəhayət, qəfildən oğlunun həqiqətən öldüyünü anladı. O, həmişəlik yox oldu. Anidən onun sifəti büzüşdü, üzü dəhşətli dərəcədə eybəcərləşdi, sonra tələsik cibindən dəsmalı çıxartdı və hamını heyrətə gətirərək, ürək bulandıran, öhdəsindən gələ bilməyən hıçqırıqlara boğuldu.
Tərcümə edən: Nargis