Novruz çərşənbələrinin sonuncusu el arasında “Torpaq çərşənbəsi”, “Axır çərşənbə”, “Böyük çərşənbə”, “İlaxır çərşənbə” və s. adlarla tanınır. Bu çərşənbə torpağın qış yuxusundan ayılması, əkinçilik həyatının başlanğıcını rəmzləşdirir.
Torpağın oyanmasının mifik kökləri dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Torpaq türk etnik-əxlaqi dəyərlər sistemində yurd, vətən, el-oba anlayışı, həmçinin yaradılışın maddi əsası olması ilə bağlı olaraq sakral mifoloji semantikaya malikdir.
Torpaq həyat mənbəyi və yaradıcı olduğundan ona “ana torpaq” deyə ehtiram göstərirlər. Bu gün də torpağa sədaqət, məhəbbət anaya, Vətənə məhəbbətlə bərabər tutulur, eyniləşdirilir. Ulularımız Vətənə, torpağa olan məhəbbətlərini düşmənə olan nifrət hissi ilə bərabər tutaraq demişlər: ”Torpaq uğrunda ölən varsa, Vətəndir!” Qədim türk düşüncəsinə görə, torpaq təpərdir, onda qeyri-adi güc var. Belə ki, torpaqdan yapışsan, ona əyilsən, səni qaldırar, kəc baxsan, səni vurar, cəzalandırar.
Bu çərşənbə özünün təntənəsi, ayin və inancları ilə digər çərşənbələrdən seçilir. Hətta bir sıra bölgələrdə, o cümlədən Naxcıvan, Urmiya, Ərdəbil və s. ərazilərdə özünün təntənəsi ilə Novruz şənliyini belə kölgədə qoyur. İlaxır çərşənbədə səhər tezdən insanlar su üstünə gedər, suya salam verib, 3 dəfə suyun üstündən hoppanar, həmin axar suyun əl-ayaqdan uzaq bir səmtində saxsıdan olan bir qab sındırıb deyərlər: ”Nə ki, ağrı-acımız, qada-bəlamız varsa, hamısı bu saxsıynan getsin”. Sonra sudan bir səhəng doldurub gətirər, həyət-bacaya, ev-eşiyə, mal-qara üstünə səpərlər. Bu, ilin xoş keçməsi, ağrı-acının olmaması istəyini ifadə edir. Axşam isə tonqallar alovlanar, üzərlik yandırılar, bacalardan qurşaqlar, şallar sallanar, qulaq falına çıxar, oyunlar oynanılardı.
Axır çərşənbə günü tonqalı ilə hər kəs və hər şey çillədən təmizlənir. İnsanlar odun üstündən tullananda onların bütün ağırlıqları – qada-bəlaları, xəstəlikləri, çətinlikləri oda tökülərək yanır. Cavanlar göyün üzünə lopa atıb onu işığa qərq etməklə, sanki səmanı da köhnə ilin ağırlıqlarından, pisliklərindən təmizləmək istəyirlər. İnanca görə, ilaxır çərşənbədə təzə paltar geyinmək uğur gətirər, küsülülər barışar, içki içilməz, nalayiq işlər görülməz. Axır çərşənbə günü insanın əməli, niyyəti, nəfsi də təmizlənmiş olar.
İlaxır çərşənbədə el ağsaqqalları səməni xonçası hazırlatdırıb bütün kənddə evləri gəzər, evində qara bayram olan və ya bayramı qeyd edə bilməyənləri bu xonçaya qonaq edər, kasıb insanların evlərinə bayram nemətləri göndərərdilər. Bu da bir daha sübut edir ki, Novruz həm də xeyirxahlıq, bərabərlik və humanizm bayramıdır. İlaxır çərşənbədə dünyasını dəyişmiş qohumların ruhları doğma evlərinə qayıdır, evlərin bacalarında oturur, ailəsinin, övladlarının necə dolandığı ilə maraqlanırlar. Ona görə evlərdə şənliklər qurular, müxtəlif yeməklər bişirilər, həmin insanların adına şirniyyatlar hazırlanardı. Əsas məqsəd ruhların öz övladlarının yaşayışının yaxşı olmasını görmək, o biri dünyaya ürəklərində qübar aparmamasıdır.
İlaxır çərşənbə süfrəsində “yeddiləvin və ya yeddilöyün” xonçası mühüm yer tutur. Xonça 7 nemətdən - çörək, duz, üzərlik, kömür, güzgü, su və yumurtadan ibarət olur. Bu zaman süfrəyə şirniyyat, çərəz, şam düzülməli, həmçinin çığırtma və ya kişmişli ləvəngi plov qoyulmalıdır.
Azərbaycanın bəzi bölgələrində, xüsusilə Ordubadda ilaxır çərşənbə ”yeddiləvin” adı ilə məşhurdur. Bu bayramda bazardan hər nə alınsa, yeddi növ olmalıdır. Yeddi müqəddəs rəqəmdir və dünyanın, kainatın birliyini, tamlığını ifadə edir.
İlaxır çərşənbə və Novruz bayramı süfrəsi üçün tutulmuş xonçada adları “s” hərfi ilə başlayan, “Yeddi sin” adlanan 7 təam olmalıdır. Buraya su, səməni, sünbül, sumaq, soğan, sucuq və sarımsaq daxildir. Bəzi tədqiqatçılar bildirirlər ki, “Yeddi sin” xonçasında yalnız şirin şeylər, yəni su, səməni, sünbül, süd, səbzi, səməni halvası və sucuq olmalıdır. Ərdəbildə “Həft sin” mərasimi üçün aşağıdakılardan istifadə edilir: sirkə, sarımsaq, səbzi, sumaq, sikkə, saat, su. Sirkə fəallığın, gücün, sarımsaq sağlamlığın, səhhətin, səbzi (göyərti) ümidin, sumaq bolluğun, sikkə zənginliyin, var-dövlətin, saat uzunömürlülüyün, su isə aydınlığın rəmzi hesab edilir.
Ümumiyyətlə, axır çərşənbədə adamlar torpağı təmizləməyə çıxar, bostan və dirriklərdə müxtəlif ayinlər icra edilərdi. Təmizlik işi elə aparılmalıdır ki, həyət-bacanın, ev-eşiyin təmizlənməsi, səliqə-sahmanı, Novruz - yeni il üçün hazır olması dərhal nəzərə çarpsın. Novruz bayramı təkcə ilin təzələnməsi deyil, həm də köhnə ili yaşamış hər kəs və hər şeyin təzələnməsi deməkdir. İnsanlar həm də ruhən, mənən yenidən doğulmuş halda yeni ilə qədəm qoyurlar.
Axır çərşənbə gecəsinin səhəri evin damına buğda atarlar ki, bərəkət artıq olsun. İlaxır çərçənbə axşamı cavanlar ocaq üstündən atdana-atdana ürəklərində arzu-niyyət tutub deyərlər: “Atıl-batıl çərşənbə, // Baxtım açıl çərşənbə”. Sınayıblar ki, çərşənbə ocağı muradları, istəkləri hasil elər. İlaxır çərşənbədə baltanın küpüylə meyvə ağaclarının kötüyünə bir-iki dəfə yüngülcə vurub deyirlər: “Nə yatmısan, oyan, bərəkət payını götür!” İnanca görə, həmin il ağacların bəhəri, məhsulu bol olar.
Axır çərşənbənin əsas adətlərindən biri qurşaqsallama, şalsallama, papaqatdı, baca-baca, “nünnünü” adlanır. İlaxır çərşənbədə insanlar müxtəlif əyləncələr, oyunlar, fallar keçirməklə bədxah qüvvələrə meydan oxuyurlar. Novruz bayramının ilaxır çərşənbəsində hava qaralandan sonra qulaq falına çıxırlar. Ürəyində niyyət tutan şəxs özü ilə bir qab su, güzğü, açar götürüb qonşu qapısına gedir. Xəlvətcə içəridə danışılan söz-söhbətə qulaq asır. Eşitdiyi ilk sözləri ürəyində tutduğu niyyətlə tutuşdurur. Əgər sözlə niyyət arasında uyğunluq varsa, deməli, arzu, istək tezliklə həyata keçəcək.
Ulu babalarımız demişlər: “Torpaq müqəddəsdi, o hər şeyin əzəli və axırıdır”. Torpağın müqəddəsliyinə, qüdrətinə inanan əcdadlarımız “Torpağın bərəkətli olsun!”, “Torpağın həmişə gül bitirsin!” alqışlarını, and içərkən “Torpaq haqqı, yer haqqı”, – söyləmişlər. Onlar inanırdılar ki, “Torpağa əyilən namərdə əyilməz!”, “Torpağa var versən, o da sənə bar verər”.
Süfrəniz ruzi-bərəkətli, arzu və istəkləriniz çin olsun! İlaxır çərşənbəniz mübarək!
Məhəmməd Məmmədov,
Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti