"07.02.2023 tarixində ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə meyarları mövzusunda canlı yayımda oldum. 2 gün sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyi rəhbərliyi hər zamankı kimi dözümsüzlük göstərib öz "telefonçu qızlarına" çalışdığım yerə zəng etdirməklə yazmağımı dayandırmamı istədi. Öz düşüncələrində profilaktik iş görürlər. Amma başa düşmürlər ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev təhsil siyasəti üzrə apardığı məqsədyönlü siyasətə kölgə salırlar".
Tehsil.biz xəbər verir ki, bunları ali təhsil məsələləri üzrə ekspert Vüsal Kərimli feysbuk səhifəsində yazıb.
O qeyd edib ki, bununla bağlı 10.02.2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi portal üzərindən müraciət edib və cavab 12.03.2023-cü il tarixində (qeyri-iş günü) verilib: "Mənə cavab veriblər ki, müraciətinizdə qeyd etdiyiniz məsələlər öz təsdiqini tapmamışdır. Elə düşünürsünüz ki, siz dediniz bitti? Bunun telefon danışıqları var, məhkəməsi var, sonra ortaya çıxsa, nə olacaq? Bu məsuliyyətsizlikdir. Sən ziyalı vətəndaşa yalan danışırsan deməklə iş bitmir. Elm və təhsil naziri cənab Emin Əmrullayev bu cavabı verməklə bir başa özlərinin mənim araşdırmalarımdan çox narahat olduqlarının ifadəsidir. Xaricdə təhsil almaqla deyilmiş. Əsas məsələ zehniyyət imiş".
Vüsal Kərimli Emin Əmrullayevin fəaliyyətini tənqid edib: "Hörmətli, cənab Emin müəllim. Belə təhsil idarəçiliyi olmur axı. Dövlət qurumu özbaşınalıqların yeri deyil! Azərbaycan kiçik ölkədir. Kimin nə etdiyi ortadadır. Məsələ təhsil naziri olmaqdan getmir, əsas iş elm və təhsil naziri olmaqdadır".
Mütəxəssis əlavə olaraq bunları bildirib: "Emin Əmrullayev müəllim, 23.11.2022 tarixli "AzEdu" portalında yayımlanmış məqalədə siz qeyd edirdiniz ki, dissertasiyalarımızda əgər plagiatlıq varsa, demək ki, bizim elmi əxlaqla bağlı problemimiz var. İndi sizin ən yaxınında olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Ülkər Səttərovanın elmi rəhbəri (fəlsəfə və elmlər doktorluq üzrə) öz babası AMEA akademiki Telman Əliyev olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası dilsiz adamlar üzərində güç göstərməklə həzz alır yəqin. Bu da sizə fakt. Araşdırma etdiyiniz zaman AzTU-nun sosial məsələlər üzrə prorektoru dosent Nərmin Eldar qızı Rzayevada işini araşdırın. Akademik hər iki nəvəsini himayəsinə götürmüş və onların maraqlarının xeyrinə müdafiələrinə nail olmuşdur. Niyə belə yazıram? Elmmetrik bazalarda çap olunan eyni məqalələrdə hər üçünün adı gedir. (1 məqalə ilə 3 həmmüəllif). Qadınla bağlı belə yazı yazmaq istəməzdim. Amma bu tipli davaranışlarla özləri məni məcbur etdilər. Əsas da babanın əsas elmi nailiyyətləri və istiqamətlərini nəvələrin elmi məqalə və distertasiya işi ilə birbaşa əlaqəli olmasıdır. Buda sübut linki: https://science.gov.az/az/forms/deystvitelnyie-chlenyi/16
Mən 2 ildir ki, yazıram, Təhsildə Keyfiyyət Təminatı Agentliyi fəaliyyətində maraqların toqquşması prinsipinə riayət etmir, hamı gülürdü. İndi gəlin faktı da ortaya qoyaq. TKTA-nın sədirinin bacısı Elm və təhsil nazirinin əmri ilə 2022-ci ilin dekabr ayında AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub. Hansı fəaliyyətə görə Emin müəllim? Bəlkə Ülkər xanımın bacısı olduğu üçün onun xeyrinə qərar vermisiniz? Deməyin ki, təsadüfdür".
Vüsal Kərimli Azərbaycan Respublikasının Prezidentinə müraciət edib: "Cənab İham Əliyev, bu ölkənin ziyalı vətəndaşı olaraq sizə müraciət edirəm. Bu məsələni nəzarətə götürməyinizi sizdən xahiş edirəm. Bu artıq şəbəkə qurmaqdır. Qohumlar, dostlar, iş yoldaşları və s. Təhsil ölkənin təhlükəsizlik məsələsidir və yalnışlığı qəbul etmir".