Logo

Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün nəzərdə tutulan təhsil qrantının qalibi BDU-da doktorantura təhsili alacaq

01.03.2021 21:18 598 baxış
IMG

Azərbaycan Respublikası Prezidentinin “Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi” haqqında 2018-ci il 10 yanvar tarixli Sərəncamına uygun olaraq, fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinə qəbul olunmuş Əlcəzair vətəndaşı Lemunes Nour El Houda Djoumana ilə fakültədə tanışlıq görüşü keçirilib. Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı vəzifəsini icra edən Ələmdar Cabbarlı əcnəbi doktorantı Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün nəzərdə tutulan təhsil qrantını qazanması münasibətilə təbrik edib, eyni zamanda doktorantura təhsili üçün BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsini seçdiyinə görə ona təşəkkürünü bildirib. O, Qoşulmama Hərəkatına 2019-cu ildən Azərbaycanın sədrlik etdiyini və bu təşkilatın hər zaman ölkəmizin haqlı mövqeyini dəstəklədiyini xatırladıb. Sonra əcnəbi doktoranta ölkəmizdəki təhsil mühiti, Azərbaycanın ilk Universiteti olan BDU-nun tarixi və bu günü, eyni zamanda Kitabxanaçılıq-informasiya fakültəsi barədə geniş məlumat verilib.

 

Görüş üçün təşəkkürünü bildirən Əlcəzairli doktorant Lemunes Nour El Houda Djoumana ölkəmiz haqqında bir çox məlumatlara, o cümlədən Vətən müharibəsindəki qələbəmizlə bağlı bilgilərə malik olduğunu bildirib, eyni zamanda Azərbaycanın ən nüfuzlu ali təhsil müəssisəsində təhsilini davam etdirməkdən məmnunluğunu ifadə edib. Daha sonra doktorantın təhsil müddətində tədqiqat aparacağı mövzularla bağlı müzakirələr aparılıb.

Xəbər lenti