Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev haqqında mətbuatda bəzi xoşagəlməz məlumatlar tirajlanır.
Diqqətçəkən məqam odur ki, artıq millət vəkilləri səviyyəsində də BDU haqqında xoş olmayan fikirlər səsləndirilməyə başlayıb. Xatırladaq ki, BDU-nun rektorunun "reytinqlərdə geri qalmağımızın səbəbi tək bizim inkişafımızın zəifliyi ilə yox, digərlərinin çox sürətli inkişafı ilə də bağlıdır" açıqlaması cəmiyyətdə müzakirələrə rəvac verib.
Tehsil.biz xəbər verir ki, Moderator.az-ın əməkdaşı məsələ ilə bağlı BDU İctimai Nəzarət Şurasının üzvü Zülfüqar Hüseynzadənin fikirlərini öyrənib:
"Şəxsən mən dəqiq bilmirəm ki, doğrudan da Elçin Babayev o fikri səsləndirib, yoxsa yox. Razılaşıram, ola bilsin ki, fikirlərini ifadə edərkən adekvat analogiya apara bilməyib. Atalarımız da yerində deyib ki, sən deyilən sözə yox, əmələ bax qiymət ver. Təhsil eksperti olmasam da, bu gün özünü təhsil eksperti kimi təqdim edənlərin bir çoxunu Moderator.az-ın "dibçəy"ində yetişdirmişəm. Digər adlı-sanlı təhsil ekspertlərini də aşağı-yuxarı hamıdan yaxşı tanıyıram. Sözümün mustafası budur ki, Bakı Dövlət Universiteti millət vəkili, parlamentin elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədovun iddia etdiyi kimi tənəzzül dövrünü yaşamır, tərəqqi dövrünü yaşadığını desəm də şişirtmiş olaram, amma ən azı durğunluq dövrünü yaşamır və əksinə, inkişaf etməkdədir. Mən BDU İctimai Nəzarət Şurasının üzvü kimi universitet həyatı ilə yaxından tanışam. Özü də rektorla münasibətlərim o qədər də yolunda deyil. Amma mərdi qova qova namərd etməyin özü namərdlikdir və BDU haqqında başından böyük danışanlara bildirmək istəyirəm ki, kimlərinsə sifarişi ilə bulanıq suda tutmaq istədiyiniz balıqları yemək istəsəniz belə, boğazınızda qalacaq. Vicdanlı yanılanlara isə demək istəyirəm ki, vallah-billah, BDU-da vəziyyət iddia edildiyi kimi bərbad deyil və hər şey normaldır. Ən azından universitetdə rüşvət, sifarişlə qiymət yazılması hallarının olmamasına and içə bilərəm. Özüm neçə vaxtdır ki, "kəşfiyyat" apararaq belə bir pozuntunun tapılaraq ifşa olunmasına çalışıram, amma bu günədək belə bir halla rastlaşmadım. Mənim yeganə övladım BDU Jurnalistika fakultəsində 3-cü kursda oxuyur və bu günədək nə onu tapşırmışam, nə həmin fakultədə kiminsə tapşırıldığını eşitməmişəm. Azərbaycan bapbalaca məmləkətdir və kimin kim olduğu, kimlərin hansısa dolaşıq işlərlə məşğul olub-olmadığını gec-tez bilmək asandan asandır. BDU-nun reytinqi barədə əminliklə onu deyə bilərəm ki, BDU bu gün də ölkə ali təhsilinin flaqmanı sükanını kimsəyə qapdırmayıb. Şübhə etmirəm ki, Elçin Babayev barəsində tirajlanan bu yersiz dedi-qodulara öz yaradıcı işi ilə cavab vermiş olacaq və onu hədəfə gətirənləri köks ötdürəcək".