Logo

Nəqliyyat sferasının innovasiya əsaslı inkişafı problemləri müzakirə olunub

14.03.2023 23:41 311 baxış
IMG

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.

Bu barədə "Tehsil.biz"ə İnstitutdan bildirilib.

İnstitutun icraçı direktoru, i.e.d., professor Müşfiq Atakişiyevin sədrliyi ilə keçirilən tədbirə bir sıra ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.

Seminarda Xidmət sferasının iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi, i.ü.f.d., dosent Kamran Abdullayev “Azərbaycan Respublikasında nəqliyyat sferasının rəqabətqabiliyyətliliyinin innovasiya əsaslı inkişafı üzrə mövcud vəziyyətinin dəyərləndirilməsi” mövzusunda təqdimatla çıxış edib. Bildirib ki, Azərbaycanda nəqliyyat sferasının rəqabətqabiliyyətinin innovasiya əsaslı inkişaf etdirilməsi əsas prioritet məsələlərdən hesab olunur. Məsələn, son illər ölkəmizdə davamlı olaraq nəqliyyat sektorunda rəqəmsallaşmanın formalaşdırılması üçün rəqəmsal təhlükəsiz infrastruktur sisteminin qurulması istiqamətində ciddi tədbirlər həyata keçirilməkdədir. Müasir iqtisadi şəraitdə rəqəmsal iqtisadiyyatın inkişafının ölkənin ÜDM-nin artım tempinin yüksəlməsinə birbaşa təsiri vardır. Ümimiyyətlə, milli iqtisadi sahələrin (o cümlədən, nəqliyyat sektoru da daxil olmaqla) rəqəmsallaşmağa tam keçidi bizim qlobal iqtisadi məkanda rəqəbətqabiliyyətli olmağımıza və milli təhlükəsizliyin təmininə imkan verə bilir.

Aparılmış təhlillər onu göstərir ki, müasir innovativ texnologiyalara malik avtomobil, dəmir yolu, dəniz, hava nəqliyyatı üzrə müasir nəqliyyat vasitələrinin alınaraq (yaxud müştərək istehsalını təşkil etməklə) ölkəmizdə istifadə olunması yük və sərnişin daşımalarının və əldə olunan gəlirlərin həcmini artıra bilər. Dövlət nəqliyyat şirkətlərinin son illər daşıma xidmətləri üzrə iqtisadi göstəricilərində ciddi fərq müşahidə olunmaqdadır. Tədqiqatçı hesab edir ki, dövlət-özəl tərəfdaşlığına malik innovasiya əsaslı müştərək, yaxud tam özəl nəqliyyat şirkətlərinin yaradılması zəruridir. Nəticədə nəqliyyat sektorunun innovasiya əsaslı inkişafını sürətləndirmək mümkündür. Müasir qloballaşan dünyada ayrı-ayrı nəqliyyat növlərinin göstərdikləri xidmətlərin rəqəmsallaşması, eləcə də daşımaların təşkilində müasir innovativ texnologiyaların tətbiqi daha çox müşahidə olunmaqdadır. Nəqliyyat sektoru üzrə daşıma xidmətlərinin də rəqəmsal transformasiyasının təmin olunması zəruridir.

K.Abdullayev qeyd edib ki, daşıma xidmətlərinin rəqəmsallaşması nəticəsində yük və sərnişin axınlarının idarə olunması, naviqasiya təchizatı, daşıma axınlarının avtomatlaşdırılması, informasiya sistemlərinin əlaqələndirilməsi təmin oluna bilər. Rəqəmsallaşma prosesinin təşkilində rəqəmsal texnologiyaların tətbiqi mühüm rol oynayır. Ümumiyyətlə, hər bir nəqliyyat növü üzrə göstərilən xidmətlərin rəqəmsal təşkili vacibdir. Aparılmış təhlildə eyni zamanda son illər ölkəmizdə ayrı-ayrı nəqliyyat növlərinin innovasiya əsaslı (eləcə də, tranzit nəqliyyat dəhlizləri çərçivəsində) inkişafı istiqamətində mövcud problemlər müəyyənləşdirilmiş, onların aradan qaldırılması məqsədilə təklif və tövsiyələr irəli sürülmüşdür.

Seminarda suallar cavablandırılıb, Azərbaycanda nəqliyyat sektorunu inkişafı ilə bağlı mövcud problemlər və gələcək inkişaf perspektivləri, o cümlədən özəl sektorun təşəkkülü məsələləri geniş müzakirə olunub.

Xəbər lenti