Logo

Növbəti "Novruz mühazirəsi" keçirilib - FOTO

17.03.2023 11:47 258 baxış
IMG

Martın 16-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə növbəti "Novruz mühazirəsi" keçirilib.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, mühazirə Bakı şəhəri Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli tam orta məktəbdə təşkil edilib.

Mühazirədən əvvəl H.Z.Tağıyevin büstü ziyarət edilib, önünə gül dəstələri qoyulub. Eyni zamanda məktəbin həyətində dəfn olunmuş iki türk əsgərinin məzarına və məktəbin şəhid məzunlarının xatirə lövhəsinin qarşısına tər güllər düzülüb.

Tədbir iştirakçıları H.Z.Tağıyevin xatirə muzeyinə də baxış keçiriblər.

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov qonaqları salamlayaraq xeyriyyəçi əməlləri ilə zəngin insanlıq məktəbi yaradan H.Z.Tağıyevin dərin və mənalı həyat yolunun gənclər arasında təbliğinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə iştirak edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva H.Z.Tağıyevin sahibkar və xeyriyyəçi kimi keçdiyi yola nəzər salaraq onun xalqının maariflənməsi, savadsızlığın aradan qaldırılması və milli kadrların hazırlanması istiqamətində misilsiz xidmətlərindən söz açıb. 123 nömrəli tam orta məktəbin tarixi barədə də məlumat verən BŞTİ müdiri bildirib ki, bu təhsil müəssisəsi 1894-cü ildə H.Z.Tağıyev tərəfindən tikdirilib. Hazırda onbirillik məktəb kimi fəaliyyət göstərən təhsil müəssisəsində 1058 şagird təhsil alır.

Daha sonra tarix elmləri doktoru, dosent Fərhad Cabbarov “Hacı Zeynalabdin Tağıyevin milli miqyası" mövzusunda mühazirə ilə çıxış edib. Fərhad Cabbarov mühazirədə H.Z.Tağıyevi zənginliyə aparan yoldan, milli təhsilimizin inkişafında Tağıyev nümunəsindən danışıb, Tağıyevin qızlar məktəbini onun şah əsəri adlandırıb, məktəbin milli təhsil tariximizdəki rolundan söz açıb.

Mühazirəçi çıxışında maarifpərvər və ictimai xadim H.Z.Tağıyevə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açaraq bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən Bakı şəhərində H.Z.Tağıyevin abidəsinin ucaldılması bu diqqətin bariz nümunəsidir. H.Z.Tağıyevin xeyriyyəçilik ənənələrinin əsasını qoyduğunu deyən Fərhad Cabbarov onun bu fəaliyyətinin təkcə Azərbaycanla məhdudlaşmadığını da bildirib. Mühazirəçi görkəmli mesenat Tağıyevin Azərbaycan təhsilinə, maarifə böyük qiymət verdiyini, bu sahənin inkişafı naminə xidmətlərini iştirakçıların diqqətinə çatdırıb.

Çıxış edən digər qonaqlar H.Z.Tağıyevin gələcək nəsillərə miras qoyduğu mənəvi irsindən, elm və təhsilə verdiyi dəyər və dəstəkdən söz açıb,  belə bir tədbirin keçirilməsinin Tağıyev irsinin öyrənilməsi və təbliği baxımından önəmini vurğulayıb, həmçinin məktəbə kitab hədiyyə ediblər.

Sonra iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Tədbir çərçivəsində məktəbin həyətində “Heydər Əliyev – 100” adlı ağacəkmə kampaniyası ilə bağlı ağaclar əkilib.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 2016-cı ildən “Novruz mühazirələri” təşkil edilir.

Xəbər lenti