Logo

“Meksikanın tarixi və memarlıq irsi” adlı sərgi təşkil edilib

18.03.2023 11:44 268 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Dünyanın şah memarlıq əsərləri” fotolayihəsi çərçivəsində “Meksikanın tarixi və memarlıq irsi” adlı sərgi təşkil edilib.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, sərgi İtaliya-Azərbaycan Dizayn Mərkəzi və tanınmış fotoqraf, incəsənət kuratoru Aydın Sadıxovun təşkilatçılığı ilə keçirilib. Açılış mərasimində İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Fərid Kərimov çıxış edərək fotolayihə barədə qonaqlara məlumat verib. Qeyd edib ki, layihənin əsas məqsədi dünyanın müxtəlif ölkələrinin memarlıq xüsusiyyətləri, tarixi və mədəni irsi, eləcə də dizayn sahəsində yeniliklərlə tanışlıqdır.

Universitetin rektoru professor Gülçöhrə Məmmədova çıxışında layihənin fərqli memarlıq nümunələrini öyrənmək, təbliğ etmək baxımından önəminə diqqət çəkib. Meksika memarlığının dünya memarlıq irsində xüsusi yerə sahib olduğunu qeyd edən Gülçöhrə Məmmədova bildirib ki, bu layihə AzMİU tələbələrinin, memarlıq üzrə professor-müəllim heyətinin bu ölkənin şah əsərləri ilə bağlı daha çox məlumat əldə etməsinə şərait yaradacaq.

Sərgiyə görə universitet rəhbərliyinə, təşkilatçılara təşəkkürünü bildirən Meksikanın Azərbaycandakı səfiri xanım Mariya Viktoriya Romero Kabalyero bu tip tədbirlərin ölkələrimiz arasındakı əlaqələri gücləndirdiyini qeyd edib. Səfir bildirib ki, AzMİU-nun bu əlaqələrin inkişaf etdirilməsi üçün elmi-mədəni sferada atdığı addım təqdirəlayiqdir və səfirlik tərəfindən yüksək qiymətləndirilir.

Aydın Sadıxov AzMİU rəhbərliyinə və qonaqlara təşəkkür edib, sərgidə nümayiş olunan əsərlər haqqında məlumat verib.

Sərgidə Meksikanın şəhər və qəsəbələrində yerləşən qala və tarixi-memarlıq abidələri maraqlı fərdi fotokompozisiya şəklində təqdim olunub. Meksikanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş yerlərinin, xüsusilə dünyanın ən inanılmaz, sirli və gözəl tikililərindən olan Kukulkan Piramidasının fotoları sərgi iştirakçılarının diqqətini cəlb edib.

Tədbirin sonunda Meksika milli mədəniyyətinə aid musiqi nömrələri təqdim olunub.

Xəbər lenti