Logo

Alimlərin tələbələrlə görüşü keçirilib

18.03.2023 15:03 258 baxış
IMG

Martın 17-də Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun bir qrup alimi ilə görüş keçirilib.

Kollecdən "Tehsil.biz"ə bildirilib ki, tədbirdən əvvəl kollecin və institutun əməkdaşları Şirvan şəhərində Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərimizin əziz xatirəsi dərin hörmətlə yad olunaraq məzarları üzərinə gül dəstələri düzüblər.

Kollecdə müəllim-tələbə heyəti ilə təşkil olunmuş görüşdə İqtisadiyyat İnstitutunun xüsusi layihələr üzrə direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradov, şöbə müdirləri – iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayeva, i.ü.f.d., dosent Pərviz Həsənov və i.ü.f.d., dosent Mahir Zeynalov iştirak ediblər.

Tədbiri giriş sözü ilə Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Barxudar Barxudarov açaraq qonaqları salamlayıb, belə bir görüşün təşkilinin müəllim-tələbə heyəti üçün çox faydalı olduğunu, regionlardakı təhsil müəssisələri ilə elmi tədqiqat institutları arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Kollecin müəllimi Elçin Məlikovun moderatorluğu ilə keçirilən tədbirdə iqtisadçı alimlər çıxış edib, tələbələrin Azərbaycan iqtisadiyyatının müasir inkişafının başlıca xüsusiyyətləri, əsas inkişaf meyilləri və gələcək perspektivləri ilə bağlı çoxsaylı suallarını cavablandırıblar. Xüsusən də, ölkəmizdə innovativ iqtisadiyyatın formalaşması, məşğulluğun təmin edilməsi, gələcəyin əsas peşə və ixtisasları və bu prosesdə təhsilin rolu, azad sahibkarlıq fəaliyyəti və biznes mühiti, sosial rifahın yüksəldilməsi, regionların tərəqqisi, qeyri-neft sektorunun inkişafı, Qarabağda yeni iqtisadiyyat quruculuğu kimi məsələlər ətrafında maraqlı müzakirələr aparılıb.

Sonda gənclərin elmi maariflənməsində göstərdikləri xüsusi xidmətlərinə görə iqtisadçı alimlər Elm və Təhsil Nazirliyi Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin Fəxri fərmanı ilə təltif olunublar.

Xəbər lenti