Bu gün Dövlət İmtahan Mərkəzi kağız daşıyıcılar vasitəsilə BB vəzifə altqrupu üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanını keçirib.
Tehsil biz xəbər verir ki, namizədlər aşağıdakı keçid vasitəsilə imtahan nəticələri ilə tanış ola bilərlər:
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi (BB vəzifə altqrupu)
İştirakçılar imtahan nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanında 213 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 17, BB2 altqrupu üzrə 46, BB3 altqrupu üzrə 61, BB4 altqrupu üzrə 52 nəfər olmaqla, ümumilikdə 176 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 19 mart saat 12:00-dan 21 mart saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 27 mart 2023-cü il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.
Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.