Logo

“Xəzərin irsi” adlı sualtı-arxeologiya sərgisinin açılış mərasmi keçirilib - FOTO

19.03.2023 14:21 196 baxış
IMG

“Heydər Əliyev İli” və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin yaradılmasının 165 illik yubileyi çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti “Suraxanı” gəmi-muzeyinin birgə təşkilatçılığı ilə “Xəzərin irsi” adlı unikal sualtı-arxeologiya sərgisinin açılış mərasmi keçirilib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.

Bildirilib ki, sərginin açılış mərasimində Milli Azərbaycan Tarixi Muzeyinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO), AMEA-nın əməkdaşları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Mərasimdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək, sualtı arxeologiya sərgisinin əhəmiyyətindən danışıb. Akademik Milli Azərbaycan Tarixi Muzeyində 1968-ci ildə fəaliyyətə başlayan sualtı arxeoloji ekspedisiyanın tarixini və ona rəhbərlik edən Viktor Kvaçidzenin bu ekspedisiyadakı rolunu xüsusi vurğulayıb. Nailə Vəlixanlı qeyd edib ki, V.Kvaçidzenin sualtı arxeoloji tədqiqatları nəticəsində muzeydə və Azərbaycan tarix elmində yeni bir ixtisas sahəsinin əsası qoyulmuş, tariximizin öyrənilməsinə yeni töhfələr verilmiş, eyni zamanda muzeyin Arxeologiya fondu sualtı arxeoloji materiallar hesabına zənginləşmişdir.

Tədbirdə, həmçinin bildirilib ki, sualtı-arxeologiyaya həsr olunmuş bu sərgi yalnız mütəxəssislər, tədqiqatçılar üçün deyil, Azərbaycan tarixi və mədəniyyəti ilə maraqlanan hər kəs, o cümlədən ölkəmizin qonaqları üçün maraqlı olacaq.

Sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasından seçmə eksponatlar – Xəzərin Azərbaycan sektorunun dibindən aşkarlanmış artefaktlar, tarixi əşyalar nümayiş edilir. Bu sərgi Milli Azərbaycan Tarixi Muzeyi və ASCO-nun “Suraxanı” gəmi-muzeyi arasında əməkdaşlıq haqqında imzalanmış Memorandum çərçivəsində baş tutub.

Memoranduma əsasən “Suraxanı” gəmi-muzeyində 200-dən çox artefaktın sərgilənməsinə xüsusi şərait yaradılıb. Artefaktların tarixini, əhəmiyyətini muzey ziyarətçilərinə çatdırmaq, həmçinin tapıntı yerlərini göstərmək, sualtı arxeoloji tədqiqatları işıqlandırmaq məqsədilə sərgidə interaktiv və multimedia avadanlığı qurulub, müvafiq proqramlar yaradılıb.

Tədbir çərçivəsində sərginin kataloqunun təqdimatı da keçirilib.

Sonda qonaqlar “Xəzərin irsi” adlı sualtı-arxeologiya sərgisini ziyarət ediblər.

Xəbər lenti