Logo

MDU rektoru beynəlxalq təşkilatın İdarə Heyətinin iclasında iştirak edib - FOTOLAR

20.03.2023 21:56 286 baxış
IMG

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov 2023-cü ilin 16-17 mart tarixində Fransanın paytaxtı Paris şəhərində Beynəlxalq Universitetlər Assosiasiyasının (International Association of Universities – IAU) İdarə Heyətinin növbəti iclasında iştirak edib.

Tehsil.biz xəbər verir ki, UNESCO-nun Parisdəki baş qərargahında baş tutan tədbirdə İdarə Heyətinin 2022-ci ilin oktyabrında keçirilmiş əvvəlki iclasından sonrakı dövrdə IAU çərçivəsində reallaşdırılan fəaliyyətlər barədə hesabatlar dinlənilib. Eyni zamanda, iclasda IAU-nun idarəedilməsinin təkmilləşdirilməsi, təşkilata yeni üzv universitetlərin qəbul olunması, IAU Katibliyinin işinin səmərəliliyinin yüksəldilməsi, maliyyə daxilolmalarının artırılması imkanları və digər məsələlər ətraflı müzakirə olunub, müvafiq qərarlar qəbul olunub.

İclasda IAU 2030 Strategiyası əsasında hazırlanmış Fəaliyyət Planı (2023-2026) layihəsi geniş müzakirə olunub. Müvafiq əlavə və düzəlişlərin edilməsi ilə IAU İdarə Heyəti tərəfindən qəbul olunan Fəaliyyət Planı dörd strateji prioritet üzrə müvafiq tədbirlərin reallaşdırılmasını nəzərdə tutub: qlobal əhatəli və dəyər əsaslı liderlik; cəmiyyət üçün beynəlmiləlləşmə və qlobal ortaq məhsul; davamlı inkişaf üçün ali təhsil və tədqiqat; ali təhsilin rəqəmsal transformasiyası. Qeyd olunan strateji prioritetlər üzrə həyata keçiriləcək fəaliyyətlərin əlaqələndirilməsi məqsədilə IAU İdarə Heyəti üzvlərindən ibarət dörd İşçi Qrupu yaradılıb.

Tədbir günlərində Ş.Bayramov UNESCO Baş Katibinin təhsil məsələləri üzrə köməkçisi Stefania Giannini, 17 ölkənin UNESCO yanında Nümayəndəliklərinin diplomatları, IAU-nun Prezidenti Andreu Deeks, IAU İdarə Heyətinin üzvləri və IAU Katibliyinin əməkdaşları ilə görüşüb.

Eyni zamanda, Paris şəhərinə səfəri çərçivəsində Ş.Bayramov Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfiri Leyla xanım Abdullayeva və Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayevlə də görüşüb. Ş.Bayramov Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi tərəfindən təşkil olunan Novruz bayramı tədbirinə də qatılıb.

Məlumat üçün bildirək ki, Ş.Bayramov IAU-nun 2022-ci ilin oktyabrında İrlandiyanın paytaxtı Dublin şəhərində baş tutan 16-cı Baş Konfransı çərçivəsində keçirilmiş seçkilərdə IAU İdarə Heyətinin üzvü seçilib. IAU İdarə Heyəti təşkilatın əsas idarəedici qurumudur və üzvləri dörd il müddətinə seçilir. Hazırda 17 üzvü olan İdarə Heyəti hər il toplanır, Baş Konfransın qərarlarının icrasını təmin edir və İAU Katibliyinin işinə rəhbərlik edir. İdarə Heyətinin işlərinin bir hissəsi konkret komitələr və işçi qruplar vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, MDU 2022-ci ildən IAU-nun üzvüdür. IAU 1950-ci ildə UNESCO-nun himayəsi altında yaradılmış qlobal miqyaslı üzvlük əsaslı təşkilatdır. Ali təhsil sahəsində dünyanın ən böyük təşkilatı hesab edilən IAU dünyanın 130-dan çox ölkəsinin 600-dən artıq universitetini birləşdirir. IAU dünya ali təhsil ictimaiyyətinin nümayəndələrini, ekspertləri və universitet liderlərini ali təhsil sahəsində qlobal gündəliyə aid əsas məsələlərə həsr olunan beynəlxalq konfranslar və görüşlərdə, tematik ixtisaslaşdırılmış seminarlar və vebinarlarda bir araya gətirən beynəlxalq şəbəkələşmə və əməkdaşlıq platforması kimi çıxış edir.

Xəbər lenti