Beynəlxalq müsabiqələr qalibi Surə Həsənlinin uğur hekayəsi
Dünyaşöhrətli korifey musiqiçılərin tərcümeyi-halına nəzər yetirərkən bir daha şahid olursan ki, sən demə babalar zamanında çox doğru deyiblər ki, fitri istedad erkən yaşlarında özünü büruzə verir. Bu fikrin danılmaz həqiqət olduğuna yeniyetmə bir skripkaçı qızla- Surə Həsənli ilə bu günlərdə təhsil aldığı gimnaziyada tanış olduqdan, onun bu simfonik janr ifadəçisi olan musiqi alətində lap erkən yaşlarında yaratdığı xarüqələr barədə məlumat aldıqdan sonra bir daha inandım. Həmsöhbətim dilli-dilavər qız idi. Söhbətimiz də olduqca maraqlı keçdi.
Surə Həsənli 2009-cu ildə Bakıda anadan olub. 5 yaşından Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Əməkdar müəllim, professor Fatimə İdiyatulinanın sinfində təhsil alıb. Hazırda isə yeniyetmə skripkaçı Milli Konservatoriyanın tərkibində İncəsənət Gimnaziyasında musiqinin sirlərinə həvəslə yiyələnir. Bəs necə? O, bu təhsil ocağında da əla qiymətlərlə oxuyur və bir çox konsertlərdə, müsabiqələrdə ona yönəli olan ümidləri doğruldaraq nailiyyətlərə imza atmağa israrlı olduğunu aldığı medal və diplomlarla sübut edir. Dünyaşöhrətli musiqi korifeylərinin bəstələdikləri simfonik əsərləri maraqla dinləyən və öyrənən istedad sahibi Surə Həsənli skripkanın simləri üzərində yaratdığı möcüzələrlə artıq tamaşaçıların qəlbinə asanlıqla yol tapa bilir. Onunla söhbət zamanı, - skripkada ifa etmək həm şərəfli, həm də məsuliyyətlidir, - dedi. - Möhtəşəm konsert salonlarında özünü sınayırsan, hamının diqqəti sənin ifanda olur, tamaşaçıların rəğbətini qazanırsan. Bundan böyük nailiyyət və xoşbəxtlik mənim üçün nə ola bilər?
Bütün uğurlarıma görə müəllimlərimə borcluyam
Bütün uğurlarımın təməlində zəhmətimlə, əzmkarlığımla bərabər təhsil aldığım məktəbin və müəllimlərimin əməyi danılmazdır. Onların üzərimdə çəkdikləri əməyin nəticəsi olaraq müxtəlif vaxtlarda beynəlxalq müsabiqələrə qatılaraq birincilik qazanıb diploma və fəxri fərmanlara layiq görülmüşəm. 2017-ci il həyatımda ən uğurlu il olub. “Testene art” adlı beynəlxalq müsabiqədə I yerə layiq görüldüm. “Ümid 2018” adlı beynəlxalq müsabiqədə I yerə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş III Respublika müsabiqəsində laureat adına, Gürcüstanın Tbilisi şəhərində keçirilən Vaje Çaçavanın xatirəsinə həsr olunan II beynəlxalq müsabiqədə I yerə, Gürcüstanla Azərbaycanın birgə keçirdikləri “Future stars” adlı IX beynəlxalq müsabiqədə I yerə, Belçikanın Brüsel şəhərində keçirilən “Grumiaux” (keçmiş Bravo) adlı violin ifaçıları arasında beynəlxalq müsabiqədə II yerə, “Nouvelles etoiles” adlı beynəlxalq müsabiqədə I yerə və iki xüsusi mükafata layiq görülmüşəm. Mən bu mükafatlara əsasən Fransanın Paris şəhərində Novosibirskın “Bright bows” adlı kamera orkestri ilə çıxış və violin ifaçıları üçün “İnter corder” adlı nüfuzlu beynəlxalq müsabiqədə finalda birbaşa iştirak etmək hüququ qazandım.
“İlin ən yaxşı skripka ifaçısı” seçildim
Uğurlarım çoxaldıqca daha çox ruhlanıram və daha da əzmlə çalışıram. 2018-ci və 2019-cu illərdə “İlin ən yaxşı skripka ifaçısı” seçildim. “Əlvida 4-cü sinif” adlı solo konsertim Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan musiqi zalında uğurla keçdi. Yarışmalara tez-tez qatılırdım. Birinci Beynəlxalq Caz müsabiqəsində I yeri, “Fransa music competişion” virtuoz violin ifaçıları üçün 8-16 yaş arası müsabiqədə II yeri, İslam ölkələri arasında keçirilən XI beynəlxalq müsabiqədə I yeri, “Marine Laşville” adlı violin ifaçıları üçün müsabiqədə I yeri, 2023-cü ilin fevralında İtaliyanın Fanny Mendelson xatirəsinə həsr olunan müsabiqədə I yeri qazandım.
Özümü sərbəst hiss edirəm
Uğurlarım artdıqca səhnə həyəcanım azalır. Özümü sərbəst hiss edirəm. Harada çıxış etməyimdən asılı olmayaraq özümü itirmirəm, doğma paytaxtımızda olduğum qədər rahat hiss edirəm. Çoxlu dostlarım var. Onlarla ingilis dilində maraqlı söhbətlər edirəm. Bütün bunlar festival və konsertlərdə, müxtəlif nominasiyalı müsabiqələrdə qazandığım nailiyyətlərin bəhrəsidir,-desəm yanılmaram. Qeyd edim ki, Qara Qarayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera Orkestri ilə bir çox dövlət əhəmiyyətli konsertlərdə çıxış edirəm. Almaniyanın Selle və Hanover şəhərlərində, Gürcüstanın Tbilisi Konservatoriyasında, Bəstəkarlar İttifaqında, Mirzə Fətəli Axundovun ev-muzeyində çox parlaq və yaddaqalan çıxışlarım olub. Türkiyənin İzmir şəhərinin Ege Universitetinin Konservatoriyasında və “Suat tasher” adlı açıq havada keçirilən teatrosunda gözəl çıxışlarım hər zaman dinləyiciləri heyran edib.
ISESCO-nun, Gənclər və İdman Nazirliyinin dəstəyi, Bakı Musiqi Akademiyasının iştirakı, “Kainat” Gənclik Mərkəzinin təşkil etdiyi İslam Dünyası gənc klassik musiqi ifaçılarının (20 yaşadək) XI beynəlxalq müsabiqəsində kiçik yaş qrupunda I yerə layiq görüldüm.
“Səninləyik, Türkiyə” adlı solo konsert
Bu günlərdə gənc istedad Surə Həsənlinin 2023-cü ilin fevralın 24-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində “Səninləyik, Türkiyə!” adlı solo konserti uğurla keçib. Möhtəşəm konsert Filarmoniyanın Kamera və Orqan Musiqisi zalında baş tutub. Əvvəlcə qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələ nəticəsində həyatlarını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və yaralılara Ulu Tanrıdan şəfa dilənib. Surə Həsənlinin təqdim etdiyi maraqlı proqram başa çatdıqdan sonra Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi ürəklərə sərinlik gətirən konsert proqramının təşkilatçılarına və bütün iştirakçılara, xüsusilə yeniyetmə ifaçıya öz təşəkkürünü ifadə edib.
Surə Həsənlinin martın 15-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrin müşayiəti ilə “Gənclərə dəstək” layihəsi çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş solo konserti keçirilib.
...Söhbətimizin sonunda yeniyetmə istedad sevdiyi və təmsil olunduğu sənətə diqqət göstərən insanlara təşəkkürünü ifadə etməyi də unutmadı:
- Nə yaxşı ki, ölkəmizdə, eləcə də bütün dünyada sənətə, sənətkara yüksək dəyər verilir. Biz gənclərə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya bütün gənc istedadlar adından minnətdarlığımı ifadə edirəm. Musiqi sahəsində qazandığım bütün uğurlara görə valideynlərimə və məni bu zirvəyə gərgin əməyi sayəsində qaldıran sevimli müəllimim Fatimə İdiyatulinaya təşəkkür edirəm və özümü onların qarşısında ömürlük borclu sayıram.
Sifai SƏFƏROVA