Logo

Əbu-Dabi və Dubay məktəblərində Azərbaycanın təqdimatı təşkil edilib - FOTO

23.03.2023 18:02 225 baxış
IMG

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi və Dubay şəhərlərindəki müxtəlif məktəblərdə Azərbaycanın təqdimat mərasimləri keçirilib.

Bu barədə "Tehsil.biz"ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, “İnternational Day” layihəsi çərçivəsində baş tutan tədbirlərdə Əbu-Dabinin “Al-Basma British School”, “The British School Al-Khubairat”, Dubayın “Repton School”, “Swiss International Scientific School Dubai” məktəblərində təhsil alan və müxtəlif ölkələri – Azərbaycan, Türkiyə, Pakistan, Avstraliya, Kanada, Mərakeş, Suriya, Sudan, Cənubi Afrika Respublikası və digər ölkələri təmsil edən şagirdlər və valideynlər iştirak ediblər.  

Soydaşlarımızın təşkil etdikləri Azərbaycan guşələrində dövlət rəmzlərimiz, ölkəmizin qədim tarixini, zəngin mədəni irsini, adət-ənənələrini, mətbəxini, turizm potensialını əks etdirən eksponatlar və nümunələr nümayiş etdirilib. Milli geyimlər və üzərində məşhur “Qarabağ Azərbaycandır!” şüarı yazılmış köynəklər geyinən azərbaycanlı şagirdlər qonaqlara vətənimiz barədə ətraflı məlumat veriblər.  

Tədbirlər Novruz bayramına təsadüf etdiyindən, ziyarətçilər bayram təamlarına və şirniyyatlarına qonaq ediliblər, böyük həvəslə Novruza xas olan yumurta döyüşünə qatılıblar.

Qeyd edək ki, dünyanın müxtəlif təhsil müəssisələrində gerçəkləşdirilən “İnternational Day” (Beynəlxalq gün) layihəsi çərçivəsində müxtəlif xalqların tarixi və mədəniyyəti ilə bağlı təqdimatlar təşkil edilir.

Xəbər lenti