Logo

Yeni bilik və bacarıqlar - FOTO

24.03.2023 18:31 238 baxış
IMG

VI Qrant müsabiqəsi qaliblərinin uğur hekayələri

Son illərdə Elm və Təhsil Nazirliyi tərəfindən davamlı olaraq keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri təhsil sahəsində qabaqcıl ideya və təşəbbüslərin stimullaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Bunu Təhsildə inkişaf və innovasiyalar üzrə VI Qrant müsabiqəsi qaliblərinin layihələrindən də görmək olar.

“Hiperaktiv uşaqlar üçün ART Terapiya Layihəsi”

Abşeron rayon Məmmədli kənd tam orta məktəbin müəllimi Ülviyyə Abdulovanın “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”ndə qalib gəlmiş layihəsi “Suyun rəngli yuxuları” - Hiperaktiv uşaqlar üçün ART Terapiya Layihəsi” adlanır. Layihənin əsas məqsədi incəsənət vasitələrindən istifadə etməklə şagirdlərə yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrin idarəçiliyinə hazırlamaqdır.

- Suya yazılan sevgi hekayəsi, yaxud rənglərin su üzərində ecazkar rəqsi... Bəzilərinə görə möcüzə, bəzilərinə görə isə sənət əsəridir. Söhbət ebru sənətindən gedir. Su üzərində rəsm çəkmə sənəti kimi böyük şöhrət qazanan ebru sənətinin tarixi əsrlər öncəyə gedib çıxır. Hətta türk dünyasının sənəti kimi adlandırılsa da, Azərbaycanda az sayda ebruzənlərə rast gəlmək olur. Ebru həyat tərzidir, sonsuz bir xoşbəxtlikdir. Ebru dili, dini, rəngi, düşüncəsi nə olursa-olsun, insanlar arasında yaradılmış bir sevgi körpüsüdür. Dünyada sehrli atmosfer yaradan yeganə rəsm sənətidir. Bu gün isə Qərbdə ebru həm sənət, həm də art-terapiya kimi istifadə olunur. Onlar rəng ilə müalicə üsulundan geniş istifadə etdiklərindən ebru onlar üçün əvəzolunmaz sənətdir. Hazırda ebru inklüziv siniflərdə Art Terapiya kimi də istifadə olunur. Bu, özəlliklə kiçik yaş qruplarında və yeniyetmələr arasında  çox yayılmış bir sistemdir.  Bu gün inkluziv siniflərdə şagirdlərin Ebru sənətini öyrənməklə, öz sehirli dünyalarını daha geniş açmaları üçün, “Suyun rəngli yuxuları”- hiperaktiv uşaqlar üçün ART Terapiya Layihəsi-nə böyük ehtiyac vardır.

Layihə çərçivəsində  “Ebru” Tədris Mərkəzinin yaradılması, hiperaktiv uşaqlarla işin qurulması, “Boyaların su ilə rəqsidir Ebru” adlı təlimlərin, su üzərində yaradılan gözəllik adlı müsabiqənin keçirilməsi nəzərdə tutulub.

Bildiyimiz kimi hiperaktiv uşaqlar diqqətsizlikdən çətinlik çəkir, mebellərin üstü ilə gəzir, evin içində qaçır, daim əllərində hansısa bir oyuncaq və ya əşya ilə oynayır, öz növbəsini gözləmək məsələsində də çox səbirsizdilər. Lakin bu uşaqlar diqqət əskikliyi göstərmədən saatlarla televizora baxır, kompüter oyunları oynayırlar. Belə bir halda uşaq necə hiperaktiv ola bilər? Cavab çox asandır. Kompüter oyunları və televiziya uşaqların diqqətini cəmləyərək xəbərdarlıq göndərir. Yəni bu uşaqlar televizora baxarkən və ya kompüter oyunlarını oynayarkən passiv mövqedədirlər və diqqətlərini kənardan gələn xəbərdarlıqlar sayəsində cəmləyə bilirlər. Layihə çərçivəsində hiperaktiv şagirdlərin  müəyyən edilməsi və onların Ebru təliminə cəlb olunması nəzərdə tutulub. Yaradıcı formada psixoloqların nəzarəti altında keçiriləcək təlimdə əsas məqsəd bu uşaqların diqqətini onların istedadlarını üzə çıxaracaq və ruhən sakitlik tapa biləcəkləri dünyaya yönətməkdir. Hadigro MMC tərəfindən keçiriləcək  12 saatlıq təlimlər (həftədə 3 dəfə) peşəkarlar tərəfindən icra olunacaqdır.  Təlimlər  ebru sənətinin tarixi, boyaların sirri, su üzərində sehirli boya, öz ebrunu yarat kimi mövzuları əhatə edəcək.

Ebru  ilk olaraq uşaqlara  səbri və özünü dinləyə bilmə bacarığını aşılayacaq,  özündə “nələrəsə ilişib qalma” kimi mənfi halları aradan qaldıracaq, uşaqlarda ruh yüksəkliyini artıracaq, şagirdlər  özlərini yenidən kəşf edəcək və özünə inamı artmış olacaq.  Bundan əlavə, ebru uşaqlarda incə motor xüsusiyyətlərini inkişaf etdirir və diqqət dağınıqlığını aradan qaldıracaq. Art terapiyanın hiperaktiv,  diqqət əksikliyi yaşayan, depressiyada olan uşaqlar üçün faydası çox böyükdür.

“Bizim şagirdlərdən sosial innovasiyalar”

Masallı rayon R.Əlihəsənov adına 1 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Aynur Ələkbərli  “Təhsildə inkişaf və innovasiyalar üzrə VI Qrant müsabiqəsi”ndə “Bizim şagirdlərdən sosial innovasiyalar” adlı layihə ilə iştirak edib və qalib gəlib. A.Ələkbərli layihəsi barədə fikirlərini bölüşür:

- “Bizim şagirdlərdən sosial innovasiyalar” layihəsinin məqsədi şagirdlərin Şanlı Zəfərdən sonra  dirçələn və yenidən qurulan Qarabağ üçün innovasiyalar istiqamətində startap ideyaları verməsi və bu ərazilərin iqtisadi-coğrafi xüsusiyyətlərinin öyrənilməsi nəticəsində onlarda  sosial məsuliyyət, təşəbbüskarlıq və sahibkarlıq bacarıqlarını formalaşdırmaqla şagirdlərimizin də sosial innovasiyalar ideya xəritəsinə öz töhfəsini verməsidir.

Layihədən gözlənilən nəticələrə gəlincə, şagirdlər 2030-cu ilə qədər ölkəmizdə həyata keçirilməsi planlaşdırlan sosial-iqtisadi innovasiyalar ilə yaxından tanış olacaq və işğaldan azad edilmiş Qarabağ bölgələri  üçün öz təklif və ideyalarını Startap formasında təqdim edə biləcəklər.

Qarabağ ərazilərinin fiziki, siyası, iqtisadi coğrafiyasını araşdıraraq tanış olacaq, onlarda ətraf mühitə qayğıkeş münasibət, milli təəssübkeşlik, vətənpərvərlik, sosial məsuliyyət, ictimai mənafe hiss və bacarıqları formalaşacaq.

Startap ideyalarının, təklif və yazılmasını öyrənəcək, nəticədə əməkdaşlıq, komanda ilə birgə iş, tərəfdaşlar cəlb etmə, sərmayə üçün donorların tapılması, təqdimat və s. kimi bacarıqlar əldə edəcəklər.

Layihə çərçivəsində bir çox uğurlu işlər həyata keçirdik. Qarabağda  xidmət edən əsgərlərimizə  layihə iştirakçıları tərəfindən “Əsgərə sovqat”  adlı xeyriyyə kampaniyası keçirdik.  Şagirdlərimizin əl işlərindən ibarət “Qarabağın inciləri” adlı  sərgi təşkil etdik.

Oruc MUSTAFAYEV

Xəbər lenti