Logo

285 məktəbdə “Kiçik Akademiya” fəaliyyət göstərir

03.03.2021 12:38 883 baxış
IMG

Paytaxtdakı ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”ların fəaliyyəti təkmilləşdirilir.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 285 ümumi təhsil məktəbində “Kiçik Akademiya” fəaliyyət göstərir. 22 məktəbdə isə "Kiçik Akademiya”ların yaradılması nəzərdə tutulub. 

 

“Kiçik Akademiya”ların təşkil olunmasında əsas məqsəd yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, ali təhsil müəssisələri ilə ümumi təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsindən ibarətdir.

 

"Kiçik Akademiya” yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında təhsil müəssisələrində yaradılan ictimai birlikdir. "Kiçik Akademiya”lar istedadlı şagirdlərin aşkarlanaraq üzə çıxarılmasında önəmli rol oynayır. 

 

“Kiçik Akademiya”ya üzvlük könüllü olaraq həyata keçirilir. Marağı və istedadı olan bütün şagirdlər təhsil aldıqları məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”ya üzv ola bilərlər. “Kiçik Akademiya”ya üzv olan şagirdlərin elmi konfranslara, olimpiadalara və digər tədbirlərə qatılmaq, şagirdlər arasında elmi bilikləri təbliğ etmək kimi vəzifələri var. 

 

"Kiçik Akademiya”nın tərkibində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi və digər elmi istiqamətlər üzrə bölmələr fəaliyyət göstərir. “Kiçik Akademiya” daxilində hansı bölmənin fəaliyyət göstərməsi məktəblərin seçimi əsasında müəyyən olunur.

Xəbər lenti