Elan saytları populyarlaşdıqca, onların vasitəsilə edilən fırıldaqçıların da sayı artır. Bəs buna qarşı necə qabaqlayıcı tədbirlər görmək olar? Saytların rəhbərliyi düşünür ki, onların gücü yalnız insanlara xəbərdarlıq etməyə çatır. Ekspert isə deyir ki, getdikcə artan fırıldaqçılığın qarşısını almaq üçün bəzi qabaqlayıcı tədbirlər görmək lazımdır.
Mövzu ilə bağlı "Kaspi" qəzetinin yazısını təqdim edirik:
“Filan elan saytında maşın gördüm. Satıcı ilə danışdıq, razılaşdıq ki, ödənişin bir hissəsini göndərim. Lakin pulu göndərdikdən sonra həmin şəxslə əlaqə saxlamaq mümkün olmadı. İndi polisə müraciət etmişik. Lakin polis də şəxsin haqqında məlumatlar olmadığı üçün tapmaqda çətinlik çəkir”. Bu statusa sosial şəbəkədə rast gəldik. Şərhlərdə də insanlar bildirdilər ki, belə hallar çox baş verir. Elan saytlarının qeydiyyat hissəsinə daxil olduqda da görmək mümkündür ki, insanlardan sadəcə telefon nömrəsi və ya mail ünvanı tələb olunur. Bəs bu cür fırıldaqçıların qarşısının alınması üçün elan saytlarının qeydiyyatı niyə ciddiləşdirilmir?
“Fırıldaqçılıqda şübhəli bilinən hesabları bloklayırıq”
"Lalafo"-nun Azərbaycan şöbəsinin rəhbəri Pavel Kiryagin dedi ki, hələlik qeydiyyatı dəyişməyi planlaşdırmırlar: “Biz satıcı ilə alıcı arasındakı alqı-satqının iştirakçısı deyilik. Qiymət, ödəniş üsulu, çatdırılma və s. haqqında bütün razılaşmaları satıcı və alıcı öz aralarında müzakirə edirlər. İstifadəçiləri məlumatlandırmaq və yeni fırıldaqçılıq hallarının qarşısını almaq üçün şəxsi bülletenlər, xəbərdarlıq bannerlərindən istifadə edirik, başqa ölkələrdəki telefonlardan qeydiyyatdan keçmək imkanını aradan qaldırdıq, qeydiyyat zamanı nömrə yoxlanmasını tətbiq etdik, fırıldaqçılıqda şübhəli bilinən hesabları tez bir zamanda yoxlayıb bloklayırıq. Hüquq-mühafizə orqanları ilə də əməkdaşlıq edirik. Əsas çətinlik odur ki, fırıldaqçılar virtual, əsasən mövcud olmayan nömrələrdə və whatsapp kimi məşhur platformalar vasitəsilə, çox vaxt da xaricdə fəaliyyət göstərirlər. Ona görə onların şəxsiyyətini müəyyənləşdirib məsuliyyətə cəlb etmək çox çətindir. Odur ki, özünüzü qorumağın ən yaxşı yolu mesaj bölməsində söhbət etmək, şübhəli linkləri izləməmək, kart məlumatlarını ötürməməkdir”.
“Potensial fırıldaqçıların sayta daxil olmasının qarşısını alırıq”
Turbo.az, Tap.az saytlarının rəhbərlərindən biri Orxan Vəliyev isə bildirdi ki, saytın istifadəçinin şəxsiyyətini təsdiq edən sənədləri toplamaq kimi hüququ yoxdur: “Əməliyyatın tamamlanma prosesində iştirak etmədiyimizdən və onlayn ödəniş xidmətlərimizin olmamasından asılı olmayaraq, həmişə əməliyyat iştirakçılarına kart məlumatlarını qorumaq barədə xəbərdarlıq edirik. Prosesdə iştirak edən hər bir tərəf öz şəxsi məlumatlarının qorunmasına nəzarət etməlidir. Bundan əlavə, satıcıların və alıcıların əməliyyat edərkən daha diqqətli olmaları üçün saytımızda digər saxtakarlıq sxemləri barədə xəbərdarlıq mesajları var. Həmçinin, saytda şübhəli fəaliyyəti aşkar etmək üçün müəyyən mexanizmlər mövcuddur ki, bunun nəticəsində potensial fırıldaqçıların sayta daxil olmasını bloklayır və qarşısını alırıq. Aldadılan istifadəçilər pozulmuş hüquqlarını qorumaq üçün sayt rəhbərliyi, aidiyyəti dövlət qurumlarına müraciət edə bilərlər. Aidiyyəti dövlət orqanlarından bizə müraciətlər olarsa, cavab verir və qanunvericiliyə uyğun addımlar atırıq. Həmçinin, istifadəçilərlə şəxsi məlumatlarını qorumaq və yaymamaq üçün maarifləndirmə işləri aparmağı planlaşdırırıq”.
Alanın da, satanın da təhlükəsizliyi təmin edilməlidir
Rəqəmsal marketinq mütəxəssisi Qələndər Məmmədlinin sözlərinə görə, bu tip ticari mübadilənin adı müştəridən müştəriyə satışdır: “Əşyaların satışı üçün olan bu tip elan saytlarında elektron ödəmə sistemi olmadığına görə adətən tərəflər arasında görüş olur. Amma saytlar elanın qiymətində ya da elanı ön sıralara çəkmək üçün müəyyən gəlir əldə edirlər deyə, düşünürəm ki, alanın da, satanın da təhlükəsizliyini təmin etməlidirlər. Çünki bir müştərinin zərər görməsi ümumi sektora olan inamın zəifləməsinə gətirib çıxarır. Bir nöqtədən sonra insanlar artıq bu tip saytlarda çıxan elana etibar etməməyə başlayacaq”.
Tədbirlər görülməsə, problem daha da böyüyəcək
Q.Məmmədlinin fikrincə, saytlar müxtəlif qabaqlayıcı tədbirlər görməlidir: “Tədbirlərin ən birincisi odur ki, daimi elan yerləşdirən şəxslər qiymətləndirilməli, satış yekunlaşdıqdan sonra alıcı ona qiymət verməlidir. Bu etibarlılıq dərəcəsinə görə satış edən, elan yerləşdirənin daha uyğun hərəkət etməsinə gətirib çıxaracaq. Kim güvənlidirsə, müəyyən bal, ünvan qazanacaq və artıq insanlar məhsulu etibarlı satıcıdan əldə edəcəklər. Onda digərləri daha dürüst çalışmağa məcbur olacaq, yüksək reytinq əldə etmək istəyəcək. Reytinq sistemi qurularsa, dələduzluq halları da azala bilər. İkinci olaraq müxtəlif elektron rəqəmsal texnologiyalardan istifadə edərək şəxsin üzünün doğrulanması, vəsiqə və digər məlumatlarla qeydiyyatın aparılması prosesi daha izlənəbilən edər, dələduzluq hallarının böyük bir hissəsi həllini tapar. Əgər bunu sistematik şəkildə edə bilməsək, gələcəkdə problem daha da böyüyəcək”.