Logo

BMU-nun əməkdaşı “Əl-cəzirə” kanalında təşkil olunan debatda iştirak edib

07.10.2020 15:03 454 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Amil Abdullayev Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı “Əl-cəzirə” kanalında təşkil olunan debatda iştirak edib.

 

A.Abdullayev bildirib ki, Ermənistanın açdığı atəş zərbələri nəticəsində Gəncə şəhərində əhalinin sıx məskunlaşdığı ərazilərə dinc əhali və mülki infrastruktura ziyan dəyib, yaralananlar var. O, ermənilərin Azərbaycan xalqı arasında qorxu yaratmaq istədiklərini qeyd edərək əsl niyyətlərinin bəlli olduğunu,  həmçinin ermənilərin belə hücumlar və təxribatlarla xalqımızı qorxuda bilməyəcəklərini diqqətə çatdırıb.

 

“Əl-cəzirə” kanalının aparıcısının Türkiyə muzdlularının Azərbaycana  gətirilməsi ilə bağlı səslənən iddialarla əlaqədar sualına isə A.Abdullayev bu formada cavab verib: “Azərbaycanın 10 milyonluq xalqının 2-3 milyonluq xalqa qarşı canlı qüvvəyə ehtiyac olması tamamilə absurd bir məsələdir. Bizim ordumuz da, könüllülərimiz də, ehtiyatımız da var, heç bir şəkildə əlavə qüvvəyə ehtiyacımız yoxdur. Türkiyə bizə daha çox mənəvi dəstək verir, ehtiyac olarsa, başqa şəkildə də kömək etməyə hazırdır. Amma hazırda müharibəni öz ordumuz və dövlətimiz aparır. İnşallah qalib gələcəyik”.

 

THİK sədri Xankəndinin vurulması ilə bağlı məsələyə də aydınlıq gətirərək Azərbaycanın haqq mövqedən çıxış etdiyini söyləyib. Bildirib ki, regionda sülhün bərqərar olması üçün 30 ildir ki, beynəlxalq hüquq və ictimaiyyət öz işlərini icra edə bilməyiblər. Azərbaycan isə indi bu işi təkbaşına görməyə çalışır. A.Abdullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Qarabağda yaşayan sivil əhaliyə dəfələrlə müraciət olunduğunu və ordularına dəstək olmaqla özlərini təhlükəyə atdığını qeyd edib.

 

Qeyd: Debatda “Armin press”in Qərb bölməsinin baş redaktoru Dekran Kaboyan iştirak edib.

Xəbər lenti