Logo

Gənclərin bayağı musiqilərə meylinin artmasının günahkarı kimdir? - ŞƏRH+FOTO

28.03.2023 09:35 361 baxış
IMG

"Son illər ölkəmizdə gənclərin bayağı musiqilərə meylinin artdığı açıq hiss olunur. Muğama, saz havalarına, xalq musiqisinə qulaq asmayan gənclərin sayı günü-gündən artır. Gənclərin bir qismi bayağı musiqilərə, bir qismi xarici musiqilərə, çox az qismi də xalq musiqilərinə qulaq asırlar. Əslində bu çox ciddi tendensiyadır. Haqqında zamanla tez-tez danışdığımız qloballaşmanın, milli kimlikdən uzaqlaşmanın, bayağılaşmanın başqa bir təzahür formasıdır".

Tehsil.biz xəbər verir ki, bu sözləri deputat Ceyhun Məmmədov deyib.

Millət vəkili bildirib ki, televiziya və radiolarımız da bayağı musiqilərə geniş yer verirlər:

"Avtomobildə gedərkən bayağı musiqinin sədaları altında hərəkət edən, sosial şəbəkələrdə, xüsusilə TikTokda bayağı musiqinin sədaları altında atılıb-düşən gəncləri yəqin ki, çoxlarımız müşahidə etmişik. Təəssüf ki, bir sıra hallarda televiziya və radiolarımız da bayağı musiqilərə geniş yer verirlər".

Bəs gənclərin bayağı musiqilərə bu qədər meyl göstərməsinin günahkarı kimdir?

Ceyhun Məmmədov hesab edir ki, ailələr övladlarının milli ruhda tərbiyəsi üçün ciddi cəhdlə çalışmalıdırlar:

"Bu məsələdə ailələrimizin, məktəblərimizin, ali təhsil müəssisələrimizin, televiziya və radiolarımızın üzərinə çox böyük məsuliyyət düşür. Çünki bu həm də milli məsələdir. Ailələrimiz övladlarının milli ruhda tərbiyəsi üçün ciddi cəhdlə çalışmalıdırlar. Onlara ilk yaşlarından xalq musiqilərini, saz havalarını, muğamımızı dinlətdirməli, zövqlərinin korlanmasına imkan verməməlidirlər".

Məktəb və ali təhsil müəssisələrimiz nə üçün məsuliyyət daşıyırlar?

"Ona görə ki, bu gün müxtəlif səbəblərdən bəzi ailələr öz övladlarına düzgün tərbiyə verə bilmirlər. Çünki bır sıra hallarda valideynlərin özlərinin tərbiyəsi, dünyagörüşü, intellektual səviyyəsi nəyin səhv və ya düz olduğunu onlara tam dərk eləməyə imkan vermir. Belə olduğu halda isə əsas güc və yük məktəb və ali təhsil müəssisələrinin üzərinə düşür. Onlar işlərini yalnız təhsil verməklə bitmiş hesab etməli deyillər. Hərçənd ki, onların bir qismi əslində heç normal təhsil də vermirlər. Başları başqa “mühüm” işlərə qarışıb", - deyə C.Məmmədov vurğulayıb.

Deputat qeyd edib ki, ona görə məktəb direktorlarının və ali təhsil müəssisələrinə rektor təyinatlarının ciddi həssaslıqla həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır:

"Belə müəssisələrə mütləq savadlı, intellektual səviyyəsi yüksək, milli, milli-mənəvi dəyərlərə bağlı, zəngin dünyagörüşünə malik şəxslər rəhbər təyin edilməlidir. Təəssüf ki, bunu bu gün biz bütün məktəb və ali təhsil müəssisələrimiz haqqında söyləyə bilmirik. Əslində bu çox ciddi məsələdir. Gənclərin belə bayağı musiqilərə meyl göstərməsində yuxarıda qeyd etdiyim kimi bəzi televiziya və radiolarımız da ciddi məsuliyyət daşıyırlar. Onlar öz efirlərinə belə bayağı musiqiləri söyləyən müğənniləri dəvət etməməli, belə musiqilərə yer verməməlidirlər".

"Heç şübhəsiz ki, dövlətləri, xalqları güclü edən onun dəyərləridir. Bu həm də milli təhlükəsizlik məsələsidir. Gələcək dəyərlərinə sahib çıxan, onu qoruyan, sıradan çıxarılmasına imkan verilməyən dövlətlərindir. Gəlin dəyərlərimizə sahib çıxaq, onları göz-bəbəyimiz kimi qoruyaq", - millət vəkili əlavə edib.

Mərcanə Əsədova

Xəbər lenti