Logo

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tədbir keçirilib - FOTO

28.03.2023 10:35 252 baxış
IMG

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının “Şuşa” zalında 27 Mart – Elm gününə həsr olunmuş “Azərbaycan Milli Elmlər Akademiyası: yeni mərhələ və müasir vəzifələr” adlı tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

Tədbirdə AMEA-nın, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Ağsaqqallar Şurasının, Azərbaycan Həmkarları İtttifaqları Konfederasiyasının, ANAMA-nın rəhbərliyi, millət vəkilləri və elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və Rəyasət Heyətinin üzvləri Fəxri Xiyabanda müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Azərbaycanın görkəmli elm xadimlərinin də məzarları ziyarət olunub.

Daha sonra Mərkəzi Elmi Kitabxanada Fizika İnstitutunun laboratoriya rəhbəri, fizika elmləri doktoru, professor İmaməddin Əmiraslanovun, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun icraçı direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalovun, AMEA-nın Əlyazmalar İnstitutunun baş rəssamı, Əməkdar mədəniyyət işçisi Seyfəddin Məmmədvəliyevin rəsm əsərləri və ağacoyma sənəti nümunələri nümayiş etdirilib. Bundan başqa, İdarəetmə Sistemləri İnstitutu, Radiasiya Problemləri İnstitutu, Fizika İnstitutu, Yüksək Texnologiyalar Parkının əməkdaşlarının müəllifi olduqları elmi-texniki-yaradıcılıq sərgisinə baxış keçirilib.

Tədbir AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Azərbaycan Milli Elmlər Akademiyası: zaman və müasirlik” mövzusunda giriş nitqi ilə başlayıb. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən ölkəmizdə 27 Mart – Elm Gününün təsis edildiyini xatırladan akademik İsa Həbibbəyli bu əlamətdar günün təkcə AMEA-ya deyil, həmçinin Elm və Təhsil, Səhiyyə, İqtisadiyyat, Kənd Təsərrüfatı və digər nazirliklərin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat institutlarına, ümumilikdə respublikanın bütün elmi qurumlarına və ali məktəblərinə aid olduğunu deyib. AMEA rəhbəri Azərbaycan elminə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlığını bildirib.

Bu əlamətdar günün ötən müddət ərzində Novruz bayramına təsadüf etməsi və pandemiya səbəbindən təntənəli keçirilmədiyini bildirən akademik İsa Həbibbəyli bugünkü tədbirlə Elm Gününün geniş şəkildə, bayram əhval-ruhiyyəsində ictimaiyyətə təqdim olunduğunu söyləyib. Tədbir çərçivəsində tanınmış alimlərin əl işlərindən ibarət rəsm, ağac üzərində oyma və elmi-texniki-yaradıcılıq sərgisinin təşkil olunduğunu diqqətə çatdıran AMEA rəhbəri alimlərimiz tərəfindən yeni innovativ qurğuların nümayiş etdirildiyini bildirib. Xüsusilə radioaktivliyi müəyyən edən və işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə töhfə verə biləcək yeni ixtiranın ANAMA-nın dəstəyi ilə sınaqdan keçirilməsinin və bu istiqamətdə sözügedən təşkilatla müqavilə imzalanmasının əhəmiyyətli olacağını vurğulayıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, alimlərimizin bu nailiyyəti ilə Azərbaycan elmi Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdışa özünün növbəti töhfəsini vermiş olacaqdır.

“Dünya elmi-ictimai fikrində elm mühafizəkarlıqla novatotorluğun əhatə olunduğu bir mühit hesab olunur. Elmin daha çox inkişaf etdiyi ölkələrdə mühafizəkarlığın faiz nisbəti az, novatorluğun faiz nisbəti isə çoxdur. Biz elm təşkilatçıları olaraq mühafizəkarlıqla novatorluğun balansını dünya təcrübəsinə uyğunlaşdırmalıyıq. Bizdə mühafizəkarlığın bəzi hallarda göstəricisi yüksək olduğuna görə novatorluğa daha çox dəstək verməliyik. Bu, maarifçilik, novatorluğa dəstək verilməsi, elmi təşviq etmək yolu ilə, sağlam rəqabət mühitinin yaradılması vasitəsilə həll oluna bilər”, - deyə akademik İsa Həbibbəyli qeyd edib.

Elmi-texniki nailiyyətlərin ölkənin sosial-iqtisadi inkişafına kömək etməli olduğunu deyən AMEA rəhbəri bu gün süni intellektin insan fəaliyyətinə adekvat olan avtomatlaşdırılmış modellərin yaradılmasını və bu sahə üzrə tədqiqatların aparılmasını zəruri hesab edən  Akademiya rəhbəri akademik elmi mühitdə süni intellektlə bağlı tədqiqatların genişləndirildiyini, eyni zamanda, ilk dəfə olaraq bu il AMEA-nın Ümumi yığıncağında süni intellektlə bağlı ayrıca məruzənin təqdim edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, ötən illə müqayisədə bu gün Akademiyada süni intellektlə məşğul olan institutların kəmiyyət və keyfiyyət göstəriciləri artıb.

“Fəaliyyətimizdə dünya universitetlərinin və akademiyalarının reytinq cədvəllərinin prinsipinə xüsusi  diqqət yetirməliyik. Artıq işə başlamışıq. Akademiyanın tarixində ilk dəfə olaraq “Elektron Akademiya” şöbəsi fəaliyyətə başlayıb”, - deyə bildirən natiq institutların veb saytlarında ingilis dilində materialların yerləşdirilməsinin önəminə toxunub. Qeyd edib ki, Akademiyada nəşr olunan 27 jurnalın əksəriyyəti Azərbaycan dilində çap edilir və beynəlxalq standartlara tam cavab vermir: “Bizim daha bir məqsədimiz jurnalların elektron versiyalarını hazırlamaq, yerləşdirmək, davam etdirməkdən ibarət olmalıdır. Həm də xarici dillərdə yüksək elmi tələblərə cavab verən jurnalların çap edilməsinə nail olmalıyıq”.

Akademik İsa Həbibbəyli çıxışının sonunda Elm günü münasibətilə alimləri təbrik edib, onlara uğurlar arzulayıb.

Sonra Akademiyaya həsr edilmiş “Elm məbədi” filminin nümayişi olub.

Tədbirdə çıxış edən AR Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev və Azərbaycan Həmkarlar İtttifaqı Konfederasiyasının sədrinin müavini Cavanşir Alxasov elm xadimlərini peşə bayramları münasibətilə təbrik ediblər. Çıxışlarda qeyd olunub ki, hər bir millətin inkişafı elmi nailiyyətlər və texnologiyaların geniş tətbiqi ilə bağlıdır və  ölkəmizdə bütün sahələrdə olduğu kimi, elmin, o cümlədən, Milli Elmlər Akademiyasının inkişafına yönəlmiş tədbirlər də dövlətimizin qüdrətinin gələcəkdə daha da yüksəldilməsinə xidmət etmək məqsədi daşıyır. Həmçinin yüksəkixtisaslı gənc elmi kadrların yetişdirilməsi işinə diqqətin artırılması və alimlərimizin elmi nəşrlərinin beynəlxalq kitabxanalara göndərilməsinin vacibliyi vurğulanıb. Bütün nəsillərdən olan elm adamlarının xidmətləri və vəzifələri diqqət mərkəzinə çəkilib.

Daha sonra AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli “Humanitar elmlərin tarixi missiyası və gələcəyi” adlı məruzə ilə çıxış edib. Elmimizin müasir dövrün tələblərinə uyğun inkişaf etməsinin zəruriliyini vurğulayan akademik humanitar elmlərin prioritetləri, aktual mövzularda aparılan araşdırmalar, habelə digər elmlərlə əlaqəli olaraq həyata keçirilən multidissiplinar tədqiqatlar haqqında məlumat verib.

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı isə “Elmmetrik elmi göstəricilər və əsərlərə istinadlar” adlı məruzəsində Akademiyanın elmi bölmələrinin 2022-ci il üçün istinad göstəricilərini təqdim edib. Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə keçən il 1068 elmi məqalənin nəşr edildiyini (onlardan 531-i Web of Science və Scopus bazalarına daxil olan nüfuzlu elmi jurnallarda), Kimya Elmləri Bölməsi üzrə 403 elmi məqalənin işıq üzü gördüyünü (onlardan 208-i – Web of Science və Scopus bazalarına daxil olan nüfuzlu elmi jurnallarda), Yer Elmləri Bölməsi üzrə 90 elmi məqalənin nəşr edildiyini (onlardan 45-i Web of Science və Scopus bazalarına daxil olan nüfuzlu elmi jurnallarda), Biologiya və Tibb Elmləri Bölmələri üzrə isə 547 elmi məqalənin işıq üzü gördüyünü (onlardan 86-sı – Web of Science və Scopus bazalarına daxil olan nüfuzlu elmi jurnallarda) bildirib. Alim, həmçinin ABŞ-ın Stenford Universitetinin dünyanın ən nüfuzlu alimlərinin reytinq siyahısında 12 Azərbaycan aliminin yer aldığını deyib.

Fizika elmləri doktoru Elçin Hüseynov “Azərbaycan elmində gənclərin rolu və elmimizin gələcəyi” adlı məruzəsində yeni elmi nəslin hazırlanması zərurəti və qarşıda duran vəzifələrdən söz açıb.

Filologiya elmləri doktoru Sərxan Xavəri isə çıxışında elmi müəssisə və təşkilatların 2022-ci il üzrə elmmetrik reytinq göstəricilərini təqdim edib. Müxtəlif indikatorlar üzrə tətbiq edilən orta məhsuldarlıq göstəricisi düsturu haqqında məlumat verən natiq təbiət və texnika elmləri sahələrində elmi müəssisələrinin ümumi elmmetrik göstəriciləri, Web of Science və Scopus bazalarına daxil olan nüfuzlu elmi jurnallarda nəşr olunan əsərlərin orta məhsuldarlıq göstəriciləri, həmçinin ötən ildə ən mühüm bibliometrik nəticələri haqqında ətraflı məlumat verib. Eyni zamanda humanitar və ictimai elmlər sahəsində də reytinq göstəriciləri diqqətə çatdırılıb.

Sonda Elm günü çərçivəsində elmi fəaliyyəti ilə fərqlənən bir sıra alimlərə Azərbaycan Ağsaqqallar Şurasının və Azərbaycan Həmkarlar İtttifaqı Konfederasiyasının Fəxri fərmanları, döş nişanları, AMEA-nın “İstinadda rekord”, “Elmin populyarlaşdırılmasında xidmətlərinə görə”, “Əmək veteranı vəsiqəsi”, “İlin gənc alimi diplomu” mükafatları və “Uğurlu məruzəyə görə” təşəkkürnamələr təqdim olunub.

Xəbər lenti