Azərbaycanda qədim dövrlərdə - eramızdan əvvəlki minilliklərdə insanların həyat tərzindən asılı olaraq müxtəlif dini inamlar yayılmışdır. Bunlardan daha çox rast gəlinəni astral inamlar - Aya və Günəşə sitayiş olmuşdur.
Bu sitayişin əlamətləri Tunc dövrünün qəbir abidələrinin strukturunda, qayaüstü təsvirlərdə, saxsı qabların üzərindəki ornamentlərdə, bəzək əşyalarının tərtibatında və s. maddi mədəniyyət qalıqlarında izlənilir. Bu dövrdə Aya olan sitayiş ənənələri sonrakı, alban dövründə də davam etmişdir. Azərbaycanın qədim dövlətlərindən olan Qafqaz Albaniyasında xristianlığa qədərki erkən Antik dövr (e.ə. VI-I əsrlər) mərhələsində əsrlər boyu Aya sitayiş başlıca dini inam olaraq qalmışdır. Bunu həm Antik dövr müəlliflərinin yazılı məlumatları, həm də arxeoloji qazıntıların nəticələri təsdiq edir.
Antik müəlliflərdən Strabonun Albaniyadakı astral inamlar barədə məlumatları maraqlıdır. Onun yazdığına görə albanlar “allahlardan Heliy, Zevs və xüsusilə Selenaya sitayiş edirlər. Selenanın məbədi İberiya yaxınlığında yerləşir”. Yüz ildən artıqdır ki, Selenanın - Ay ilahəsi məbədinin dəqiq yeri barədə diskussiyalar aparılsa da bu problem bu vaxta qədər həll edilməmişdir.
Elmi ədəbiyyatda çox zaman albanların da eyni adlı bu allahlara sitayiş etməsi məhz Antik dövr müəlliflərinin əsərlərinə istinadla şərh edilmişdir və belə bir təsəvvür yaranmışdır ki, sanki Albaniyada astral inamlar yunan-roma mədəniyyətlərinin təsiri altında yaranmışdır. Eyni zamanda qeyd edilmişdir ki, Strabon Albaniya allahlarını yunan allahlarına bənzədərək onları Helios (Günəş), Zevs və Selena (Ay ilahəsi) adlandırmışdır. Lakin Albaniyada bu inamların, xüsusilə də daha geniş yayılmış Aya sitayişin qədim, tarixi kökləri araşdırılmamışdır.
Azərbaycanda hələ Xalkolit və İlk Tunc dövrlərindən (e.ə. IV-III minilliklərdən) başlayaraq qəbir abidələrinin quruluşunda aypara formalı strukturlara rast gəlinir. Belə ki, Daşkəsən rayonundakı 1 №-li Xaçbulaq kurqanında, Şəki rayonundakı 2 №-li Küdürlü kurqanında, Ağstafa rayonundakı 3 və 14 №-li Soyuqbulaq kurqanlarında, Qəbələ rayonundakı 2 və 3 №-li Əmili kurqanlarında oxra kütləsi və daşlarla ilə qurulmuş aypara şəkilli strukturlar aşkar edilmişdir.
Son Tunc-İlk Dəmir dövrünə, yəni bilavasitə alban mədəniyyəti ərəfəsinə aid Zəyəmçay (Şəmkir rayonu) və Tovuzçay (Tovuz rayonu) nekropollarındakı bəzi qəbirlərdə çay daşlarından qurulmuş “ayparalar” aşkar edilmişdir. Əlbəttə, qəbir abidələrindəki bütün bu strukturlar bilavasitə dini inamlarla bağlı olmuşdur. Antik Albaniya dövründə isə astral inamlar, xüsusilə də Aya sitayiş daha da genişlənmişdir.
Elmi ədəbiyyatda Strabonun Albaniyada Selena - Ay ilahəsi məbədinin İberiya yaxınlığında yerləşməsi barədə məlumatları, bu məbədin lokalizasiyası barədə diskussiyalar yer almışdır. Ö.İsmizadə A.Krımskinin albanların Ay məbədinin indiki Şəki rayonu ərazisində yerləşməsi barədə fikirlərini dəstəkləyərək yazır ki, albanların sıx məskunlaşdığı bu ərazilər, yəni Həftaran vadisi qədim Albaniyanın əsas mərkəz vilayətlərindən biri olmuşdur.
Bəzi müəlliflər (İ.A.Cavaxişvili, Q.A.Melikişvili, K.V.Trever) bu məbədin Kaxetiya və ya Kartli zonasında, İberiya sərhədləri daxilində yerləşdiyi fikrini irəli sürmüşlər. Bunu belə əsaslandırmağa çalışmışlar ki, həmin zonada sonralar xristian kilsəsi tikilmiş və buraya toplaşan xristianlar mənşəyi daha qədim dövr bütpərəstliklə bağlı olan “Məbəd bayramını” qeyd edirdilər. Onların fikrincə Ay allahı qədim gürcü panteonunun əsas allahı idi. Bu fikirlə razılaşmayan R.Göyüşov Albaniyada belə mərasimin və ümumiyyətlə Aya sitayişlə bağlı ayinlərin yerli qədim tarixinin olduğunu yazmışdır. Bununla yanaşı, R.Göyüşov qeyd etmişdir ki, arxeoloji qazıntılar nəticəsində bir neçə abidədə, o cümlədən Antik Qəbələ yaşayış yerində aşkar edilmiş ictimai təyinatlı tikililər məbəd binaları olmuşdur. Burada sovet dövründəki qazıntılar zamanı aşkara çıxarılmış düzbucaq planlı, bir neçə bölmədən ibarət tikililər nəzərdə tutulmuşdur. Müəllif Antik dövr keramikası üzərində aypara təsvirlərini qeyd etmiş, lakin Albaniyada Aya sitayişin daha qədim dövrə aid abidələrini göstərməmişdir.
C.Ə.Xəlilov Ay məbədinin Albaniya hüdudlarından kənarda yerləşdiyini iddia edən müəlliflərin mövqeyini daha ətraflı təhlil etmiş və bu fikrin yanlış olduğunu əsaslandırmışdır. Onun yazdığına görə “Aya sitayiş yalnız qədim Gürcüstanda deyil, həm də qonşu ölkələrdə mövcud olmuşdur. Strabonun qeyd etdiyi məbəd məhz Albaniyada yerləşmişdi. A.Y.Krımskinin fikirləri ilə razılaşmayan K.V.Trever göstərir ki, Şəki İberiya sərhədlərinin lap yaxınlığında yerləşirdi. Lakin Strabon məbədin İberiyadan hansı məsafədə yerləşdiyini yazmamışdır. Bundan əlavə, məbəd torpaqları yalnız müasir Şəki rayonunun ərazisi ilə məhdudlaşmaya və daha geniş əraziləri əhatə edə bilərdi. Bu zonada Albaniyanın ən böyük və başlıca şəhərlərindən olan Qəbələnin, Ləkit məbədinin qalıqlarının və başqa abidələrin yerləşməsi göstərir ki, Ay məbədi məhz bu zonada yerləşmişdi”.
Albaniyada Ay məbədinin lokalizasiya məsələsi son illərin arxeoloji qazıntıları kontekstində maraq doğurur. Artıq qeyd edildiyi kimi Antik dövr mənbələrində bu məbədin Albaniyanın şimal bölgələri hüdudlarında, İberiya yaxınlığında yerləşdiyi göstərilmişdir. Əlbəttə, Antik dövrdə başlıca dini obyekt olan belə bir məbədi bölgədə ən iri yaşayış məskəni olan paytaxt şəhərdən kənarda axtarmaq düzgün olmazdı. Siyasi idarəçilik və din o dövrlərdə vəhdət təşkil edib cəmiyyətin ən yüksək pilləsi hesab edilirdilər. Təsadüfi deyildir ki, Antik mənbələrə əsasən Albaniyada kahin hökmdardan sonra ən hörmətli şəxs hesab edilirdi və o, əhalinin sıx yaşadığı böyük məbəd mülkiyyəti vilayətinin başında dururdu. Buna görə də məhz məbədlər ən möhtəşəm tikililər kimi inşa edilmiş, eyni zamanda bu məbədlər siyasi mərkəzlər olmuşlar.
Ay məbədinin yerinin dəqiqləşdirilməsi məsələsi baxımından Antik dövrdə Albaniyanın paytaxtı olmuş Qəbələ şəhəri yerində son illərdə aparılmış arxeoloji qazıntılar diqqəti cəlb edir. Paytaxt şəhəri, albanların sıx yaşadığı ərazi olmaqla yanaşı Qəbələ həm də Antik mənbələrdə göstərildiyi kimi İberiya sərhədləri yaxınlığında yerləşmişdi. Bu şəhər yerində, III qazıntı sahəsində AMEA-nın müxbir üzvü İ.A.Babayevin rəhbərliyi ilə 1983-1990-cı illərdə və 2005-2015-ci illərdə aparılmış arxeoloji qazıntılar nəticəsində biri-birinə yaxın yerləşmiş iri ölçülü, beş ədəd oval planlı tikili qalıqları aşkar edilmişdir. Bu binalar çay daşlarından ibarət bünövrə üzərində çiy kərpiclərlə inşa edilmişdir. Onlardan ən irisinin – 1№-li oval tikilinin uzunluğu 74 m, eni 23 m, bünövrəsinin eni 1,8 m, divarının qalınlığı isə 1,6 m olmuşdur. Binanın damı özülü çay daşlarından, özləri isə çox güman ki, çiy kərpiclərdən qurulmuş 11 ədəd sütunlar üzərində dayanmışdır. Binanın daxilində divar boyunca çay daşlarından düzəldilmiş səkinin üstündə təxminən 600-700 nəfərin yerləşə biləcəyi mümkün idi. Bu oval planlı bina qazıntının stratiqrafiyasına və burada aşkar edilmiş arxeoloji materiallara əsasən e.ə. I əsrin sonları - b.e. I əsrinin əvvəllərinə aid edilmişdir. Ümumiyyətlə, aşkar edilmiş bütün oval planlı binaların e.ə. IV əsrdən bizim eranın I əsrinin əvvəllərinə qədərki dövr çərçivəsində müxtəlif mərhələlərdə inşa edildiyi müəyyən edilmişdir. Bu unikal planlı binaların analoqları nə Albaniya abidələrində, nə də digər yerlərdə məlum deyildir. Tədqiqatçılar haqlı olaraq qeyd etmişlər ki, Qəbələnin bütün bu oval planlı binalarında böyük dini mərasimlər, tamaşalar, dövlət və ümumi şəhər əhəmiyyətli yığıncaqlar keçirilmişdir. Bu fikir həm də onunla əsaslandırılmışdır ki, bu tikililərin yığcam yerləşdiyi sahədə qazıntılar zamanı dini səciyyəli tapıntılar - gildən qadın fiqurları, zoomorf fiqurlar və s. aşkar edilmişdir.
Bunlardan əlavə, bu binaların məbəd olması tutarlı faktlarla əsaslandırılmış, lakin albanların Heliy, Zevs və Selenaya sitayiş etdikləri barədə Strabonun məlumatları qeyd edilsə də bu məbədlərin kimə və nəyə həsr olunduğunun naməlum olaraq qaldığı göstərilmişdir. Antik Qəbələ şəhər yerində aparılmış arxeoloji qazıntıların nəticələri ilə Strabonun məlumatlarının müqayisəli təhlili əsasında belə hesab edirik ki, burada qalıqları aşkar edilmiş 1 №-li oval planlı bina Selenanın – Ay ilahəsinin məbədi olmuşdur. Bu fikri gücləndirən bir neçə amili qeyd etmək olar. Bunlardan birincisi, artıq yuxarıda qeyd edildiyi kimi, Qəbələnin Strabonun məlumatlarına uyğun olaraq İberiya yaxınlığında yerləşməsidir. İkinci amil 1 №-li oval planlı binanın inşa edilməsi tarixinin (e.ə. I əsrin sonları - b.e. I əsrinin əvvəlləri) Strabonun yaşadığı illər ilə (e.ə. 64/63 - b.e. 23-24-cü illəri) tam üst-üstə düşməsidir. Yəni Strabon bilavasitə müasiri olduğu hadisə barədə məlumat vermişdir və onun burada səhv etməsi ehtimalı demək olar ki, yoxdur. Həmin məlumatın Qəbələ zonasını əhatə etməsi fikrimizcə daha realdır. Başqa bir amil isə bəhs edilən binanın analoqu olmayan nadir quruluşa malik olub yaşayış üçün deyil, kütləvi yığıncaqların keçirilməsi üçün nəzərdə tutulmasıdır. Bu oval bina və digər bu tip bunalar daxildən hissələrə bölünməmiş və tam bir zal halındadır və bu da öz növbəsində burada keçirilən tədbirlərin kütləvi səciyyəli olduğunu göstərir. O dövrdə isə başlıca kütləvi tədbirlər məhz dini mərasimlərlə bağlı olmuşdur. Burada ayin xarakterli tapıntıların aşkar edilməsi də binanın dini səciyyəli olduğunu təsdiq edir. Albaniyada həmin dövrdə başlıca olaraq Ay ilahəsinə sitayiş edildiyindən ən böyük məbəd də məhz onun şərəfinə inşa edilə bilərdi. Buradakı digər oval tikililərin də Ay ilahəsinə aid olduğunu, lakin müxtəlif vaxtlarda tikildiklərini ehtimal etmək olar.
Qədim dövrlərə aid Ay ilə bağlı inamların (qəbirlərdə aypara şəkilli strukturlar) Albaniyanın şimal bölgələrində daha qədim dövrlərdə yayıldığı məlum olur. Maraqlıdır ki, Antik dövrdə də Aya sitayişin Albaniyanın məhz şimal və qərb bölgələrində daha çox yayıldığı müşahidə edilir. Həmin bölgədən (Mingəçevir, Qəbələ) aşkar edilmiş keramika məmulatı üzərində çoxsaylı aypara təsvirləri, Ay məbədinin bu ərazilərdə olması barədə Antik mənbələrdəki məlumatlar belə düşünməyə əsas verir. Görünür Antik dövrdə Aya sitayiş Albaniyanın şimal vilayətlərində və İberiyanın həmsərhəd bölgələrində əsas dini inam olmuşdur.
Antik Qəbələ şəhər yerində arxeoloji qazıntılarla aşkara çıxarılmış oval planlı tikililərin kompakt yerləşməsi diqqəti çəkən məqamlardan biridir. Bu binalar çox güman ki, “məbəd əyalətinin” mərkəzi, məbəd mülkü olmuşdur.
Aya sitayiş, onun müqəddəs hesab edilməsi barədə, mənşəyi eramızdan əvvəlki minilliklərə bağlanan inamların qalıqları sonrakı dövrlərdə də davam etmişdir və bu inamın müəyyən izlərinə bu gün də rast gəlinməkdədir. Aypara islam dünyasında müqəddəs simvollardan biridir. Bütün bunlar həm də xalqımızın bu torpaqlardakı qədim tarixinin mərhələləri arasında irsi bağlılığın sübutlarından biridir.
Nəcəf Müseyibli
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor