Logo

BDU-da arxiv işinə dair müzakirələr aparılıb - FOTO

29.03.2023 13:24 249 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə Azərbaycanda “Elm günü” ilə bağlı silsilə tədbirlər çərçivəsində “Azərbaycan Respublikası Dövlət Arxivinin sənəd-informasiya resursları” mövzusunda elmi seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, elmi seminarda BDU-nun Sənəd menecmenti kafedrasının magistrantı Vüsalə Abbaslı mövzu ilə bağlı məruzə edib. Gənc tədqiqatçı əvvəlcə arxiv anlayışını şərh edib, arxivçilik tarixinə nəzər salıb. Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahəyə xüsusu diqqət və qayğısını diqqətə çatdırıb. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 12 fevral 2020-ci il tarixli Sərəncamının sahənin inkşafına mühüm töhfə verdiyini vurğulayıb.

Məruzədə Azərbaycan Respublikası Dövlət Arxivinin yaranması və formalaşması xronolji baxımdan şərh olunub. Qeyd edilib ki, Dövlət Arxivinin ilk fondları Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin və Bakı kommunasının fəaliyyətinə dair sənədləri əks etdirir. Tədqiqatda həmçinin ölkəmizdə arxiv işinin sovet hakimiyyəti illərində və müstəqillik dövründəki inkişafı, xüsusilə son dövrlər bu sahədə həyata keçirilən beynəlxalq əməkdaşlıq barədə məlumat verilib, arxiv işinin qanunvericilik bazası, arxiv sənədləri, onların saxlanma müddətləri kimi vacib mövzular izah olunub.

Bildirilib ki, bu sahədə prioritet istiqamətlərdən biri də işğaldan azad edilən ərazilərimizdə talan olunmuş arxiv infrastrukturunun bərpasıdır. Məruzədə müasir arxivlərin modeli, strukturu və məqsədləri barədə məlumatlar da diqqətə çatdırılıb. Vurğulanıb ki, müasir dövrdə arxivlərdə rəqəmsallaşdırma proseslərinin təşkili, istifadəçilərə elektron xidmətlərin göstərilməsi vacib elementdir.

Elmi seminar müzakirələrlə davam edib.

Xəbər lenti