Logo

Media nümayəndələri üçün təlim keçirilib - FOTO

29.03.2023 17:32 358 baxış
IMG

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının müvafiq bəndlərinin və BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin (CEDAW) tövsiyələrinin icrası məqsədilə media nümayəndələri üçün "İnsan alveri ilə mübarizədə medianın rolu: qadın və uşaq hüquqları" adlı təlim keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Audiovizual Şurasını Şura Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı və Kommunikasiya sektorunun böyük məsləhətçisi Günay Xəlilzadə təmsil edib.

Təlimdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova cəmiyyətimizdə ümumi olaraq bir sıra problemlərin olduğunu və bununla bağlı bir çox çıxış yolları axtarıldığını qeyd edib, erkən nikahın, təhsildən yayınma və digər bu kimi məsələlərin kökündə məhz məişət zorakılığı probleminin dayandığını qeyd edib. BMT-nin Qadınlara qarşı ayrıseçkiliyin ləğvi üzrə Komitəsinin üzvü Elgün Səfərov çıxış edərək 2022-ci ildə Azərbaycan Hökumətinin BMT-nin CEDAW Komitəsinə təqdim etdiyi altıncı dövri məruzəsinin və 2023-cü ilin yanvar ayında BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyası üzrə Azərbaycan Hökumətinin beşinci və altıncı birgə dövri məruzəsinin tövsiyələri barədə iştirakçılara məlumat verib.

Azərbaycan Respublikası Audiovizual Şurasının əməkdaşı Ayxan Sadıqlı çıxışında insan alveri ilə mübarizədə medianın maarifləndirmə funksiyası və rolu barədə məlumat verib, "Media haqqında" Qanuna əsaslanaraq sözügedən mövzunu özündə ehtiva edən bir sıra müddəaları media nümayəndələrinin diqqətinə çatdırıb. Eyni zamanda, o, insan alverinin qurbanına çevrilmiş şəxslər barədə məlumatların ictimaiyyətə çatdırılmasında xüsusi diqqət və həssaslıq tələb edən nüansların olduğuna diqqəti cəlb edib, bu mövzunu işıqlandıran media nümayəndələrinin dəqiqlik, dəlillərə əsaslanma, qərəzsizlik, humanizm, cavabdehlik və şəffaflıq kimi prinsipləri rəhbər tutmalarının vacibliyini vurğulayıb.

Daha sonra təlimdə iştirak edən qonaqlarla jurnalistlər arasında müzakirələr keçirilib, Audiovizual Şuranın əməkdaşları jurnalistlərin bu mövzuda suallarını cavablandırıblar.

Tədbirin sonunda fərqlənən media nümayəndələrinə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sertifikatlarl təqdim olunub.

Xəbər lenti