Logo

“BDU və Akdeniz Universiteti əməkdaşlıq edə bilər” - MÜSAHİBƏ

29.03.2023 23:35 481 baxış
IMG

Müsahibimiz BDU-nun tanınmış məzunu, Türkiyənin Akdeniz Universitetinin Molekulyar Biotexnologiya Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvi, professor Tərlan Məmmədovdur.

Tərlan Məmmədovla son tədqiqat işlərinin nəticələri və BDU ilə Akdeniz Universitetinin Molekulyar Biotexnologiya Mərkəzinin birgə əməkdaşlıq perspektivləri barədə danışdıq.

- Tərlan müəllim, son illər müxtəlif xəstəliklərə, o cümlədən koronavirus infeksiyasına qarşı vaksinlərin hazırlanması istiqamətində tədqiqatlar aparırsınız. Hansı nəticələr əldə etmisiniz?

- Tədqiqatlarımız bir neçə infeksion xəstəliyə – qarayara, malyariya, quduzluq və COVİD-19-a qarşı vaksinlərin hazırlanmasından ibarətdir. COVİD-19 xəstəliyinə qarşı artıq laboratoriya səviyyəsində təsdiq olunmuş, yüksək təsiretmə qabiliyyətli peyvənd və dərman əldə edilib. Bundan sonrakı mərhələ isə bazar qiymətləndirilməsi məsələsidir. Hazırladığımız dərmanla da bağlı önəmli testlər aparılıb. Nəticələrə görə, dərman  yüksək göstəriciliyə sahibdir. Ümidvaram ki, yaxın zamanlarda vaksinin və dərmanın istehsalı ilə də bağlı addımlar atılacaq. Hazırladığımız vaksinləri insanlar üçün istifadə etmək vacibdir.

- BDU-da fəaliyyət göstərən Mikrobiologiya və virusologiya laboratoriyası ilə çalışdığınız müəssisə arasında birgə tədqiqatların aparılması nəzərdə tutulubmu?

- Çox istərdim ki, bizim laboratoriyada azərbaycanlı tələbələr, magistrlər, gənc tədqiqatçılar da çalışsınlar, birgə layihələrdə iştirak etsinlər.

- Necə düşünürsünüz, pandemiyanın artıq başa çatdığını demək olarmı?

- Koronavirusun “Omicron” variantının müxtəlif formaları var.  Biz hələ virusdan canımızı qurtara bilməmişik. Virusun “Omicron” variantı hələ davam etdiyi üçün yeni bir növünün yaranması da mümkündür.

- BDU ilə Akdeniz Universiteti arasında bu sahədə əməkdaşlıq perspektivləri nədən ibarətdir?

- Akdeniz Universitetinin alimləri Bakı Dövlət Universitetinin, eləcə də digər ali təhsil müəssisələrinin alimləri ilə birgə tədqiqatlar aparırlar. BDU-nun gənc tədqiqatçılarının da Akdeniz Universitetinin laboratoriyalarında tədqiqat aparmaq imkanları var.

- BDU tələbələri üçün “Vaksin və terapevtik proteinlerin işlənilib hazirlanmasi: malyariya, qarayara, quduzluq və COVID-19-a qarşı bitki əsaslı vaksin və terapevtik proteinlerin preklinik tədqiqatlari” mövzusunda elmi seminar keçirdiniz. Gələcəkdə elmi seminarlar hansı mövzulara həsr olunacaq?

- Biz çox mühüm tədqiqatlarla məşğuluq. İnsanların müalicəsi üçün yüksək təsiretmə qabiliyyətli, geniş çeşidli vaksinlər, dərmanlar, antikorlar hazırlayırıq. Ona görə də biz bu sahədə əməkdaşlıq edə bilərik. Əldə olunmuş nəticələrin BDU-nun tələbə, magistrant və gənc tədqiqatçıları, eləcə də akademik heyəti üçün elmi seminarlar, ustad dərsləri formatında təqdimatı ola bilər.

Müsahibəni hazırladı: Nərminə Əsədova

Xəbər lenti