Logo

ADMİU-da “Teatr: burada və indi” mövzusunda beynəlxalq tələbə elmi konfransı keçirilib - FOTO

30.03.2023 17:57 353 baxış
IMG

Martın 28-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Teatr: burada və indi” mövzusunda beynəlxalq tələbə elmi konfransı keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADMİU-dan bildirilib.

Hər il ənənəvi olaraq Teatr sənəti fakültəsinin Teatrşünaslıq kafedrası tərəfindən təşkil edilən konfrans bu il ADMİU-nun 100, Azərbaycan milli peşəkar teatrının 150 illik yubileylərinə həsr olunub.  

Tədbiri giriş sözü ilə açan Teatrşünaslıq kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadə qeyd edib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik, Azərbaycan milli peşəkar teatrının 150 illik yubileylərinə həsr olunan konfransın keçirilməsində məqsədi tələbələri çağdaş teatr barədə düşünməyə, günümüzün aktual problemlərinə münasibət bildirməyə cəlb etmək, müxtəlif ölkələrdə yaşayan tələbələr arasında əlaqələrin qurulmasına yardımçı olmaq və elmə marağı olan tələbələrin həvəsləndirilməsinə və tədqiqatçılıq vərdişlərinin təkmilləşməsinə kömək göstərməkdir.

Həmçinin professor bildirib ki, 10 ildir davamlı şəkildə keçirilən və teatrşünaslığın tədrisinə böyük töhfələr verən konfrans bu il ilk dəfə olaraq beynəlxalq müstəvidə baş tutur. Belə ki, bu il Türkiyə və Qazaxıstan ali məktəblərindən teatrşünaslar da konfransda məruzələri ilə çıxış edirlər.  

Sonra söz məruzəçilərə verilib. 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyad Quluzadə (İstanbul Nişantaşı Universiteti) “Transmedia və rəqəmsal teatr”, Akjunis Aşim  (T.Jurgenev adına Qazaxıstan Milli İncəsənət Akademiyası) “Qazaxıstanda yeni aktyor sənəti məktəbinin təşəkkülü”, Fatimə Qurbanzadə (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) “Sus və oyna. O zaman teatr ortaya çıxar”, Kuralay Asanqızı (T.Jurgenev adına Qazaxıstan Milli İncəsənət Akademiyası) “Müasir Qazaxıstan teatr rejissurası: axtarışlar, perspektivlər”, Fuad Əliyev (Türkiyə, Üsküdar Universiteti) “Teatr rəqəmsallaşmanın astanasında...”, Ruhiya Bakıtbek (Qazax Milli İncəsənət Universiteti) “Qazaxıstanda teatrşünaslığın aktual problemləri”, Raya Şərifova (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) “İşıq şərqdən yüksələr...”, Makpal Abducabbarova (T.Jurgenev adına Qazaxıstan Milli İncəsənət Akademiyası) “Qazaxıstan teatrının müasir inkişaf tendensiyaları”, Nailə Qasımova (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti)  “Ruhu qanayan qəhrəmanlar”, Tanirbergen Embergenov (T.Jurgenev adına Qazaxıstan Milli İncəsənət Akademiyası) “A.P.Şexovun “Vanya dayı” pyesinin müasir Qazax teatrında interpretasiyası”, Qönçə Firudinli (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) “Kuklalar: Mistik dünyanın reallıqdakı təzahürləri”, Minaxanım Qurbanova (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) “Z nəslinin teatrı: reallıqdan virtual reallığa” adlı məruzələri ilə çıxış ediblər. 

Müzakirələrdə iştirak edən ADMİU-nun prorektorları Gülşən Əliyeva-Kəngərli, Nigar Rüstəmova, Sədaqət Əliyeva, professorlar Məryəm Əlizadə, Aydın Talıbzadə, İsrafil İsrafilov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov və başqaları məruzələrlə bağlı fikirlərini, irad və tövsiyyələrini iştirakçıların diqqətinə çatdırıb, belə elmi konfransların keçirilməsinin tələbələrin inkişafı, onların elmi bilik və təcrübə qazanmaları yönündəki önəmini qeyd edib, məruzəçilərə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Xəbər lenti