Logo

Şəfiqə Məmmədova haqqında bilmədiklərimiz - FOTOLAR

30.03.2023 21:16 1311 baxış
IMG

Bu gün Xalq artisti Şəfiqə Məmmədovanın doğum günüdür. Kulis.az bu münasibətlə aktrisa haqqında maraqlı faktları təqdim edir.

Şəfiqə Haşım qızı Məmmədova 30 mart 1945-ci ildə Dağıstanın Dərbənd şəhərində doğulub, orada böyüyüb. Dərbənddən Bakıya gələn Şəfiqə xanım Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun musiqili komediya teatr aktyoru fakültəsinə qəbul olub.


Şəfiqə Məmmədovanın iştirakı ilə olan tamaşaları izləyən rejissor Tofiq Kazımov onu musiqili komediya fakültəsindən Akademik Milli Dram Teatrına aktrisa kimi dəvət edir. Aktrisa Azərbaycan Milli Dram Teatrının truppasına 1968-ci ildə qəbul olunub. Burada o, "Hamlet" tamaşasında Gertruda, "Canlı meyit"də Maşa, "Xəyyam"da Sevda, "Dəli yığıncağı"nda Pırpız Sona, "Bağlardan gələn səs"də Gülcan, "Aydın"da Gültəkin obrazları ilə tamaşaçıların rəğbətini qazanıb.

***

Şəfiqə Məmmədova xeyli müddət dram teatrının aparıcı aktrisalarından biri olsa da, sonradan o, teatrdan uzaqlaşır. Bu barədə ondan soruşanda, belə cavab verir:

"Artıq o teatr mənim arzuladığım teatr deyil".


***

Aktrisa kino yaradıcılığı dövründə "Qaraca Qız", "Dədə Qorqud", "İstintaq", "Bizim Cəbiş müəllim", "Ad günü", "Çarvadarların izi ilə" adlı filmlərə çəkilib.

Şəfiqə Məmmədova müsahibələrinin birində rolları haqqında deyir:
“Öz filmlərimə baxa bilmirəm. Bir tərəfdən xatirələr yada düşür, digər tərəfdən isə fikirləşirəm ki, o rolu daha yaxşı, daha peşəkarcasına oynaya bilərdim”.

***

Aktrisa bir müddət Akademik Milli Dram teatrının direktoru olmuş Həsənağa Turabovun vəfatından sonra Dram Teatrına onun yerinə müdir təyin olunsa da, o, bu vəzifədən imtina edir.

Bir neçə il əvvəl aktrisa ilə həmkarı Rasim Balayev arasında gərginlik yaranıb. Hər iki sənətkar bir-biri haqqında mətbuatda xoşagəlməz ifadələr işlədiblər. Rasim Balayev aktrisanı yaltaq və satqın adam adlandırsa da, 2019-cu il 8 Mart günü Şəfiqə xanıma zəng edərək, onu təbrik edib, şəxsiyyətinə və yaradıcılığına böyük hörmət bəslədiyini dilə gətirib və bununla da iki tanınmış sənətkar arasında baş verən inciklik sona çatıb.

***

Aktrisa 1995-ci ildən 2000-ci ilə qədər Azərbaycan Respublikası I çağırış Milli Məclisinin deputatı olub. 2012-ci ildə yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri seçilib.

Aktrisaya kino sahəsində ən böyük məşhurluğu "Bizim Cəbiş müəllim" filmindəki Cəbişin arvadı rolu gətirib. Filmlə bağlı bir müddət əvvəl müxtəlif fikirlər səslənib. Belə ki, "Bizim Cəbiş müəllim" filminin sonunda Sovet dövrü üçün intim sayıla biləcək səhnənin çəkilməsi müzakirə mövzusuna çevrilib. Qeyd olunur ki, filmin sonunda Cəbiş müəllimin arvadının alverçi qonşusu Əbülfəz ilə ərinə xəyanət etməsi səhnəsi filmdən çıxarılıb. Bu haqda aktrisa fikirlərini belə ifadə edib:

"Film 1969-cu ildə çəkilib, yayımlanıb. İllər boyu insanlar bu filmə baxıb və baxırlar. Kim necə yozursa-yozsun. Onlar özləri istədikləri kimi film çəkərlər. Bu filmdə belə məqsəd güdülməyib, elə səhnələr nəzərdə tutulmayıb. Ssenari məndə, arxivimdədir. Yaradıcılıqda hər şey ola bilər. Yaradıcılıq prosesində nə yaranırsa, artıq filmdə əks tapır. İnsanlar bu səviyyədədirlər ki, 69-cu ilin filmini qurdalayırlar?

Böyük insanların ərsəyə gətirdiyi, gözəl aktyorların rol aldığı filmi qurdalayırlar? Kimsə elə yozmaq istəyirsə, belə səhnələri görmək istəyirsə, reallaşdırar. Bu, onların səviyyəsizliyidir. Həmin görüntülər filmə salınmayıb, burada nə var ki? Yaradıcı insanlar elə görməyiblər deyə, filmə salmayıblar. Bu nə səviyyəsizlikdir?"

Xəbər lenti