Logo

Başındakı qəlpəni çıxartmaq üçün saçlarını kəsdirən Xalq artistimiz – Maraqlı faktlar

31.03.2023 14:35 391 baxış
IMG

Kulis.az 90-cı illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən, əlil olan ilk və son Xalq artisti, Şuşa Dövlət Dram Teatrının aktrisası Şükufə Musayeva ilə bağlı on maraqlı faktı təqdim edir.

Şükufə İmran qızı Musayeva 23 aprel 1966-cı ildə Bərdə şəhərində anadan olub. Uşaqlıqdan aktrisa olmaq istəyib. Mədəniyyət və İncəsənət Universitetində təhsil almaq istəsə də, illərlə bu istəyinə çata bilmir. Şuşa Mədəni-Maarif Texnikumunun dram fakültəsinə qəbul olunur. Oxuduğu müddətdə Şuşa Dövlət Dram Teatrının direktoru Yadigar Muradovla tanış olur və Xalq teatrındakı tamaşalara dəvət alır.

***

1988-ci ildə Qarabağın başının üstünü dumanlar alanda texnikumu bitirir və Şuşa Mədəniyyət Evinə təyinat istəyir. O zaman hələ Şuşa Teatrı yox idi. 90-cı illərdə Şuşa Dövlət Dram Teatrı açılır və Şükufə xanım oranın aktrisalarından biri olur.

Şuşanın işğalından sonra dözmür, könüllü müharibəyə qoşulur. Artıq hamı ona bir aktrisa, bir xanım kimi yox, döyüşçü kimi yanaşırdı. Özü xatırlayır:

“Bütün qadın hisslərimi unutmuşdum. Sevgi, qorxu, həyəcan... heç nə hiss etmirdim. Mən fəxrlə xatırlayıram o illəri. Çünki cəbhədə Azərbaycan qadınlarının utanacağı heç nə yaşanmayıb.”

Şuşanın işğalı ilə bağlı bunları deyir:

“Şuşada döyüşlər gedəndə mən Laçının Anakirs deyilən ərazisində idim. Orda da qızğın döyüşlər gedirdi. Erməni bu istiqamətdən də hücuma keçmişdi. Biz döyüşüb onları geri çəkilməyə məcbur etdik. Şuşanın işğal xəbərini Laçında aldım. Dünyam başıma yıxıldı. Laçında camaat “Şuşa” deyib ağlaşırdı. Mən qulaqlarıma inanmırdım. Onların üstünə qışqırırdım. Deyirdim, siz nə danışırsınız? Şuşa işğal oluna bilməz! Birdən çevrilib Şuşa tərəfə baxdım. Gördüm, tüstüsü ərşə qalxıb. Çox istəsəm də Şuşaya tərəf gedə bilmədim. Artıq ermənilər Anakirs tərəfdən Laçına hücuma keçmişdi.”

***

Döyüş boyu düşmənə əsir düşməsin deyə üstündə həmişə qumbara gəzdirib. Elə bir təhlükə olsa, fitilini çəkib özünü partladacaqdı.

1992-ci il martın 18-də şəkli çəkdirmək üçün Şuşadakı fotostudiyalardan birinə gedir. Qəfil ermənilər şəhəri bombalayırlar. Fotoqraf qaçıb stolun altına girir. Şükufə xanım onu sakitləşdirir, qorxmayın, deyir. Çölə çıxanda hamının qaçdığını görür, lakin o, yerində dayanıb tüstülənən şəhərə tamaşa edir. Bu vaxt texnikum müəlliminin səsini eşidir: “Qaç Musayeva!” Cavabı belə olur: “Müəllim, siz gedin mən gələcəm” dediyi an başına şüşə qırıqları tökülür.

***

Ağdərə uğrunda gedən döyüşdə yaralanıb. Yaralı yoldaşlarını döyüş meydanından çıxarıb BMP-yə daşıyırmış. Milli Qəhərman Şakir Salahov onu səsləyir, deyir, bacı, ver, burdan o yana mən aparacam. Xərəyi ondan alır. Bir az aralanan kimi dəhşətli partlayış olur. Bircə söz eşidir: “Ay Allah öldüm!” Atılan mərmi Şakirin bədənindən keçib BMP-yə girir. Onu isə qəlpələr tutur. Huşunu itirir. Ayılanda görür, BMP yanır. Orada düz 8 nəfər ağır yaralanır, iki nəfər şəhid olur.

Bədəninə 100 qəlpə girir. Çoxlu qan itirir. Boğaz damarlarında, üzünün müxtəlif yerlərində qəlpə izləri var. Gözünün ağında da qəlpə var. Hələ də soyuq havalarda gözləri ağrıyır. Qulaq pərdəsi də dağılıb. Bir qulağı eşitmə qabiliyyətini itirib. Beyin çatı əmələ gəlib. Üstündə saatlarla əməliyyat aparılandan sonra xoş təsadüfdən həyata qayıdıb.

Uzun saçlarım varmış. Başının arxasındakı qəlpəni çıxartmaq üçün həkimlər saçlarını kəsəndə onu ağlamaq tutur. Deyir, uzun zaman idi ilk dəfə özümü qadın kimi hiss edirdim.

1995-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivində qiyabi rejissorluq təhsili alır. Müharibədə uduzan xanım heç olmasa öz sənətində nəsə etməyə çalışır. Elçi gələnlər çox olsa da ailə qurmaq istəmir. Müharibə şəxsi həyatını alt-üst edir. Xeyli gec ailə qurur. Ağır yaralandığı üçün tərxis olunur. Bu yaralar ana olmaq imkanını ondan alır. “On uşaq anası olmaq istəyirdim, amma biri də olmadı. Müharibə mənim arzularımın, istəklərimin üstündən qara xətt çəkdi” – deyir Şükufə xanım.

***

Ən ağır günlərdə belə qaçqın həyatı yaşayan Şuşa Teatrından heç vaxt ayrılmır. Bu gün də oranın aktrisasıdır. Deyir, mənim Şuşaya vəfa borcum var: “Elə günlər olub, bir qəpik pulum olmayıb, işə piyada gedib-gəlmişəm. Teatrlardan dəvətlər olub. Amma başqa teatra keçmək haqqında düşünməmişəm. Paralel olaraq Mədəniyyət evində, Xalq Teatrında rejissor kimi fəaliyyət göstərmişəm. Amma Şuşa Teatrı ilə bağlarımı qoparmağa ürəyim gəlməyib.”

Şuşanın alınması xəbəri onu havalandırır: “Sevindiyimdən ürəyim partlamaq dərəcəsinə çatdı. Həyatımda heç vaxt o gün sevindiyim kimi sevinməmişəm.”

Xəbər lenti