Logo

BDU-nun “Debat klubu”nun 49-cu daxili turnirinin bağlanış mərasimi olub

31.03.2023 21:54 352 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin əməkdaşlığı ilə Milli Debat Proqramı çərçivəsində BDU Debat klubunun “Avengers 10” adlı 49-cu daxili debat turnirinin final və bağlanış mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova, qonaqlar və debatçılar iştirak edib.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Universitet rəhbərliyi tərəfindən “Debat klubu”nun fəaliyyətinə daim dəstək verildiyini və “Vətəndaş Cəmiyyətində Debat” İB ilə əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb.

İctimai Birliyin sədri Ülviyyə Axundova BDU tələbələrinin yerli və beynəlxalq səviyyəli debat, natiqlik layihələrində iştirakını yüksək qiymətləndirib və Universitet rəhbərliyinə debat fəaliyyətinə verilən dəstəyə görə təşəkkürünü bildirib.

Daha sonra turnirin final mərhələsinə vəsiqə qazanan “Bazara saxlamayaq” və “Ümiddən uzaq durun” komandaları arasında debat aparılıb.

Yarışın qrup və seçmə mərhələsi 17-18 mart tarixlərində "İnvestisiya layihələrində ekoloji standartlar iqtisadi göstəricilərdən üstün tutulmalıdır" mövzusunda keçirilib. Turnirdə Azərbaycan bölməsi üzrə 16, rus bölməsi üzrə 10 komanda olmaqla, ümumilikdə 26 komanda iştirak edib.

Turnirin qalibləri Azərbaycan bölməsi üzrə “Bazara saxlamayaq” komandası (Gülşən Yusibzadə, Səma İsazadə, Fərid Abbasov), rus bölməsi üzrə isə "Vanzello" komandası (Gülçin Osmanova, Hatəm Bəşirov, Məryəm İbrahimli) olub.

Tədbirin sonunda finalçı və qalib komandalar, ən yaxşı natiqlər mükafatlandırılıb.

Xəbər lenti