Logo

BSU-da magistrantların elmi-pedaqoji təcrübəsinin başlanmasına həsr olunmuş konfrans keçirilib - FOTO

31.03.2023 23:35 348 baxış
IMG

Martın 31-də Bakı Slavyan Universitetində (BSU) magistrantların elmi-pedaqoji təcrübəsinin başlanmasına həsr olunmuş konfrans keçirilib. 

Bu barədə "Tehsil.biz"ə BSU-dan məlumat verilib.

Bildirilib ki, tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev bu konfransın tariximizin ağrılı, qara səhifəsinə yazılmış bir günə - 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə təsadüf etdiyini qeyd edib. Sonra 31 Mart soyqırımı qurbanlarının və vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rektor çıxışında BSU-da magistraturada tədrisin təşkili və təhsil səviyyəsindən danışaraq, magistrantların uğurlarının göz qabağında olduğunu vurğulayıb. Anar Nağıyev tədbir iştirakçılarını aktiv şəkildə müzakirələrə qoşulmağa dəvət edərək, konfransın gedişatına uğurlar arzulayıb.

Magistratura şöbəsinin müdiri Məmmədtağı Rzayev magistrantlara uğurlar arzu edib, elmi-pedaqoji təcrübənin məqsəd və vəzifələri, o cümlədən təcrübə gündəliyi, icmal və hesabatın hazırlanması barədə ətraflı məlumat verib. 

Konfrans magistrantların sualları cavablandırılması və müzakirələrlə davam edib.

Qeyd edək ki, elmi-pedaqoji təcrübə 01 aprel 2023-cü ildən 01 may 2023-cü il tarixinədək davam edəcək.

Xəbər lenti