Logo

Mikrobiologiya İnstitutu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş müsabiqə keçirir

02.04.2023 19:31 595 baxış
IMG

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş III respublika müsabiqəsi elan edir.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, layihə müasir təhsil sisteminin əsas strateji məqsədlərini nəzərə alaraq təşkil edilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin mikrobiologiya elminə olan marağının daha da artırılması, bu sahədə nəzəri və təcrübi biliklərin təkmilləşdirilməsi, yaradıcı təfəkkürün inkişafına xidmət edən qabiliyyətlərin aşkara çıxarılmasıdır.

Məktəblilər arasında “Mikroorqanizmlər uşaqların gözü ilə” adlı mövzuda keçiriləcək müsabiqədə respublikamızın ümumtəhsil məktəb və liseylərində təhsil alan V və XI sinif şagirdləri mikroorqanizmlərin (bakteriya və göbələklər) ekologiyası, təbiətdə və insan həyatında rolu, quruluşu, xeyirli və zərərli təsirlərinə və digər xüsusiyyətlərinə həsr olunmuş əl işləriylə (rəsm, maket, tikiş, heykəl) iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunan əl işləri 24 aprel 2023-cü il tarixinədək qəbul edilir.

Müsabiqəyə təqdim edilmiş işlər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyətinin qərarına əsasən I, II və III yerin qaliblərinə diplom və pul mükafatı,əl işləri xüsusi seçilən şagirdlərə isə sertifikatlar veriləcək. Müsabiqədə xüsusi seçilən şagirdlərin müəllimlərinə diplomlar, çalışdıqları təhsil müəssəsinə təşəkkürnamənin verilməsi nəzərdə tutulub.

Müsabiqənin nəticələrinin elanı 3 may 2023-cü il tarixində Mikrobiologiya İnstitutunda təşkil olunacaq yekun iclasda açıqlanacaq.

Əlavə məlumat üçün tel.: (+994 50) 338 28 45

E-mail: [email protected]

Xəbər lenti