Logo

ABŞ-də elmlər doktoru elmi dərəcəsini alan 29 yaşlı azərbaycanlı kimdir?

03.04.2023 12:32 511 baxış
IMG

Masallı rayonu Ərkivan qəsəbə sakini Tural Sadıqov 29 yaşında ABŞ-də elmi işini uğurla müdafiə edərək elmlər doktoru elmi dərəcəsini alıb.

Tehsil.biz xəbər verir ki, T.Sadıqov orta təhsilini Lənkəran Özəl Türk Liseyində alıb.

O, 2003-cü ildə yüksək balla Türkiyənin İstanbul şəhərində yerləşən Boğaziçi Universitetinə daxil olub, 2008-ci ildə bu ali təhsil ocağının Riyaziyyat fakültəsini uğurla başa vurub. Elə həmin il ABŞ-nin Bloominqton şəhərindəki İndiana Universitetindən doktoranturaya qəbul üçün dəvət alıb.

Turalın yüksək göstəricilərinə görə universitet onun təhsil xərclərinin 95 faizini öz üzərinə götürüb, həmçinin bakalavr səviyyəsində dərs demək üçün onu müəllim kimi işə qəbul edib.

2015-ci ildə T.Sadıqov ABŞ-də doktoranturanı müvəffəqiyyətlə bitirib və öz elmi işini yüksək səviyyədə müdafiə edərək alimlik dərəcəsi alıb. Bu elmi dərəcə ABŞ-də Ph.D.(Doctor of Philosophy) riyaziyyat sahəsində son elmi dərəcə hesab edilir.

Doktorantura məzunu olmadan əvvəl (2015-2020-ci il tarixlərdə) isə Nyu-York Dövlət Universitetinin Politexnik İnstitutunda tətbiqi riyaziyyat üzrə elmi işçi və məruzəçi kimi işləyib.

T.Sadıqov hələ orta təhsil alarkən ölkə miqyaslı Respublika Riyaziyyat Olimpiadalarında ardıcıl olaraq 4 dəfə (2000, 2001, 2002, 2003-cü illər) birinci yer tutaraq qızıl medala layiq görülüb.

2 dəfə dünya olimpiadasına qatılan Tural Sadıqov 2003-ci ildə Yaponiyada 457 məktəblinin qatıldığı Beynəlxalq Riyaziyyat Olimpiadasından bürünc medalla qayıdıb.

2020-ci ildən etibarən Amerika Birləşmiş Ştatlarında (ABŞ) fəaliyyət göstərən laboratoriyaların birində maşın öyrənməsi və qismi diferensial tənlik üzərinə tədqiqatlar aparır.

Eyni tarixdən etibarən ABŞ-nin öndə gedən Liberal İncəsənət kolleclərindən olan Hamilton kollecində riyaziyyat, statistika və maşın öyrənməsi üzərinə dərslər tədris edir və tədqiqatlar aparır.

Xəbər lenti