Yüksək texniki peşə təhsili pilləsində çalışan müəllimlər üçün Bakı, Bərdə və Gəncə şəhərlərində silsilə təlimlər keçirilib.
Bu barədə "Tehsil.biz"ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Ümumilikdə 45-ə yaxın müəllimin iştirak etdiyi təlimlərdə fənn sillabuslarının hazırlanması, peşə təhsilində yeni təlim texnologiyaları, həmçinin tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsində yeni metodlar müzakirə edilib, praktiki məşğələlər təşkil olunub.
Yüksək texniki peşə təhsili - peşə təhsilinin ən yüksək səviyyəsidir, burada ümumtəhsil bazasından qəbul zamanı dörd il, tam orta təhsil bazasından qəbul zamanı isə üç il müddətində tədris aparılır. Bu proqramları uğurla bitirən tələbələr müvafiq ixtisas üzrə subbakalavr diplomu ala və təhsillərini müvafiq ixtisas üzrə ali məktəblərdə davam etdirə bilərlər. Bu cür praktika əsaslı tədrisin təşkili isə müəllimlərin daha çevik və müasir hazırlığını tələb edir. Bu hazırlıq tədbirləri üçün sözügedən layihə təlim proqramları təqdim edir. Bu, peşə təhsili üzrə pedaqoji heyətin müasir tələblərə cavab verən bilik və bacarıqlara yiyələnməsinə dəstək olur, ümumilikdə isə peşə təhsili və təlimi sistemində peşəkar kadrların hazırlığı prosesinə töhfə verir.
Qeyd edək ki, təlimlər Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirdiyi “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində reallaşıb. Layihə üzrə “modelyer dizayner” və “saç və gözəllik xidmətləri” ixtisasları olmaqla iki yüksək texniki peşə proqramının hazırlanmasına, eləcə də tələbə qəbulunun təşkili prosesinə dəstək göstərilib. Növbəti tədris ili üçün əlavə iki ixtisas istiqamətində də müvafiq dəstəyin göstərilməsi nəzərdə tutulur.