Audiovizual Şuranın növbəti iclası keçirilib.
Bu barədə "Tehsil.biz"ə Şuradan məlumat verilib.
Bildirilib ki, iclasda “Media haqqında” Qanuna uyğun olaraq audiovizual media fəaliyyətinin həyata keçirilməsi ilə bağlı Şuraya daxil olan müraciətlər müzakirə olunub.
Müzakirələrin yekunu olaraq “Kaspian Telekom” MMC-nin “Ailə TV” universal platforma operatorunun paketlərində abunəçilərə təqdim olunan “Ailə Cinema” sifarişli yayım xidmətinə görə, habelə həmin paketlərdə yayımı həyata keçirilən “Ailə Kinozal” film-kino janrlı televiziya kanalına görə “Kaspian Telekom” MMC-yə müvafiq olaraq sifarişli yayım xidməti provayderi (xidmətin adı “Ailə Cinema” olmaqla) və peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının adı “Ailə Kinozal” olmaqla) lisenziyalarının verilməsi haqqında qərarlar qəbul olunub.
Bundan başqa, “Konnekt” QSC-nin müvafiq müraciətləri əsasında “Connect TV” universal platforma operatorunun paketlərində yayımı həyata keçirilən “CTVHD”, “CTVHD1” və “CTVHD2” film-kino janrlı televiziya kanallarına görə “Konnekt” QSC-yə peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyalarının adları “CTVHD”, “CTVHD1” və “CTVHD2” olmaqla) lisenziyalarının verilməsi haqqında qərarlar qəbul olunub.
İclas zamanı, həmçinin, operatorluq fəaliyyətinin (xarici televiziya kanallarının retranslyasiyası üzrə) həyata keçirilməsi üçün Şuraya daxil olan müraciətlərə də baxılıb.
Müzakirələrdən sonra “Boss Group” MMC-yə (xidmətin adı “Boss Group”), “Gamma Sky-Net” MMC-yə (xidmətin adı “Gamma TV”), “TVNet Telecom” MMC-yə (xidmətin adı “TVNet”) və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Bayramov Orxan Akif oğluna (xidmətin adı “Xan TV”) universal platforma operatoru lisenziyalarının verilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunub.
İclasda audiovizual yayım fəaliyyətinin həyata keçirilmədiyi təsbit olunmuş fakta və ya lisenziya sahibinin Şuraya ünvanladığı rəsmi ərizəyə əsasən “Caspium Group” MMC-yə, “Media Art” şirkətinə və “Metronet” MMC-yə verilmiş lisenziyaların ləğv edilməsi haqqında qərarlar qəbul olunub.
İclasın yekununda ləğv edilmiş Milli Televiziya və Radio Şurası tərəfindən verilmiş lisenziyaların onu hüquqi varisi olan Audiovizual Şurası tərəfindən “Media haqqında” Qanununa əsasən yeni audiovizual media fəaliyyətlərinə uyğun lisenziyalarla əvəz olunması prosesi də müzakirə olunub və lisenziyaların yenilənməsi üçün Şuraya hələ də sənədlərini təqdim etməmiş subyektlərə (“Fibernet” MMC, “İTTNet” MMC, “Sham” MMC, “Farrukh Teleradio” MMC, “RA Technologies” MMC”, “Albax TV” MMC, “Azol TV” MMC, “Orbita TV” MMC, f/ş Qasımov Möhsün Hüseyn oğlu) sonuncu xəbərdarlıq edilib.