Astronomlar mərkəzlərində superkütləli qara dəliklərin olduğu ilk qoşa kvazarın kəşfini təsdiqləyiblər. 220 milyon ildən sonra qara dəliklərin qoşa sistem formalaşdıracağı güman edilir.
Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Kvazarlar spektrləri çox böyük qırmızı sürüşməyə malik olan fəal qalaktika nüvələridir. Onların mərkəzində yerləşən qara dəlik ətrafındakı maddəni cəzb edərək akresiya diski əmələ gətirir. Akresiya diskinin kvadrilyon dərəcə selsi temperaturadək qızması nəticəsində isə kvazarların parlaqlığı bəzən bir qalaktikanın parlaqlığından çox olur. Lakin qoşa kvazarların müşahidəsi çox nadir hadisədir. Belə ki, əvvəlki müşahidələr birləşmənin ilkin mərhələsində olan qalaktikaların olmasını qeydə almışdı, amma onlar bir-birindən, hələ də müstəqil şəkildə ayrı-ayrı sistem hesab olunacaq qədər uzaqda idilər. Yeni nəticələr isə göstərir ki, bir-birindən ~10.000 işıq ili məsafədə yerləşən bir cüt kvazar var ki, onların qalaktikaları böyük ehtimalla, vahid nəhəng elliptik qalaktikaya çevrilməyə doğru gedir.
Alimlər kainatda belə sistemlərin kifayət qədər çox olduğunu hesab edirlər. Qoşa qara dəlikləri ayırd etmək çox çətindir, onlar bir-birinə çox yaxın yerləşdiyindən, müşahidəçi onları adətən bir obyekt kimi görür. Belə bir sistemdə hər iki qara dəliyi müşahidə etmək üçün onların hər ikisinin eyni vaxtda akresiya etməsi və kvazarların parlamaları lazımdır, bu isə çox nadir hallarda baş verir. Nəhayət, “Hubble” teleskopunun yüksək ayırdetməsi sayəsində belə bir sistemin mövcudluğu təsdiq olundu.
Bir-birinə doğru cəzb olunan qalaktikalar qovuşaraq, nəticədə mərkəzdə superkütləli qara dəlik cütünü yaradır (qoşa kvazar). Son vaxtlara qədər qalaktikalarda ulduz əmələ gəlməsinin pik nöqtəsi hesab olunan epoxada (z ≈ 2, Kainatın 2-3 milyard il yaşına uyğundur) qoşa kvazarların mövcud olması faktı təsdiq olunmamışdı.
İllinoys Universitetində Yu-Çinq Çenin başçılıq etdiyi astronomlar qrupu kainatın yeni yarandığı zaman mövcud olan SDSS J0749 +2255 qoşa kvazarının kəşfini elan edib. Sistem, tədqiqatçılar tərəfindən ilk dəfə 2021-ci ildə aşkar edilsə də, onun qoşa kvazar olmasının təsdiqi “Chandra” və “Hubble” kosmik teleskoplarından, həmçinin yerüstü “Keck”, “Gemini” və VLT teleskoplarından istifadə etməklə, müşahidə materiallarının təhlili zamanı əldə edilib.
Alimlərin sözlərinə görə, belə bir sistemin təsdiqi çətin proses idi. Sistemin qravitasiya linzalı ayrı-ayrı obyektlər deyil, məhz kvazar cütü olmasını təsdiq etmək üçün aparılan tədqiqatlar zamanı rentgen oblastdan radiodalğalara kimi bütün diapazonda obyekt təhlil olunub.
SDSS J0749 +2255 spektrlərində geniş emissiya xətlərinə malik I tip kvazarlara aiddir, onun qırmızı sürüşməsi z = 2.17-dir. Nüvələrdəki qara dəliklərin kütlələri 109,1 və 109,2 M ⊙-ə bərabərdir və aralarındakı məsafə 3,8 kps-dir. Qalaktikalar isə əhəmiyyətli ulduz kütləsinə malikdir (1011,46-11,5M ⊙).
Qalaktikalarda baldcın olmamasını belə izah edirlər ki, superkütləli qara dəliklər bu strukturlar formalaşmamışdan əvvəl yaranıblar. Ehtimal olunur ki, 220 milyon ildən sonra onlar qravitasiya ilə bağlı qoşa qara dəlik sistemi yaradacaqlar.
Qeyd edək ki, tədqiqat işi ilə bağlı məqalə “Nature” jurnalında dərc olunub.