Məlumat verildiyi kimi, Dünya Universitetləri Reytinqi QS sahələr üzrə universitetlərin reytinqini (Subject Rankings 2023) açıqlayıb və Azərbaycan Dillər Universiteti “müasir dillər” bölməsi üzrə (301-340), Azərbaycan Dövlət İqtisad Universiteti isə “iqtisadiyyat və ekonometrika” sahəsi üzrə (501-530) dünyada ən yaxşı universitetlər qrupuna daxil olub. Azərbaycandan ilk dəfə iki ali təhsil müəssisəsi QS sahələr üzrə dünya universitetlərinin reytinqində yer alıb. Qeyd etmək lazımdır ki, sözügedən reytinqdə 161 ölkədən 1594 ali təhsil müəssisəsi iştirak edib. 2023-cü ilin reytinq coğrafiyası genişlənərək Avropa, Asiya və Şimali Amerikanın müxtəlif universitetlərini əhatə edir.
Ümumiyyətlə, reytinq ideyası ilk dəfə Ben Vildavski tərəfindən “The Great Brain Race: How Global Universities are Reshaping the World” adlı kitabında qeyd olunaraq “THE” (Times Higher Education) jurnalının o vaxtkı redaktoru Con O’Liriyə verilmişdir. “THE” (Times Higher Education) həmin bu layihəni həyata keçirmək üçün QS (Quacquarelli Symonds) şirkəti ilə tərəfdaşlıq etməyi seçdi.
Dünyada aparıcı, ən etibarlı və ən çox baxılan reytinqlər “QS reytinqi”,“THE (Times Higher Education)” və “Şanxay reytinqi” (Shanghai Ranking) hesab olunur. QS reytinqi Beynəlxalq Reytinq Ekspert Qrupu (IREG) tərəfindən təsdiqlənir və dünyada ən çox oxunan universitet reytinqlərindən biri kimi qəbul edilir. QS (Quacquarelli Symonds) şirkəti 2009-cu ildən artıq öz metodologiyası və yanaşmasına əsasən reytinq cədvəlini hazırlayır, dünya universitetlərinin hər il həmin reytinq üzrə qiymətləndirməsini aparır. Belə ki, QS World University Rankings müxtəlif universitet reytinq nəşrləri arasında “ən nüfuzlu” kimi qiymətləndirilir.
Qeyd edək ki, QS sistemi üç istiqaməti əhatə edir: dünya üzrə ümumi reytinq, müxtəlif fənlər və sahələr, eyni zamanda da müstəqil regionlar üzrə.
QS sahələr üzrə dünya universitetlərinin reytinqini 5 kateqoriyaya uyğun qiymətləndirir və bu 5 kateqoriya 54 sahəni əhatə edir. Reytinqin qiymətləndirmə metodologiyasında aşağıdakı indikatorlar nəzərə alınmışdır:
Akademik nüfuz. Ümumi balın 40 faizini təşkil edən akademik nüfuz tədris və tədqiqat keyfiyyətinə baxır. Sözügüdən qurum təhsil sahəsindən 130000-dən çox ekspert rəyini toplayır və dünyada ən böyük akademik rəy sorğusunu yaradır.
Bu istiqamətdə ADU-nun Daxili keyfiyyət təminatı sistemi üzrə təhsil proqramlarının mütəmadi olaraq monitorinqi, güclü və zəif tərəflərin aşkar edilməsi; risklərin ölçülməsi, eləcə də inkişaf istiqamətlərinin proqnozlaşdırılması;fənn proqramları və sillabusların tələbəyönümlülük istiqamətində təkmilləşdirilməsi; bununla bağlı sorğuların keçirilməsi (həm təhsilverənlər, həm də təhsilalanlar arasında) və onların təhlili kimi tədbirlər tədrisin keyfiyyətinin yüksəldilməsinə zəmin yaradır.
ADU Azərbaycanda 20-dən çox dilin müxtəlif tədris proqramları vasitəsilə tədris olunduğu unikal bir Universitetdir. ADU Bolonya prosesinin tələblərinə cavab verən çevik kredit sistemini, Beynəlxalq Keyfiyyət Təminatı standartlarını və Azərbaycanda Avropa Kredit Transfer Sistemini (AKTS) tətbiq edən ilk dövlət universitetidir. Azərbaycan Dillər Universiteti 2017-ci ildən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan ilk universitetlərdəndir. Azərbaycan Dillər Universiteti (ADU) bakalavr pilləsində təhsil, filologiya, tərcümə, jurnalistika, regionşünaslıq və beynəlxalq münasibətlər ixtisasları üzrə mütəxəssis hazırlayan ölkənin qabaqcıl universitetlərindən biridir.
Təhsildə qloballaşma və beynəlmiləlləşmə faktorlarının mühüm əhəmiyyət kəsb etdiyi bir dövrdə ADU üçün ilk növbədə xarici ölkələrin ali təhsil müəssisələri ilə əlaqələrin qurulması, əməkdaşlığın yüksələn xətlə inkişafı prioritet istiqamətdir. İkili diplom layihələri üzərində iş, innovativ proqramların, müəllim-tələbə mübadiləsi tədrisin keyfiyyətinin artırılmasına bilavasitə təsir göstərir.
Bu gün Azərbaycan Dillər Universitetində istər müəllim heyətinin, istərsə də tələbə kontingentinin peşəkar inkişafının, bilik və bacarığının artırılması məqsədilə yerli və xarici ekspertlər tərəfindən bır sıra tədbirlər həyata keçirilir:
- Arizona Dövlət Universitetinin TEFL/TESOL sertifikat proqram təlimi;
- Bakı Amerika Mərkəzi tərəfindən tələbə və müəllimlər üçün mütəmadi olaraq təkmilləşmə məqsədi ilə təşkil olunan təlimlər (https://www.facebook.com/bakuamericancenter/?locale=az_AZ);
- İngilis dilində danışıq bacarıqlarını artırması məqsədilə dil daşıyıcıları tərəfindən keçirilən Conversation Club-lar;
Tədris-metodiki konfranslara gəldikdə isə Azərbaycan Dillər Universiteti ilə Dokuz Eylül Universiteti arasında son üç ildə davamlı olaraq xarici dilin tədrisi və öyrənilməsi istiqamətində silsilə tələbə və müəllim konfranslarını qeyd edə bilərik.
Azərbaycan Dillər Universiteti və Macarıstanın Peç Universiteti arasında bağlanmış müqaviləyə əsasən ECL İmtahan Mərkəzində Alman dili B1 səviyyəsi üzrə beynəlxalq imtahanlar keçirilir.
ADU-da fəaliyyət göstərən 20-dən çox ölkəni təmsil edən mərkəzlər sayəsində həmin ölkənin mədəniyyətini, tarixini, ədəbiyyatını və s. öyrənmək şansı var. Tələbələrimiz müxtəlif proqramlar, ikili diplom layihələri çərçivəsində digər ölkələrdə təhsil alırlar. Universitetimizə marağın səbəblərindən biri də əmək bazarının tələblərinə uyğun kadr hazırlığını həyata keçirməyimizdir. İldən-ilə yeni ixtisasların yaranması, tədris dili ingilis dilində olan (beynəlxalq münasibətlər, jurnalistika, ibtidai sinif müəllimliyi, məktəbəqədər təhsil, amerikaşünalıq) ixtisaslarına yer verilməsi, zamanın tələbinə uyğun “Ermənişünaslıq” ixtisasının qəbul planına salınması buna bariz nümunədir (https://adu.edu.az/az/adu-haqqinda/ASP/).
Son illərdə ADU-nun qəbul planında olan göstəricilərə diqqət yetirsək (orta hesabla 98,5%) bir daha universitetə marağın artdığının şahidi oluruq.
İşəgötürənlər arasında nüfuz. Bu qiymətləndirmədə məzunların uğurlu karyeraya necə hazırlandığı və onların bacarıqlara, kompetensiyalara yiyələnməsi nəzərə alınır. Təhlil məzunlar arasında aparılan sorğuya əsasən müəyyən edilir.
Son illərdə Azərbaycanda rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacını ödəmək üçün gənclərin yüksək səviyyədə təhsil alması dövlət siyasətinin prioritetlərindən birinə çevrilib.
Azərbaycan Dillər Universiteti (ADU) bakalavr pilləsində təhsil (pedaqoji), filologiya, dil və ədəbiyyat müəllimliyi, tərcümə, jurnalistika, regionşünaslıq və beynəlxalq münasibətlər ixtisasları üzrə mütəxəssis hazırlayan ölkənin qabaqcıl universitetlərindən biridir. ADU bakalavriatura, magistratura və doktorantura səviyyələri üzrə tədqiqat, qabaqcıl təlim və ixtisaslaşmış təhsil proqramlarını təklif edir. 2023-cü ilin statistik məlumatlarına görə, ADU-da təhsilalanlar hazırda 6722 bakalavriat, 584 magistrant və 120 doktorantdan ibarətdir. Bütün fakültələr üzrə universitetdə 800-dən çox müəllim/təhsilverən fəaliyyət göstərir.
Universitetdə istedadlı tələbələrə, magistrant və doktorantlara yüksək qiymət verilir və ən qabaqcıl təhsilalanlar müxtəlif proqramlar vasitəsilə karyeralarını qurmağa təşviq olunurlar. Həmçinin, rektor Kamal Abdullanın qərarı ilə 2017-ci ildən təşkil olunan “Bir günlük xəlifə” layihəsi (tələbələrin universitetdə rəhbər vəzifə tutmaları) çərçivəsində təhsilalanların idarəetmə prosesində iştirakına imkanlar yaradılır. Onlar bir gün ərzində universitetdə tədris prosesi, inzibati və sair işlərlə bağlı qərarlar qəbul edir, bir sıra yeniliklər həyata keçirirlər.
ADU-da mütəmadi olaraq tanınmış yerli və beynəlxalq elm və ictimai xadimləri, universitetin uğurlu və fəxri məzunları, dilşünas və ədəbiyyatşünas, həmçinin diplomat və səfirlərlə (səfir saatı) görüşlər təşkil olunur. Təbii ki, bu istiqamətdə görülən işlər, müəssisələrarası qurulan əlaqələr tələbələrin gələcək karyera inkişafına müsbət təsir göstərməkdədir.
Savadlı gənclərin, yüksək intellektə sahib olan abituriyentlərin universitetimizə marağını artırmaq, mövcud olan ixtisaslarla tanış etmək məqsədilə orta məktəblərlə əlaqələr genişləndirilir, müxtəlif tədbirlər həyata keçirilir.
İstinadlar/H-indeks. Elsevier-in tərkib hissəsi olan Scopus-un məlumatlarından istifadə edilərək universitetin professor- müəllim heyətinin son beş il ərzində elmi- tədqiqat işlərinə, məqalələrinə olunan istinadların ümumi sayı universitetin reytinqdəki mümkün xalının 20%-ni təşkil edir.
Humanitar elmlərin digərlərinə nisbətən elmi-metrikasının (ölçülməsi) çətinliklə əldə edilməsini nəzərə alsaq, göstərilən faiz böyük uğur kimi hesab oluna bilər. İngilis dili beynəlmiləl dil olduğuna görə sitatlar məhz bu dildə daha çox oxucu kütlə qazanır. Təsadüfi deyildir ki, ADU-nun “Strateji İnkişaf Planın”dakı SWOT analizində güclü tərəflərdən biri də xarici dilin sıx əməkdaşlığa imkan verməsi və dilyönümlü ixtisasların olmasıdır.
Son uğurlu addımlardan biri Universitetin Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin metodiki dəstəyi ilə “Google Akademiya”da, beynəlxalq nüfuzlu məlumat bazalarında alim və tədqiqatçıların akademik profillərı yaradılır və bu platformada elmi istinadların, H-indeksinin, İ-10 indeksinin monitorinqi keçirilir. Elmi istinadların artması,elmi məqalələrin tərtibi qaydaları və onların impakt-faktorlu jurnallarda nəşrinin təşviq olunması məqsədi ilə mütəmadi maarifləndirici tədbirlər, elmi seminarlar keçirilir.
Azərbaycan Dillər Universitetində “ADU-nun Elmi Xəbərləri”, “Dil və ədəbiyyat” jurnalları çap olunur. Universitet əməkdaşları “JSTOR” və “EBSCO” kimi beynəlxalq məlumat bazalarından yararlanmaq imkanlarına malikdirlər.
2023-cü il üçün fəaliyyət planına əsasən ADU-nun akademik heyətin elmi tədqiqatlarının beynəlxalq elmi platformalarda daha yüksək indeksləşdirilməsinə nail olmaqdır. Bununla bərabər akademik dürüstlüyü qorumaqla sərbəst (açıq) istifadəni təşviq edən siyasət və strategiyaları irəli sürülür. Xarici və ortaq imkanlardan maksimum dərəcədə istifadə edərək, elmi məlumat kolleksiyalarının rəqəmsallaşdırılmasının sürətləndirilməsi də hədəflərimizdəndir.
Beynəlxalq elmi əməkdaşlıq. Qiymətləndirmədə digər 10% ali təhsil müəssisəsinin çoxşaxəli beynəlxalq əlaqələri, əcnəbi tələbələrin və xarici müəllim heyətinin sayına görə ölçülür. Bu göstərici təbii ki, universitetə marağın artmasına səbəb olur.
ADU beynəlxalq təhsil və təlim modellərinə əsaslanan, geniş tərəfdaşlıq imkanları ilə bənzərsiz proqramlar təqdim edən bilik ocağıdır. ADU Türkiyə, ABŞ, Böyük Britaniya, Fransa və digər Avropa institutlarının ali təhsil müəssisələri, həmçinin YUNESKO-nun tərkibində fəaliyyət göstərən tərcümə şöbəsi ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq sayəsində son illər ərzində tələbə müdabiləsi intensivləşmişdir. ADU dünyanın müxtəlif universitetləri ilə akademik əməkdaşlıq münasibətləri proqramlarını mütəmadi olaraq nəzərdən keçirməyə, tədris və təlim metodologiyasını təkmilləşdirməyə, mübadilə proqramları və ikili diplom layihələri (Erasmus+ mübadilə proqramı, Mövlana mübadilə proqramı, ABŞ layihələri, Esseks Universiteti, Oslo Universiteti ilə və s. ikili diplom) vasitəsilə akademik heyətin və tələbələrin beynəlmiləlləşməsinə şərait yaradır. Ümumilikdə, universitetimizin xarici əlaqələri çoxşaxəlidir. Hazırda ADU-da 20 dən çox ölkənin (İspan, İtalyan, Amerikan, Fransız oxu zalı, Skandinav, Türkiyə, Macar, Rumın, Koreya, Serb, Avstriya, Germanistika, Çin, Alman oxu zalı, Frankofoniya, Yapon, Yunan, Hind, İndoneziya, İsrail, Pakistan) dil və mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Mərkəzlər Azərbaycan və müvafiq ölkələr arasında elm, təhsil və mədəniyyət sahələrində əlaqələrin möhkəmləndirilməsinə və inkişafına xidmət edir. Mərkəzlərdə həm yerli, həm xarici mütəxəssislər çalışır, onlar həmçinin, müvafiq dilləri tədris edir, “dəyirmi masa” və debatlar təşkil edirlər.
Nüfuzlu dövlət universitetlərindən biri olaraq, Azərbaycan Dillər Universiteti bir çox daxili imkanlara malikdir. Bu baxımdan, ADU-nun əsas missiyası dünya standartlarına uyğun uzunömürlü, fasiləsiz təhsil əldə etmiş yüksək səviyyəli peşəkar dil mütəxəssisləri və digər ixtisaslara yiyələnmiş kadrlar yetişdirmək, eləcə də universitetimizi ölkəmizdə və dünya arenasında layiqincə təmsil etməkdir.
ADU-nun Strateji inkişaf planında qeyd olunan dəyərlərimiz aşağıdakılardır:
* İnteqrasiya: Tədrisin keyfiyyətini artırmaq və beynəlxalq təcrübədən yararlanmaq məqsədilə xarici universitetlərlə əlaqələri genişləndirmək, dünya universitetləri ilə ikili və çoxtərəfli layihələrə qoşulmaq, akademik mobilliyə imkan yaratmaq.
* Global biliklər: Dünyada mövcud olan elmi, nəzəri və fundamental bilik bazalarından akademik etikaya riayət etməklə və müəllif hüquqlarını qorumaq şərtilə faydalanmaq.
* Müasirlik: Müasir cəmiyyətin ehtiyac və tələbatına uyğunlaşdırmaq məqsədilə tədris prosesini innovasiyalarla zənginləşdirmək, informasiya texnologiyalarından geniş istifadə etmək, mediada baş verən yeniliklərdən xəbərdar olmaq və informasiya savadlılığını artırmaq.
* Yaradıcılıq: Tənqidi təfəkkür, tənqidi düşüncə və müstəqil fəaliyyəti qiymətləndirimək.
* Çeviklik: Şəraitə uyğun olaraq müxtəlif metod və üsullardan istifadə etmək, yaranmış problemləri dərhal aradan qaldıraraq təhsilin davamlılığını qorumaq və inkişaf etdirmək.
* Multikulturalizm: Azərbaycan xalqının həyat tərzi olan mulikultural dəyərlərin beynəlxalq əlaqələrdə geniş təbliğ edilməsilə bağlı dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək.
Günümüzdə iş mühitinin tələblərinə uyğun olaraq təhsil sistemində yenilik hesab olunan digər bir tendensiya hibrid kadrların (iki və daha artıq sahədə ixtisaslaşmış) yetişdirilməsidir. Yeni yanaşmalar xarici dillərin tədrisinin bu sahədə tətbiqini zəruri edir. Universitetimizdə tədris olunan xarici dil müəllimliyi, dilşünaslıq, tərcüməçilik və s. ixtisaslar günümüzün və gələcəyin peşəkar kadrlarının yetişdirilməsində əsas faktorlardan birinə çevrilib. Əminliklə qeyd edə bilərik ki, sadalanan ixtisasların inkişafı istər bakalavriatura, istərsə də magistratura pilləsində öz aktuallığını itirmədən, mütəxəssislərin təfəkkürünün geniş imkanlarını üzə çıxararaq işsizlik riskinin qarşısının alınmasında mühüm rol oynayacaq. Ölkəmizin vətəndaşlarının əksəriyyətinin yeniliklərə açıq düşüncə tərzi, sürətlə inkişaf etməyə meyilli olmasını nəzərə alaraq Azərbaycanda təhsil sisteminin modernləşdirilməsi universitetlərin dil baxımından təkmilləşməsi təşəbbüsləri və paralel olaraq müvafiq ictimai təbliğatların aparılması fonunda qısa müddətdə və uğurla həyata keçirilə bilər. Azərbaycan Dillər Universiteti olaraq biz də üzərimizə düşən məsuliyyəti anlayaraq əlimizdən gələni etməyə çalışırıq. QS (World University Rankings) reytinqində universitetimizin yer alması dünya gənclərinə arzuladığı universitet seçimində köməklik göstərəcək, eyni zamanda universitet haqqında - ətraflı şəkildə tədrisin keyfiyyəti, tələbə həyatı, karyera inkişafı, tədqiqat sahələri və s. haqqında məlumatları Azerbaijan University of Languages: Rankings, Fees & Courses Details | Top Universities saytından əldə edə biləcəklər.
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edildiyi bir dövrdə və “Elm Günü” ərəfəsində belə bir nailiyyətin olması həm məsuliyyətimizi artırır, həm də yeni uğurlar qazanmağa sövq edir.
Sevinc ZEYNALOVA,
ADU-nun Tədris məsələləri üzrə prorektoru, filologiya elmləri doktoru, professor