Azərbaycanda tədqiqatçıların sayı hər keçən il azalır. Bunu Dövlət Statistika Komitəsinin məlumatları sübut edir. Komitənin yaydığı rəqəmlərə əsasən, Azərbaycanda 2021-ci ildə bir milyon əhaliyə düşən tədqiqatçı sayı 834 nəfər olub. Öncəki illərdə də azalma qeydə alınıb.
Dövlət Komitəsinin əvvəlki illəri əhatə edən statistikasına diqqət edək:
2018-ci il - 956 nəfər;
2019-cu il - 871 nəfər;
2020-ci il - 849 nəfər.
Ölkəmizin elm sahəsindəki problemi yalnız tədqiqatçıların sayının az olması deyil. Tədqiqatçıların nüfuzu onların əsərlərinə, məqalələrinə edilən istinadların sayı ilə ölçülür. Bununla əlaqədar dünyada müxtəlif bazalar mövcuddur. Məsələn, “Scopus” və “Web of Science” bazalarındakı nəşrlər və onlara istinadlar bir ölkədə elmin əsas göstəricilərindən sayılır.
Beynəlxalq reytinq təşkilatları universitetlərin beynəlxalq reytinqlərini hesablayarkən əsas götürdükləri meyarlardan biri də bu sistemdəki nəşrlər və onlara istinadlardır. Dünyanın ən məşhur elmi-tədqiqat jurnallarında azərbaycanlı alimlərin adları çox az görünür.
Bəs Azərbaycanın elm sahəsindəki problemlərin kökündə nə dayanır?
Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov bildirib ki, keyfiyyət nöqteyi-nəzərdən Azərbaycanda alim yox dərəcəsindədir:
“Akademik və professorlarımız yox dərəcəsindədir. Hansı biri özünü alim kimi aparır? Onlar dövlətə də, millətə də heç bir faydası olmayan alimlərdir. Yəni alimlərin çox olmasının mənası yoxdur. Mövcud üsulla, ənənə ilə yetişən alimlərin cəmiyyətimiz və dövlətimiz üçün xeyri yoxdur”.
Professorun fikrincə, hazırda alimlərin əksəriyyəti ancaq cəmiyyətə və dövlətə ziyan vurur.
“Məsələn, bu yaxınlarda dissertasiya müdafiə edib, bütün mərhələlərdən keçmiş 412 nəfərin işinə imtina verilib. Bu, xalqı ələ salmaq, dövləti saymamaq, özbaşına hərəkət etməkdir. 412 nəfərə imtina verilib. Bəs yaxşı, burada məsuliyyət daşıyan heç bir elmi rəhbər, heç bir opponent yoxdurmu?
Elmlər doktoruna opponentlik edən şəxsə 814 manat birdəfəlik pul verilir. Elmlər doktorunun hər birinin dörd opponenti olur. Belə olan halda 412 nəfərin işindən imtina dövlətə ən azı bir milyon manat zərər deməkdir. Bu milyon manatı dövlət elmi müəssisəyə alim yetişdirməsi üçün ayırmışdı. Bəs elmi müəssisə niyə cəzalandırılmır? Buna baxan Elmi Şura, elmi rəhbər və ayrılan pulları yeyən opponentlər var. Belə çıxır ki, dövlətdən pulu alıb, sonra saymazyana deyirlər ki, biz istədiyimiz kimi edib, ziyanımızı vuracağıq. Deyirlər ki, daxildən ölkəni inkişaf etməyə qoymayacağıq, sizi aldadacağıq. Ən böyük ziyan alimlərdən gəlir”, - deyə o vurğulayıb.
Professor qeyd edib ki, dünyanın hər bir inkişaf etmiş ölkəsi alim təbəqəsi ilə irəliləyib, alim təbəqəsi olmayan dövlət batıb:
“İnkişaf etmiş ölkələrin alim və ziyalı təbəqəsi ilə bizimkiləri müqayisə edin. Bizimkilər pul oğurlayıb, dövlətə kələk gəlirlər. 412 nəfərdən imtina olunur. Bir elmi rəhbərin səsi çıxmır. Elmi rəhbər həmin adama köməyinə görə yenə də pul alır. Get, müdafiə elə, de ki, siz düzgün qərar verməmisiniz. Gözükölgəli olduğuna görə bunu etmir. O dissertasiyanı orta məktəb imlalarını montaj edib veriblər. Pulu burdan alıblar, sonra digər instansiyada Ali Attestasiya Komissiyasında şəbəkəyə müəyyən məbləğ ödəyib, diplomlarını alıblar. Həqiqətən, dövlətə canı yanan oğlanlar və qızlar varsa, kömək etsinlər, kitabxanalarda yatan dissertasiyaları araşdıraq, hər şey gün kimi aydın olacaq. Bizə akademizmdən nə qədər xəyanət edilir”.
İ.Abbasov xaricdə yazılan elmi məqalələrdə azərbaycanlı alimlərə istinadın yox dərəcəsində olduğunu söyləyib:
“Xaricdə yazılan məqalələrdə azərbaycanlı alimlərə istinad yox dərəcəsindədir. Çünki elm birinci ölkə daxilində inkişaf edir. Ölkə daxilində sənin nəşr etdiyin jurnallarda keyfiyyət yoxdursa, xaricə pul daşımağın faydası yoxdur. Xaricdə müəyyən şirkətlər, hüquqi və fiziki şəxslər fəaliyyət göstərirlər. Öz iqamətgahını Almaniyada, İspaniyada, Fransada qururlar. Bu da çox gözəl səslənir, ekzotika yaradır. Orada elan edirlər ki, “bu jurnal filan-filan xülasələndirmə və indekslərə malikdir, məqalə göndərin”.
Bizim kimi üçüncü dünya ölkələri, eyni zamanda, Afrika və Orta Asiya ölkələrində elmin inkişafının aşağı olması və maliyyə maxinasiyalarının baş verməsi səbəbindən onlar aldanırlar. Daxili auditoriyanı aldatmaq üçün həmin məcmuələrə məqalə verirlər. Həmin ölkələrin jurnal təsisatçıları isə bizə gülürlər. Deyirlər ki, “bu avamlardan, bədbəxtlərdən pul qoparırıq, bunlar da elə bilirlər ki, alimdirlər”. Yəni onlara bizim yazımız yox, pulumuz lazımdır. Nyu-York Akademiyasının üzvü olan alimlər var. Azərbaycanın pulunu ora tökürlər. Səni, məni aldadırlar. Akademik kimi sən nə etmisən, hansı uğurlara imza atmısan. Sənin hansısa fəaliyyətin xalqın ən azı mənəvi vəziyyətinin yaxşılaşmasına töhfə veribmi? Əlbəttə, yox. Alimimiz içdən yeyir, dağıdır. Bu ənənə davam edir. Ciddi müdaxilə olmur”.